Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlar yaxın günlərdə yekunlaşa bilər. Aprelin 4-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən bildirib ki, danışıqları onun bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olunub. Onun sözlərinə görə, artıq bütün məsələlər 90 faiz razılaşdırılıb. Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqı ilə sazişin 90% hazır olduğu və onun tezliklə imzalanacağı haqqında bəyanatı maraq doğurub, belə ki, son zamanlara qədər Azərbaycan Aİ-yə qarşı biganəlik, vaxtaşırı isə açıq-aşkar mənfi münasibət nümayiş etdirirdi.Bundan başqa REAL Partiyasının nümayəndələri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə bu sazişlə bağlı bir neçə görüşlər keçirdilər. Onların mediaya açıqlamalarında vurğuladıqları “REAL Partiyası anlaşmanın tezliklə imzalanmasını istəyir, bunu ölkəmiz üçün çox önəmli sayır” fikri ictimaiyyətdə çaşqınlıq və narahatlıq yaratdı. AB-Azərbaycan münasibətləri üçün vacib olan strateji əməkdaşlıq razılaşması layihəsi ətrafında olan vəziyyətə dair ASTNA-nın suallarını REAL Partiyasının İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi, İnsan hüquqları Klubunun rəhbəri, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasınını koordinatoru Rəsul Cəfərov cavablandırır.

***

-Rəsul bəy, Avropa İttifaqı ilə danışıqlar yekunlaşmaq üzrədir. Artıq 90 faiz məsələ həll olunub. Xarici işlər naziri Elmar Məmmədyarov açıqlamasında daha çox yeni enerji təchizatını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfdaşları ilə birlikdə “Cənub” qaz dəhlizinin tikintisini yekunlaşdırır, bu, bizə Azərbaycandan Aİ bazarına daha çox təbii qaz nəql etmək imkanı verəcək. Avropa üçün bu, yeni enerji təchizatı mənbəyi olacaq. Nazir həmçinin bildirib ki, Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə Aİ tərəfdaşlarımız daha çox səy göstərməlidir. Bu fikirlər bəzi şübhələr yaradıb. Ekspertlər deyirlər ki, burada həm Avropanı qaza görə şirnikləndirmə və ya Azərbaycanın Avropaya qaz təhdidi gizlənir. Belə çıxır ki, Avropa bu sazişdə daha çox qaz məsələsinə diqqət ayıracaq?

-Elmar Məmmədyarovun qaz anlaşmaları ilə bağlı verdiyi açıqlama əslində yeni bir açıqlama deyil. Və Azərbaycan hakimiyyətindən tək Elmar Məmmədyarov yox, demək olar ki, hamı əsasən qaz sazişləri, iqtisadi məsələlər, kommersiya məsələləri, nəqliyyat dəhlizləri və s. sahələrdə danışmağa üstünlük verirlər. Amma mən düşünmürəm ki, bu birmənalı şəkildə o anlama gəlir ki, danışıqlar raundlarında insan haqları, demokratiya məsələləri yoxdur. Məsələn, fevralın 5-6-da Bakıda sırf insan haqları, demokratiya, vətəndaş cəmiyyətinin durumu, vəkillik problemləri ilə bağlı ikitərəfli görüş keçirilib. Mən birmənalı şəkildə istisna edirəm ki, həmin müqavilədə insan haqları və demokratiya ilə bağlı məsələlər öz əksini tapmayacaq. Mütləq tapacaq. Buna əminəm. Sadəcə, Azərbaycan tərəfi həmişə çalışır ki, məhdud şəkildə özünün daha çox prioritet hesab etdiyi sahələrlə bağlı ictimaiyyətə məlumat versin. Elə Elmar Məmmədyarovun da son açıqlaması bu məsələdə istisna təşkil etməyib.

-Ümumiyyətlə, sazişdə nələrin nəzərdə tutulduğu, hansı məsələlərin həll olunub- olunmadığı ictimaiyyətə açıqlanmadığı üçün bu da bəzi şübhələr yaradır. Niyə açıqlanmır?

