Print Friendly, PDF & Email

 

 

 

 

Gültəkin Hacıbəyli AŞPA sanksiyasına necə tuş gəldi?

Gültəkin Hacıbəyli Facebokk səhifəsində AŞPA-in ədalətsiz qərarına münasibətini bildirirdi:

Dostlar, AŞPA-da baş verənlər bir dövlət, bir hakimiyyət adına rüsvayçılıqdır. Bir ölkənin nümayəndə heyəti belə bir əməli-faktiki dələduzluğu özünə yaraşdırırsa, yazıqlar olsun o dövlətə də, onu guya təmsil edənlərə də! Keçək detallara. AŞPA il yarım bundan öncə korrupsiya ilə bağlı araşdırma başladıb. Araşdırmanın predmeti Azərbaycan hakimiyyətinin 2013-ci ilin 26 yanvar tarixində AŞPA-da müzakirəyə çıxarılan “Azərbaycanda siyasi məhbuslar” adlı qətnamənin qəbulunu əngəlləmək məqsədilə avropalı deputatlara rüşvət paylaması olub. Bu prosesin aktiv icraçıları nümayəndə heyətinin iki keçmiş üzvü- Elxan Süleymanov və Müslüm Məmmədovdur, rüşvəti avropalı deputatlara onlar paylayıb, AŞPA üzvlərinin Azərbaycana səfərini onlar təşkil edib, qurumun keçmiş üzvü, İtaliya nümayəndə heyətinin rəhbəri Luka Volontenin bank hesablarına rüşvəti onlar köçürüblər. Təbii ki, Azərbaycan hakimiyyətinin birbaşa tapşırığı ilə. Araşdırma nəticəsində heç nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı ciddi sanksiya tətbiq edilməyib, o AŞPA-nın vitse- prezidenti seçilib. Bu gün isə bəlli olub ki, Elxan Süleymanov və Müslüm Məmmədovla birlikdə sanksiya siyahısına mən düşmüşəm)))). Bundan absurd qərar təsəvvür etmirəm və yəqin ki, AŞPA-nın bu qərarı onun kürü sevgisindən hələ qurtula bilməməsinin nəticəsidir. Görəsən mən hansı suç sahibiyəm ki, Səməd Seyidovun günahını sübuta yetirə bilməyənlər mənə qarşı sanksiya tətbiq edirlər-mənim AŞPA binasına girməyimi yasaqlayırlar?! Öncə onu deyim ki, mənim 2010-cu ildən sonra AŞPA ilə heç bir əlaqəm olmayıb. AŞPA-da rüşvət qalmaqalı 2013-də olub və konkret iki şəxslə -Süleymanov və Məmmədovla bağlıdır. Mən bu insanların üzünü görməmişəm, onlar məndən sonra parlamentə gəliblər, bu işin mənimlə hansı əlaqəsi ola bilər?!

Yox əgər rüşvət söhbətləri 2010-cu ilədək olubsa, bu işin içində nümayəndə heyətinin rəhbəri olmadığı halda, sıravi üzv kimi mən necə ola bilərdim?!

Axı o vaxtlar bizim Elxan Süleymanov kimi mafiya babamız yox idi. Amma siyasi məhbuslar üzrə məruzəçilər var idi. Bundan əlavə, 2008-ci ilin sonlarından başlayaraq mənim siyasi hakimiyyətlə münasibətlərim çox gərgin olub, onların sifarişlərini yerinə yetirməkdən dəfələrlə imtina etmişəm, haqsızlıqlara etiraz etmişəm və bunu çoxları bilir. Yəni, mən AŞPA-dakı rüşvət söhbətinə aidiyyatı olan ən sonuncu adamam. Əslində, AŞPA məni heç buna görə də cazalandırmayıb. Sanksiyanın səbəbi guya Araşdırma qrupunun mənə suallar ünvanlaması və mənim həmin suallara cavab verməkdən imtina etməyimdir! Təbii ki, mən AŞPA-nın suallarına məmnumiyyətlə cavab verərdim və mənim ictimaiyyət qarşısındakı bu mövzuda sərt və birmənalı çıxışlarım əslində özü bütün suallara cavabdır. ( Linklər şərh bölümündədir). Bu gün AŞPA katibliyinin mənim etiraz məktubuma gördərdiyi ilkin cavabda mənə olan sualların 12 iyun 2018-ci il tarixində(?) Azərbaycan nümayəndə heyətinin katibliyinə(?) gördərildiyi qeyd edilir. Təbii ki, Azərbaycan nümayəndə heyətinin katibliyi dələduzluq edib, sualları mənə göndərmədiyi halda Komitəyə mənim cavab verməkdən imtina etməyim barədə məlumat verib və buna görə cəzalanmalıdır. Amma başqa ciddi suallar da var:

