9 avqust – Beynəlxalq Yerli Xalqlar Günündə BMT ekspertlərinin hesabatı açıqlanıb. Qeyd olunub ki, onların 40 faizi – 2800 dil yox olmaq təhlükəsi altındadır. Ümumilikdə, dünyada yerli xalqların 7 minə yaxın dili mövcuddur.

“Qafqaz Xəbər” qəzeti AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə Beynəlxalq Yerli Xalqlar Günü yerli xalqların dillərinə həsr olunub. Ekspertlər bildirirlər ki, hazırda bir çox yerli xalqların dilləri təhlükə altındadır. Hər iki həftədən bir bu dillərdən biri yox olur və uzun əsrlər boyu əldə edilmiş mədəni irs də məhv olmaq təhlükəsi ilə üzləşir. Yerli xalqlar dünya əhalisinin cəmi 5 faizi qədərdir və onların sayı 370 milyon nəfərə çatır. Planetdə yoxsul insanların da 15 faizi bu xalqların təmsilçiləridir.

Hesabatda qeyd olunub ki, yerli xalqlar 5 min müxtəlif mədəniyyətin və ümumi sayı təxminən 7 minə çatan dünya dillərinin daşıyıcılarıdır. Onlar əcdadlarından miras aldıqları unikal mədəniyyətləri bu gün də yaşadırlar. Yerli xalqların mədəniyyətləri insanın təbiətə münasibətində də özünü göstərir. Mədəni fərqlərə baxmayaraq, onların hamısının qarşısında duran ümdə vəzifə öz tarixi adət-ənənələrini və məişətini yaşatmaqdır. Lakin BMT ekspertlərinin qənaətinə görə, yerli xalqların nümayəndələrindən bir çoxunun hüquqları kobud şəkildə pozulur. Beynəlxalq ictimaiyyət bu problemin mövcudluğunu etiraf edir və özünəməxsusluğunu qoruyub saxlamaqda yerli xalqlara kömək etməyi prioritet vəzifə kimi irəli sürür.

BMT-nin ekspertləri bildirirlər ki, torpaqlarını, təbii ehtiyatlarını itirən və digər problemlərlə üzləşən yerli xalqlar yaşayışlarını, təhsilini və məşğulluğu təmin etmək üçün böyük şəhərlərə üz tuturlar. Onlar, həmçinin iqlim dəyişmələri nəticəsində baş verən münaqişələrdən xilas olmaq məqsədilə başqa dövlətlərə də mühacirət edirlər. Latın Amerikasında yerli xalqların 40 faizi, hətta bəzi ölkələrdə 80 faizi şəhərlərdə yaşayırlar. Onların bir çoxu dövlət xidmətlərindən istifadə edə bilmir və ayrı-seçkiliyə məruz qalır.

BMT-nin Beynəlxalq Yerli Xalqlar Günü avqustun 9-da təşkilatın Nyu-Yorkdakı mərkəzi ofislərində qeyd olunacaq.

 

 

Print Friendly, PDF & Email