Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“SMMM üzvü kimi həmkarım, çox hörmət etdiyim Eldəniz bəy Quliyev SMMM-in 06.10.2018-ci il tarixli toplantısı barədə, vəzifə səlahiyyətinə aid olmasa da, facebook profilində məlumat yayıb və burada SMMM-in nüfuzuna ciddi zərbə vuran əsassız informasiya (dezinformasiya) da olduğuna görə həm ümumi məsələyə aydınlıq gətirmək, həm də Eldəniz bəyin yazdıqlarına münasibət bildirmək məcburiyyətindəyəm”

Bu sözləri SMMM-nin üzvü Əlövsət Sadıqlı özünün feysbuk səhifəsində yazıb. Sadıqov əlavə edib ki, “əslində, heç istəməzdim, ancaq məsələ qeyri-düzgün istiqamətdə ictimailəşib, verəsi olduğu ziyanı artıq verib və mən münasibət bildirməyə məcburam”.

Öncə Eldəniz bəyə xitabən bildirim ki, Eldaniz bəy, SMMM adından yaydığınız bu informasiyada gündəliyə daxil edilən məsələlər barədə məlumatınız doğrudur, baxmayaraq ki, koordinator olmadığınız üçün bu məlumatı yaymaq səlahiyyətiniz yox idi və yoxdur! Bunu qoyaq bir tərəfə, amma hansı məcburiyyətdənsə yaymaq zorundaydınızsa, gərək idi ki, heç olmasa, qəbul olunan qərarların hamısı barədə doğru olanı yazaydınız.

Təəssüflə bildirirəm ki, “Avropa işi” ilə əlaqəli hissədə əsası olmayan informasiya (dezinformasiya) yaymısınız: bunu yolverilməz hesab edirəm və etirazımı bildirirəm!

Dezinformasiya ondan ibarətdir ki, güya, “Avropa işi” nin etibarsız hesab edilməsi (geri qaytarılması ifadəsi ilə) qərar qəbul etmişik. Bu doğru deyil və xüsusilə də rəyinizdə mənim də iştirakımı qeyd edərək bunu yazmanıza qəti etirazımı bildirirəm!

Rəyinizdə yazırsınız ki, “Qәrarın qәbulunda Elşәn Hәsәnov,Taleh Xasmmәmәdov, Hilal Mәmmәdov, Әlövsәt Әhәdoğlu Sadıqlı, Oqtay Gülalıyev, Eldәniz Quliyev, Zәfәr Әhmәdov, Leyla Yunus(votsappla), elcә dә (Hacı Rövşәn Әhmәdli ötәn iclasda mövqeyini aydın şәkildә bildirmişdi) iştirak ediblәr.”

Eldəniz bəy, “Avropa işi”nin geri qaytarılması barədə səsvermə keçirilmədiyi halda, Sizin belə bir dezinformasiya yaymanız qəbul edilən deyil və artıq SMMM-də çatların yaranmasına səbəb oldu və belə bir durumun kimlərin mənafeyinə uyğun olduğu heç birimizə sirr deyil! Odur ki, məsləhət görərdim ki, nə qədər ki gec deyil, doğru olanı etiraf edin, SMMM-in nüfuzunu şübhə altına alan mövqedən çəkinin…

İndi isə əlimi ürəyimin üstünə qoyub, vicdanımla baş-başa qalaraq doğru olanları və olanlara münasibət bildirməyi vacib hesab edirəm:

1) Əvvəla bildirim ki, Leyla Yunusla o toplantıda nə WhatsApp-la, nə də hər hansı vasitə ilə əlaqə saxlanmayıb. Həmçinin “Hacı Rövşәn Әhmәdli ötәn iclasda mövqeyini aydın şәkildә bildirmişdi” nə deməkdir və hətta Rövşən bəy haqqında yürütdüyünüz fikir doğru olsa belə, halbuki əmin deyiləm, 06.10.2018-ci il tarixli toplantıya bunun nə aidiyyəti var, onu anlamaq çətindir və izah etsəydiniz məmnun olardım.

