Print Friendly, PDF & Email

 

 

 

 

 

Əfqan Muxtarlının həbsinə və qohumlarının ölümünə görə hakimiyyət məsuliyyət daşıyır…

Tbilisidə oğurlanıb Bakıya gətirilərək həbs olunan araşdırmaçı- jurnalist Efqan Muxtarlinın ailə üzvlərinin dəfn və hüzr məclisində iştirakına imkan verilmədi. Hakimiyyətin bu addımı təkcə qanunsuzluq deyil, həm də aşırı nifrətin və qisasçılığın bariz nümunəsidir.

Çünki Azərbaycan dövlətinin rəsmən qoşulduğu “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya, eləcə də “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna və bu qanuna uyğun olaraq digər qanunvericilik aktlarına görə həbs yerində saxlanan şəxsin ailə üzvünün və yaxın qohumunun dəfn və hüzr məclisində nəzarət altında iştirakına imkan verilir. Azərbaycan praktikasında da belə hallar dəfələrlə olub. Amma qanunun yaratdığı bu imkan və təcrübə Əfqan Muxtarlıya şamil olunmadı. Bilirsinizmi niyə? Çünki Əfqan bəy hakim ailənin qanunsuz biznes şəbəkəsini ifşa edərək birbaşa onların qəzəbinə tuş gəlib.

Əfqan Muxtarlının bacısı Nuranə xanım və 2 az yaşlı qohumunun dəm qazından zəhərlənərək öldüyü bildirilir. Əfqan bəyin oğurlanaraq həbs edilməsində olduğu kimi onun qohumlarının da ölümündə hakimiyyət məsuliyyət daşıyır. Çünki son illər tam emal olunmadığına və tərkibində zəhərli qatqılar olduğuna görə mavi yanacaqdan dünyasının dəyişənlərin sayı- hesabı yoxdur. Maraqlıdır, görəsən nədən neft- qazın satışından milyardlar əldə edənlər dəm qazı nəticəsində kütləvi insan ölümünün qarşısını almaq üçün təsirli tədbirlər görmürlər?

Efqan Muxtarlinın qohumlarının ölümü ilə bağlı Zaqatala prokurorluğunda cinayət işi açıldığı bildirilir. Amma mən əminəm ki, həbsxanada müəmmalı şəkildə həyatına son qoyulan siyasi məhbus Mehman Qelenderovla bağlı açılmış cinayət işində olduğu kimi bu iş də nəticəsiz olacaq. Çünki hüquq- mühafizə orqanlarının belə cinayətlərin açılması və cavabdehlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı mövqeləri və iradələri yoxdur.

Bir daha hakimiyyətin oğurluq və səriştəsiz əməllərini pisləyir, Əfqan bəyin vəfat etmiş qohumlarına Allahdan rəhmət, özünə isə səbr arzulayırıq!

Hefteaz.info