  1. Bütün şahidlər istintaq müddətində- 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralınadək istintaqa cəlb edildiyi, ifadə verdiyi halda, suallar niyə mənə 12 iyun 2018-ci il tarixində göndərilib?! Necə olub ki, mən AŞPA-nın yadına istintaq bitəndən dörd ay sonra düşmüşəm?!
  2. Keçmiş səfir, 2012-ci ildə nümayəndəliyin rəhbəri olan Arif Məmmədova istintaqa dəvət üçün əvvəl 10 oktyabr 2017-ci il tarixində telefon zəngi edilib. Ondan ifadə verməsi xahiş edilib, şifahi razılığı alınandan sonra yazılı dəvət göndərilib və 13 oktyabr 2017-ci il tarixində üç saat ərzində şifahi ifadəsi alınıb. Əcəba, məndən guya imtina cavabı alanlar AŞPA-nın üzvü olduğum vaxtdan dəyişməyən iki telefon nömrəmlə, email ünvanımla əlaqəyə nədən bircə dəfə də olsun cəhd etməyiblər?!
  3. Mənim Azərbaycan müxalifətinin rəhbərliyində təmsil olunduğumu, hökuməti sərt tənqid etdiyimi bilə-bilə niyə mənim cavablandırmalı olduğum suallar birbaşa mənə yox, sərt tənqid etdiyim nümayəndə heyətinin katibliyinə göndərilir?!
  4. 2010-cu ilədək mənimlə birlikdə çalışan nümayəndə heyətinin heç bir üzvü, hətta rüşvət qalmaqalının baş verdiyi 2011-2015-ci illər ərzində nümayəndə heyətinin üzvü olanların heç biri ( Səmədov, Süleymanov, Məmmədov xaric) istintaqa çəlb edilmədiyi halda, ifadə vermədiyi halda AŞPA məni nə məqsədlə sorğulamaq istəyib?!

Əslində, bütün bu sualların cavabını ehtimal edirəm. Yəqin ki, aprel sessiyasında baş verənləri Arif Məmmədovla birlikdə ən sərt şəkildə tənqid etdiyim üçün hakimiyyət bu yolla məni cəzalandırmaq qərarına gəlib. Bunu necə edib?

Axı insanı aidiyyatı olmayan bir işə, özü də istintaq bitəndən bir-neçə ay sonra necə cəlb edə bilərlər?!

Yalnız bir halda-yeni açılan hallar meydana çıxarsa, istintaq təzələnə bilər. Yəqin ki, Səməd Seyidov və ya Asim Mollazadə əvvəllər də olduğu kimi korrupsioner dostlarından birinin, məsələn, Pedro Aqramutun qulağına pıçıldayıb ki, istintaqa mənim də bu məsələlər barədə bilgili olduğum barədə əlavə məlumat versin. İstintaq dar vaxt ərzində məni axtaranda da “dostlar” köməyə gəlib və suallar məndən gizlədilib, əvəzində isə AŞPA-ya cavab vetməkdən imtina etdiyim deyilib. Özü də bunu edənlər AŞPA prosedur qaydalarından, cavab verməkdən imtinanın necə sərt cəzalanacağından məlumatlı şəxslər olub.

Mən təbii ki, Azərbaycan nümayəndə heyətinin bu dələduzluq faktının AŞPA tərəfindən layiqli qiymətini almasına nail olacağam. Artıq ünsiyyət qurduğum şəxslər nə qədər böyük bir rüsvayçılığın baş verdiyinin fərqindədirlər və bu əməlin cəzasız qalmayacağını bildirirlər.

Və sonda. Azərbaycan hakimiyyətini sərt və ardıcıl tənqid etdiyim üçün belə bir dələduzluq faktı ilə, açıq təxribatla qarşılaşmağıma sevinən kəmfürsətlər, mübarizə aparmağa cəsarətləri çatmayıb bunu bacaranların üstünə yaranmış bircə saatlıq fürsətdən belə sevincək olub hakimiyyətdən betər saldıranlar, sizin hakimiyyətdən fərqiniz nə oldu?! Səs-səsə verdiniz də, amma xaric oxudunuz axı. Və hamı içinizi gördü)))).

 

 

 

 

 

 

 

 

Ulduz, Fransa , Paris, 29.07.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com