Və ya Elşən Həsənov toplantının əvvəlində bildirdi ki, güya ki, Leyla Yunus onun adından fikir bildirmək və səs vermək hüququnu Elşən Həsənova verib – baxmayaraq ki, heç bir yerdə belə bir hüquqi norma yoxdur, amma Siz də iddia edirsiniz ki, Leyla Yunusla WhatsApp əlaqəsi yaradılıb: sizi bu yalan-dolan labirintinə düşməyə vadar edən səbəb nədir – izah edərmisiniz?

2) İkincisi, toplantının başlanma anında “Yoldaşlar məsləhət bildilər ki, hamıdan yaşlı olduğum üçün bu iclası mən aparım” deməniz və iclası aparmağa cəhd etməniz əvvəlcədən qruplaşma yaratdığınızdan açıq-aydın xəbər verirdi və bir növ 1991-ci il avqustun 19-da SSRİ-nin vitse-prezidenti Yanayevin rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradılmasına bənzədi – xəbəriniz olsun… üstəlik masanın başındakı yeri axıradək tərk etməməniz(?)… Məgər toplantıları təyin etmək, aparmaq və SMMM-in sözçüsü səlahiyyəti verilmiş koordinator Oqtay Gülalıyev toplantıda yox idi ki, kimsə başqasının toplantını aparmasına ehtiyac yaransın? Bunu etik sayırsınızmı və bu cəhd nə ilə (və ya nansı öhdəliklə) bağlı idi – bunu da izah etsəydiniz, məmnun olardım?!

3) Üç saatlıq toplantının iki saatdan daha çox vaxtı “Avropa işi”nin iki məsələsi barədə müzakirəyə həsr olundu. Birinci məsələ siyasi mühacir Əli Həsənəliyevlə bağlı məlumatın, “Hesabat”ın orijinanında olduğu halda, almancaya tərcüməsində əksini tapmaması idi və həmin məsələyə aydınlıq gətirilərək bildirildi ki, bu, texniki yanlışlıqdır və qərara alındı ki, bu çatışmazlıq təcili aradan qaldırılsın.
İkinci və sizlərin ətrafında subyektiv əsaslarla qalmaqal yaratdığınız məsələ 5 il həbs cəzasına məhkum edilmiş məhbus Rinat Əliyevlə bağlıdır və iddia edirsiniz ki, bu adamın adı “Avropa işi”ndən çıxarılmalıdır. Niyə? Ən “tutarlı” arqumentiniz ondan ibarətdir ki, onun qardaşı Riyad Əliyev dələduzdur, tərbiyəsizdir və Avropada oturub Azərbaycan iqtidarı ilə bərabər, müxalifət düşərgəsinin aparıcı simalarını da söyür, həmçinin şəxsən Eldəniz Quliyevi də söyür. Həmçinin Riyad Əliyevin Elşad Abdullayevlə iş birliyini arqument kimi irəli sürürsünüz. Digər arqumentiniz isə, güya ki, ““Avropa işi” Hesabatının ictimaiyyətin böyük bir hissəsi tərəfindən narazılıqla qarşılanması” ilə bağlayırsınız.
Elə sonuncudan başlayaq! Kimdir o “ictimaiyyətin böyük bir hissəsi”? Göstərə bilmirsiniz və bilmədiniz! Niyə? Çünki “ictimaiyyətin böyük bir hissəsi” dediyiniz kəsim yoxdur! Riyad Əliyevlə şəxsi intriqası olan 1-2 nəfərdən, ölkədə bir internet TV-nin aparıcısından savayı kimisə göstərə bilmirsiniz! Belə olmaz axı! Məgər biz SMMM-in fəaliyyətini, qəbul etdiyimiz qərarları kimlərinsə intriqalarının mənafeyinə uyğunlaşdırmalıyıq?