-Təəssüflər olsun ki, əsas problem ondan ibarətdir ki, bu ikitərəfli müqavilə məsələsi ortaya çıxanda, təxminən 2017-ci ilin fevralında hansısa səbəblərdən qarşı tərəf, yəni Avropa İttifaqı ilə Azərbaycan hakimiyyəti bu danışıqların müəyyən mənada qapalı keçməsinə və müqavilə mətninin qapalı olmasına razılaşıblar. Bu təəssüf ki, bizə imkan vermir ki, biz konkret olaraq hansı məsələlərin razılaşdırıldığını və ya hansı məsələlərin razılaşdırılmadığını tam dəqiqliklə bilək. Mənə elə gəlir ki, hamı, o cümlədən də mən ancaq ehtimallar, gümanlar üzərindən cavab verə bilərik. Məncə, həmin o razılaşdırılmayan 10 faiz arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük və yaxud üzvlük məsələsi olmadan belə, həmin təşkilatın tətbiq etdiyi, rəhbər tutduğu ticarət-gömrük qaydalarının Azərbaycanda da tətbiq edilməsi məsələsi ola bilər. Uzun illərdir Azərbaycan ÜTT-yə müəyyən və çox zəif arqumentlər gətirərək qoşulmaqdan imtina edir. Digər məsələ, bu, əslində ehtimala və gümana yox, bəzi məlumatlara əsaslanır ki, Beynəlxalq Cinayət Məhkəməsinin yuridiksiyasının qəbul edilməsi ilə bağlı anlaşma əldə olunmur. Və Azərbaycan tərəfi bu yuridiksiyaya qoşulmağa çox da meylli görünmür. Ehtimal var ki, bəlkə də insan haqları və demokratiya ilə bağlı hansısa məsələlərdə də razılaşma olmasın. Amma digər tərəfdən, belə bir gümanlar və məlumatlar da var ki, əslində demokratiya və insan haqları ilə bağlı müqavilənin deklarativ hissəsi müəyyən mənada razılaşdırılıb. Müqavilədə Azərbaycanın insan haqları və demokratiya, vətəndaş cəmiyyətinin inkişafı və bu kimi digər məsələləri əhatə edən deklarativ hissə hər iki tərəfdən qəbul edilib. Sadəcə olaraq, müqavilə imzalanana qədər və yaxud da müqavilə imzalanandan sonra ratifikasiya edilənə qədər bu son qeyd etdiyim istiqamətlərdə addımların atılması ilə bağlı müəyyən mənada razılaşmalar ola bilər. Bunu da yəqin ki, yaxın vaxtlarda biləcəyik. Burada bir şeyi xüsusi qeyd edim ki, 90 faiz razılaşdırılma o demək deyil ki, müqavilə yekunlaşır. Açıqlamalar o istiqamətdə verilir, gözləntidə o istiqamətdədir. Amma həmin 10 faizin razılaşdırılıb- razılaşdırılmaması olmaya da bilər və yaxud da razılaşdırılması üçün deyilən may ayında olmaya da bilər. Indi məlumatlar var ki, prezident Əliyev, o cümlədən digər 5 “Şərq Tərəfdaşlığı” ölkəsinin rəhbərləri mayın ortası üçün Brüsselə dəvət alıblar. Bu dəvət müqavilənin bağlanması üçün nəzərdə tutulmur. Və “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı müəyyən bir razılaşmaların və yaxud da bəyannamələrin imzalanması üçün nəzərdə tutula bilər. Həm də ümumi bir siyasi görüşdür.

-Partiyadaşlarınız, REAL Partiyasının nümayəndələri Natiq Cəfərli və Erkin Qədirli mediaya açıqlamalarında vurğuladıqları “REAL Partiyası anlaşmanın tezliklə imzalanmasını istəyir, bunu ölkəmiz üçün çox önəmli sayır” fikri də çaşqınlıq yaradıb. Həqiqətənmi ölkənin indiki durumunda, demokratik vəziyyət, vətəndaş cəmiyyətinin, medianın durumunun, insan haqlarının vəziyyətinin aşağı olduğu, siyasi məhbusların olduğu bir ölkə ilə bu sazişin imzalanmasını istəmək düzgün addımdırmı?

