Anasının deputat Gülər Əhmədova ilə yemək yediyini, daha sonra evdə vəziyyətinin pisləşdiyini və sabiq deputat tərəfindən zəhərləndiyini dediyini bildirib – Mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov
Sevinc Babayevanın İstanbuldakı mənzilinin də Məryəm Solmaz adına kirayələndiyi məlum olub

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videolarda vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov istintaqa ifadə verib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, A. Məmmədov ifadəsində həm anasının ölümü, ölkədən getməsi, həm də anasının ölümündən sonra səsləndirdiyi iddialara toxunub.

 

Qeyd edək ki, İnterpol xətti ilə axtarışda olan S. Babayeva bu il dekabrın 26-da İstanbuldakı “Medicana İnternational” xəstəxanasında dünyasını dəyişib.

 

APA-nın Türkiyə bürosunun əməkdaşının apardığı araşdırma zamanı bəlli olub ki, S. Babayeva İstanbulda Esenyurt bələdiyyəsinə bağlı Kıraç bölgəsinin Atatürk məhəllsindəki “Ay işığı” sitəsinin A binasında yaşayıb.

 

Məlumata görə, bu bina yüksək mühafizə sistemi ilə təmin edilib. Burada 2 otaq və bir salondan ibarət mənzil kirayələyən S. Babayeva aylıq 1000 dollar ödəyib.

 

S. Babayevanın yaşadığı mənzil də “Məryəm Solmaz” adına kirayələnib. Onun bu evdə nə vaxtdan yaşamağa başladığını hələlik müəyyənləşdirmək mümkün olmayıb.

 

Qeyd edək ki, S. Babayevanın oğlu mətbuata açıqlamalarında və istintaqa ifadəsində anasının ölümünə görə keçmiş deputat Gülər Əhmədovanı ittiham edib. O, anasının G. Əhmədova ilə yemək yediyini, daha sonra evdə vəziyyətinin pisləşdiyini və sabiq deputat tərəfindən zəhərləndiyini dediyini bildirib. O, anasının 3 vərəqlik əlyazmaları olduğunu, həmin əlyazmaların Türkiyə polisi tərəfindən götürüldüyünü də vurğulayıb.

 

A.Məmmədov həmçinin anasının Türkiyəyə G. Əhmədova tərəfindən göndərildiyini, orda onun yaxın adamları tərəfindən qarşılandığını, G. Əhmədovanın həyat yoldaşının anasına pul apardığını da iddia edib.

 

G. Əhmədova isə A. Məmmədovun söylədiklərinin həqiqətdən uzaq olduğunu, onun videoları yayan E. Abdullayev tərəfindən qorxudulduğunu qeyd edib.

 

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından ictifadə zamanı “Deyerler” AIN-ə istinad (www.deyerler.org) zəruridir

 

 

 

 

 

 

Print Friendly, PDF & Email