Foto:DAS üzvü Aqil Hüseynov

Video: RUHR NACHRICHTEN, OFFICE DORTMUND
Almaniya, Dortmund şəhəri, “Siyasi məbuslara azadlıq”

 

İyunun 28-də “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyasına başladılıb. Bu məqsədlə bir qrup azərbaycanlı mühacir Almaniyanın Dortmund şəhərində yerləşən, tirajlı alman qəzetlərindən hesab edilən “Ruhr Nachrichten” qəzetinin redaksiyası önündə aksiya keçiriblər.

Aksiya DAS təşkilatı tərəfindən təşkil olunub. Bu barədə Meydan TV-yə məlumat verən mitinqin təşkilatçılarından biri, DAS üzvü Aqil Hüseynovun sözlərinə görə, məqsəd Avropanın tanınan media orqanlarının, ictimaiyyətin diqqətini Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərə, xüsusilə həbsdə olan jurnalistlərə çəkməkdir.

50 nəfərədək fəalın qatıldığı tədbirdə “Ruhr Nachrichten” qəzetinin kollektivinə müraciət ünvanlanıb.

Mühacirlər Dortmund şəhərində tirajlı alman qəzetlərindən hesab edilən "Ruhr Nachrichten" qəzetinin redaksiyası önündə aksiya keçirir

Mühacirlər Dortmund şəhərində tirajlı alman qəzetlərindən hesab edilən “Ruhr Nachrichten” qəzetinin redaksiyası önündə aksiya keçirir

Mənbə: Meydan.TV

“Siyasi məhbuslarsız Azərbaycan istəyirik” şüarı ilə çıxış edən aksiyaçılar müraciətlərini həm azərbaycanca, həm də almanca çatdırıblar.

Aqil Hüseynov çıxışında deyib ki, Azərbaycanda insanlar sərbəst toplaşma azadlığından məhrum ediliblər, tənqidi fikirlərinə görə həbs olunurlar:

“Bu gün Azərbaycanda 100-dən çox siyasi məhbus var. Tənqidi və fərqli fikirə görə nə qədər insan həbs olunub. Bu insanlar hüquq-mühafizə orqanlarında və həbsxanalarda dəhşətli işgəncələrə məruz qalırlar. Ümumiyyətlə, son dövlər baş verən Nardaran, Gəncə, Tərtər hadisələri göstərdi ki, İlham Əliyev öz opponentlərinə və ona etiraz edən insanlara qarşı aqressivdir”.

Aksiyaçı Elmir Qənbərov

Aksiyaçı Elmir Qənbərov

Mənbə: Meydan.TV

Digər aksiyaçı Elmir Qənbərov isə jurnalistlərə, ailələrinə edilən təzyiqlərdən danışıb:

“Bu gün Azərbaycanda təkcə siyasi fəallar deyil, jurnalistlər də təhdid və təzyiq altındadır. Onlar öldürülür, həbsə salınır, təzyiq altında saxlanılır və illərlə ölkədən çıxışı yasaqlanır. Bu gün siyasi məhbuslar arasında Əfqan Muxtarlı, Seymur Həzi, Elçin İsmayıllı kimi jurnalistlər var. Bu yaxınlarda Aslan Poladov adlı daha bir jurnalist həbs olunub. Onun da bu hakimiyyətin korrupsiya əməllərindən yazdığına görə həbs olunduğu deyilir. Çox təəssüf ki, Azərbaycan Avropa məkanında yerləşməsinə baxmayaraq, ölkə avtoritar qaydalarla idarə olunur, insanlar sərbəst fikirlərinə görə həbs edilir, təhdid və təzyiqlərə məruz qalır. Əliyevlərin hakimiyyəti dövründə qətlə yetirilmiş Elmar Hüseynovun, Rafiq Tağının qatilləri hələ də tapılmayıb. Bütün bunlar Azərbaycandakı vəziyyətin necə olduğunu çox aydın şəkildə göstərir. Biz bu gün burda bütün siyasi məhbusların, o cümlədən, jurnalistlərin azadlığını tələb edirik”.

Mühacirlərin aksiyası

Mühacirlərin aksiyası

Mənbə: Meydan.TV

Bundan sonra qəzetin əməkdaşı aksiyaçıların yanına gəlib, onlara suallar ünvanlayıb, istəklərini işıqlandıracaqlarını bildirib. Aksiyaçılar müraciəti təqdim ediblər. Müraciətdə deyilir:

“Azərbaycanda siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb olunur və həbs edilir. Bundan başqa, siyasi sifarişlə həbs olunan insanlar cəzaçəkmə müəssisələrində mənəvi, poxloji və fiziki işgəncəyə məruz qalırlar. Azərbaycanda avtoritar hakimiyyət demokratik islahatlar aparıb, vətəndaşların inamını əldə etmək əvəzinə insanları qorxu altında saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmamasına nail olurlar. Bu gün qloballaşan dünyada, Avropanın ortasında kriminal bir hakimiyyətin olması demorkatik Avropa üçün təhlükədir”.

Aksiya iştirakçılarının müraciətində ümid ifadə olunub:

“Ümud edirik ki, “Ruhr Nachrichten” qəzeti bizim bu aksiyamızı diqqətə alacaq və Azərbaycanda demorkatik bir cəmiyyət qurmaq istəyən cəmiyyətə insanlara dəstək olacaq”.

Aksiyaçılar digər media orqanlarının ofislərinin qarşısında da aksiya keçirəcəklərini bəyan ediblər.

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı tez-tez Avropa ölkələrinin müxtəlif şəhərlərində Azərbaycanda baş verən olaylara, siyasi proseslərə etiraz aksiyaları keçirir. Təşkilatın əsas üzvləri Avropanın müxtəlif ölkələrində məskunlaşmış Azərbaycandan olan siyasi mühacirlərdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN

Məqalə yeniləndi:  28 İyun 2019

Bölmələr:  

qısa linklər:   http://mtv.re/4srn7u 
Print Friendly, PDF & Email