-Erkin Qədirli və Natiq Cəfərlinin mövqeyi ilə bağlı mən şəxsən fundamental ziddiyyət görmürəm. Fundamental ziddiyyət o vaxt olardı ki, REAL-dan Erkin və Natiq və ya REAL-dan hər kimsə ayrı-ayrılıqda və ya partiyanın mövqeyi formatında onu iddia edərdi ki, nəyin bahasına olursa-olsun, heç bir addım atılmadan bu müqavilə imzalanmalıdır. Bu həqiqətən də narahatlığa, narazılığa gətirib çıxara biləcək bir mövqedir. Və REAL-dan kiminsə bu mövqeni səsləndirməsi qeyri-mümkündür. REAL-ın Partiya Məclisi bu ay ərzində öz növbəti iclasını keçirməyi planlaşdırır. Partiya Məclisi qeyd edilən sazişlə bağlı partiyanın mövqe sənədini ortaya qoyacaq. Hazırda mövqe aşağı-yuxarı hamıda belədir ki, bu müqavilənin imzalanmasından yanayıq. Bu müqavilənin imzalanmasını prinsip etibarı ilə Azərbaycan hökuməti tərəfindən, o cümlədən də Avropa İttifaqı tərəfindən düzgün istiqamətdə gedən bir proses kimi qiymətləndiririk. Yəni, müqavilənin imzalanmaması ilə bağlı danışıqlar getməsəydi, bu, daha çox pis olardı. Indi heç olmasa bu danışıqlar gedir. Bu komunikasiyalar var. Bu dartışmalar var. Və həmin kontekstdə bu vəziyyətdə bir çox məsələləri də biz qaldıra bilirik. O cümlədən də Erkin Qədirli ilə Natiq Cəfərli öz Brüssel görüşlərində də bu məsələləri qaldırıblar. İstər siyasi məhbus məsələsi olsun, istər vətəndaş cəmiyyətinin acınacaqlı durumu ilə bağlı, istərsə də digər vacib olan insan haqları ilə əlaqəli olan məsələlərlə bağlı. Uzun sözün qısası, mövqe ondan ibarətdir ki, prinsip etibarı ilə bu prosesin olması yaxşıdır. Bu prosesin müqavilənin imzalanmaması ilə yox, imzalanması ilə başa çatması daha yaxşıdır. Bu, REAL-ın həm də istəyidir, çağırışıdır ki, bu müqavilə imzalansın. Bu müqavilənin imzalanması üçün lazım olan hansısa addımlar da atılmalıdırsa, onlar da mütləq şəkildə atılmalıdır. Indiki dövrdə, yəni müqavilə imzalanana qədər olan dövrdə siyasi məhbuslarla, media ilə, vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı məsələlər öz həllini tapmalıdır. Və yaxud da o problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Əgər biz müqavilənin imzalanmasından sonra görsək ki, bu addımlar atılmır və problemlər köklü həllini tapmır, o cümlədən müqavilənin özündə ciddi çatışmazlıqlar var, onda biz artıq Avropa Parlamenti ilə faktiki müttəfiqə çevrilmiş oluruq. Avropa Parlamentinin özünün iki qətnaməsində qeyd etdiyi kimi, bu problemlər həll olunmayacağı təqdirdə müqavilənin ratifikasiya edilməməsinə çağıracağıq. Müqavilənin ratifikasiya edilməməsi isə o anlama gəlir ki, bu müqavilə heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçasından başqa bir şey olmayacaq. Mənə elə gəlir ki, bu, nə Azərbaycana, nə də Avropa İttifaqına lazımdır. Yeri gəlmişkən, müqavilənin imzalanmasının bir texniki üstünlüyü həm də ondan ibarətdir ki, mətn dərhal açıqlanacaq. Və biz o mətnin çox qısa müddətdə qiymətləndirilməsini həyata keçirə biləcəyik. Məlum olsa ki, müqavilə həddən artıq zəifdir, insan haqları ilə bağlı məsələləri kənarda qoyur, faktiki olaraq bu müqavilə gözlənildiyi qədər Azərbaycan cəmiyyətinin maraqlarına cavab vermir, onda birmənalı şəkildə o ratifikasiyanın əleyhinə proses gedəcək. Demokratik qüvvələr, vətəndaş cəmiyyəti, QHT-lər, siyasətçilər bu prosesdə fəal iştirak edəcəklər.

-Sizcə, Avropa İttifaqı insan haqları və demokratiya məsələsində Azərbaycana həqiqətən güzəştə gedə bilərmi?