İkincisi, “Riyad Əliyev tərbiyəsizdir, hamımızı söyür, Eldəniz Quliyevi də söyür, Elşad Abdullayevlə iş birliyindədir, hər ikisi dələduzdur və s”! Bəli, bu halları mən də qınayıram, pisləyirəm və hesab edirəm ki, heç bir halda arvad-uşağı, əhli-əyalı hədəf seçmək olmaz, kişinin kişi ilə söyüşlə danışması mentalitetimizə yaddır, mən də pisləyirəm, şiddətlə qınayıram və ikrah edirəm belələrindən! Amma bütün bu hallarla bərabər gəlin məsələyə hüquq və ədalət prizmasından baxaq, Eldəniz bəy. Axı mən Sizə toplantıda da dedim ki, Sizə qarşı hörmətsizlik, təhqiri şəxsən mənə də qarşı edilmiş sayıram. Niyə? Çünki biz bir camiənin, bir təşkilatın üzvləriyik, hədəfimiz, məqsədimiz eynidir və bu mənada bir ailənin üzvləriyik də demək olar! Amma biz bizə qarşı olan tərbiyəsizliyə görə SMMM-in imkanlarından qisasçılıq məqsədilə istifadəmi etməliyik? Axı biz özümüzü demokratik prinsiplərə əsaslanan vətəndaş cəmiyyəti, hüququn aliliyi təmin olunmuş bir dövlətin qurulması yolunda fədailər hesab edirik və bütün məhrumiyyətlərə də məhz bunun üçün qatlaşırıq! Deyək ki, Avropada mühacir həyatı yaşayan Riyad Əliyev hakimiyyəti vulqar ifadələrlə təhqir edir, hakimiyyət də ona əli çatmadığı üçün və qisas almaq məqsədilə buradakı qardaşı Rinat Əliyevi əsassız ittihamlarla şərləyib 5 il həbs verir. Həmçinin Riyad Əliyev bizi də söyür və biz də SMMM-in imkanından istifadə edərək, ondan qisas almaq məqsədilə, şərlənib həbs edilmiş qardaşı Rinat Əliyevin hüquqlarını müdafiə etməməliyikmi? Onda iqtidarla bizim fərqimiz nə?

Əslinə baxanda biz Rinat Əliyevin siyasi məhbuslar siyahısına salınması məsələsinə baxmalı olduğumuz halda, necə olur ki, onun adının hətta mühacirlərin Azərbaycanda yaşayan və repressiyaya məruz qalmış yaxın qohumları siyahısına salınmasına etiraz edirik?! Axı SMMM-in iki üzvü məhz Rinat Əliyevin məhkəmə prosesini monitorinq etmiş, lazım olan hüquqi sənədləri toplamış, əlaqəli olan insanların rəy və mövqelərini öyrənmiş və bu qənaətə gəlmişlər ki, Rinat Əliyev məhz Avropada mühacir həyatı yaşayan qardaşı Riyad Əliyevdən qisas alınması məqsədilə, siyasi sifariş əsasında həbs edilərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və məhz buna görə də adı “Avropa işi” Hesabatına salınmışdır! Monitorinq aparan SMMM üzvləri ortalığa əsaslı dəlil-sübutlar qoyur, sizsə şəxsi ədavətə və şayiələrə əsaslanan arqumentlərdən başqa ortalığa heç nə qoya bilmirsiniz! İndi nə deyirsiniz, istəyirsiniz ki, SMMM qanunun aliliyi və ədalətlilik prinsiplərini kənara qoyub dostbazlıqla məşğul olsun və Sizin ambisiyanızı təmin etsin?