-Avropa İttifaqının sırf müqavilənin mətni baxımından demokratiya və insan haqları məsələlərində geriyə addım atacağını ehtimal etmirəm. Mən inanmıram ki, bu müqavilə özündə Azərbaycan tərəfinin istəyi ilə insan hüquq və azadlıqları, demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin rolu və s. kimi vacib məsələləri kənarda qoysun. Mən, sadəcə, hesab edirəm ki, bu ehtimal sıfırın da altındadır. Çünki Avropa İttifaqının həm rəsmi şəxsləri, həm orada faktiki yerləşən QHT-lər və müəyyən maraq qrupları hamısının mövqeyi publik şəkildə ondan ibarət olub ki, insan hüquqları, vətəndaş cəmiyyəti demokratiyanın inkişafı, qanunun aliliyi Avropa İttifaqının dəyərləridir. Bu dəyərləri özündə əks etdirməyən, həmin dəyərlərə hörməti, onlara təminatı özündə əks etdirməyən müqaviləni inanmıram ki, Avropa İtifaqı imzalasın. Nəzərə alaq ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Şurasının qarşısında da könüllü şəkildə üzərinə götürdüyü müəyyən öhdəliklər var. Bunu niyə xüsusi vurğulayıram. Hazırda belə bir fikir var ki, Azərbaycanla bağlı müqavilə təxminən Avropa İttifaqı və Qazaxıstan arasında bağlanmış müqavilə formatında olacaq. Qazaxıstandan fərqli olaraq Azərbaycan Avropa Şurasının üzvüdür. Və Avropa Şurası Avropa İttifaqının əsas ölkələri tərəfindən vaxtilə yaradılmış bir təşkilatdır. Orada da müəyyən bir siyasi proses var. Və ən əsası Qazaxıstan keysindən fərqli olaraq, Avropa Parlamentinin qəti mövqeyi var ortada. Həm 2018-ci ilin iyununda, həm 2019-cu ilin yanvarında Avropa Parlamenti çox böyük səs çoxluğu ilə qəbul edilən qətnamələrində açıq və tam başa düşülən bir dildə mesaj verib ki, əgər siyasi məhbuslar azadlığa buraxılmasa, qanunun aliliyi ilə bağlı problemlər həll olunmasa, vətəndaş cəmiyyətinin durumu yaxşılaşmasa, Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanacaq müqavilə ratifikasiya edilməyəcək. Qazaxıstan keysində bu, yox idi. Belə bir siyasi sürəc, siyasi proses mövcud deyildi. Hansısa danışıqlar getmişdi, imzalanmışdı, parlament də bunu ratifikasiya etmişdi.

-Konkret olaraq, saziş imzalanması üçün Aİ Azərbaycandan “qırmızı xətt” olaraq nələri tələb etməlidir?

-Aİ-nin Azərbaycanı çağırdığı məsələlər ortadadır. Insan haqları məsələsi də həmin məsələlərin arasındadır. Bir neçə raundda bu mövzuda görüşlər keçirilib. Hesab edirəm ki, Avropa İttifaqı bu məsələlərdən özünü kənarda tutmamalıdır. Yəni, həm müqavilənin imzalanması ərəfəsində, həm də müqavilənin imzalanmasından sonrakı qısa bir zaman kəsiyində, ratifikasiyaya qədər insan hüquq və azadlıqları, demokratiyanın qorunması, qanunun aliliyinin təmin olunması, siyasi məhbusların azadlığa buraxılması və vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması üçün addımlar mütləq həyata keçirilməlidir, əks halda bu müqavilə cəmiyyətin heç bir spektri tərəfindən qəbul olunmayacaq. Və bu, faktiki Avropa İttifaqının imicinə çox böyük bir zərbə vurmuş olacaq. Bu məsələlər təmin olunmadan Aİ bu müqaviləyə getsə və sonra onun ratifikasiyasında israr etsə, ilk növbədə öz imicinə böyük bir zərbə vurmuş olacaq. Amma qeyd etdiyim kimi, ratifikasiya edilməmə imkanının da olması, xüsusilə də Avropa Parlamentinin artıq bu mövqeyini ortaya qoyması çox müsbət bir haldır. Bizim müqavilədən gözləntilərimiz özünü doğrultmadığı halda Həmin alətdən mütləq istifadə etmək lazımdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email