Belə olmaz, Eldəniz bəy! Bir az ədalətli olun…

4) Başqa bir nüansa diqqəti çəkmək istəyirəm: Necə olur ki, “Avropa işi” Hesabatı hazırlanır, 6 ay əvvəl hər bir SMMM üzvünün müəyyən fasilə ilə 2 dəfə ünvanına göndərilir, əlavə və təkliflər barədə rəy bildirmələri xahiş olunur, heç kim əlavə və təklif verməyə lüzum görmür, məsələ SMMM-də müzakirə və bəh-bəhlə qəbul olunur, Avropadakı bəzi mühacirlərə hesabatın təqdimatını keçirməyə icazə verilir, həmçinin almancaya tərcümə etmələrinə və ingilis və almanca variantlarının müvafiq Avropa strukturlarına təqdim etmə yetkisi verilir, bu istiqamətdə işlər görülür və bu 6 ayda “Avropa işi” Hesabatı barədə heç bir narahatlıq müşahidə edilmir, amma Eldəniz bəyin bir aylıq Avropa səfərindən sonra və məhz ölkəyə qayıdan kimi Avropada və Azərbaycanda cəmi 4-5 nəhər “Avropa işi” Hesabatı barədə “həyəcan təbili” çalmağa başlayır və bunun ictimaiyyətin narazılığı kimi təqdim olunmasına cəhdlər edilir?!
Məncə, bu nüansın da araşdırılmasına ehtiyac olacaq…!

5) Ən əsası və sonuncusu. Statusunuzda iddia edirsiniz ki, güya, toplantıda “Avropa işi” Hesabatının geri qaytarılması barədə qərar qəbul edilib. Həm də bunu elə təqdim edirsiniz ki, güya, hesabat etibarsız hesab edilib və yenidən işlənməsi nəzərdə tutulur(?). Bu barədə heç bir səsvermə keçirilmədiyi halda, bu ağ yalanı özünüzə necə rəva bildiniz? Çox təəssüf…!

İndi bu “geri qaytarma” ifadəsinin haradan qaynaqlanığını açıqlayım: İclas qurtardı, iclasın sədri çıxdı və digərlərimiz də çıxmaq istərkən bir anlıq dayanmağımızı xahiş etdiniz, dayandıq, Hilal bəy soruşdu ki, “bəylər, ictimaiyyət toplantı keçirdiyimizdən xəbərdardır və yəqin ki, SMMM-dən bir açıqlama gözləyəcək, nə məlumat verəcəyik? Dedik ki, necə olmalıdır ki, müzakirə olunan məsələlər və qərarlar barədə olduğu kimi məlumat yayılmalıdır. Hilal bəy soruşdu ki, bəs Rinat Əliyev barədə necə məlumat yayılacaq? Şəxsən mən cavab verdim və bildirdim ki, onu da necə olubsa, eləcə də məlumat vermək lazımdır: yəni ki, o məsələ barədə qərar qəbul olunmadı və növbəti toplantıyadək qərar qəbul edilməsi təxirə salındı. Hilal bəy soruşdu ki, cümləni “bu məsələ barədə qərar qəbul olumadan geri qaytarıldı” formasında yazsaq necə olar. Hesab etdim ki, söz oyununa getməyə ehtiyac yoxdur, məzmun eynidir və etiraz etmədim.

Yazdıqlarımda bir yanlışlıq varsa, iştirakçılardan xahiş edirəm ki, iradlarını bildirsinlər…

İndi Eldəniz bəyin statusundan belə məlim olur ki, həmin “geri qaytarılma” ifadəsindən sui-istifadə olunub və bu ifadədən “Avropa işi” Hesabatının bütövlükdə geri qaytarılması mənasında istifadə edilib! Çox təəssüf! Səmimiyyətinə inandığım adamların bu cür ciddi təhrifə yol verdiklərindən təəssüf edirəm…!

Eldəniz bəy və həmin dezinformasiyanın yayılmasında maraqlı olan digər SMMM üzvləri! Sonda bir nüansı diqqətinizə çatdırım ki, iclas qurtarandan sonra 2-3 dəqiqəlik söhbət etmiş biz 6 nəfərin hətta 6-sı da verdiyiniz dezinformasiyaya uyğun rəyə gəlmiş olsaydıq belə, yenə də hüquqi əsası ola bilməzdi. Niyə? Çünki 12 nəfərin qərar qəbul etmək üçün yetərsayı, ən azı, 7 nəfər edir…bunu da bilmənizi istəyirəm!!!

Elə buradan SMMM üzvlərinə səslənirəm: çox tezliklə və hamılıqla toplaşmağa, SMMM-in nüfuzuna dəyən ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülməsinə ehtiyac var…

Məsələ ilə bağlı Eldəniz Quliyev heç bir fikir bildirməyib.