Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vətəndaş Ədalət Haqverdiyevlə bağlı Azərbaycan hökumətini cərimələyib.

Bu barədə vəkil Fuad Ağayev məlumat verib.

Vəkil deyir ki, Ə.Haqverdiyev AİHM-ə göndərdiyi şikayətdə mülkiyyət hüququnun pozulduğunu bildirib: “Ə.Haqverdiyevin Bakının Nərimanov rayonu ərazisindəki “Xutor” adlı qəsəbədə evi var idi. 2009-cu ilin sonlarında həmin ev sökülüb. Ona əvəzində icra hakimiyyəti Bakının Nərimanov rayonundakı köhnə qəbiristanlıq ərazisində tikilən binada mənzil təklif edib. Amma Ə.Haqverdiyev bundan imtina edərək mülkiyyət hüququnun pozulması və buna görə təzminat verilməsi tələbi ilə ölkə məhkəmələrinə üz tutub. Amma nə Nərimanov Rayon Məhkəməsi, nə Bakı Apellyasiya Məhkəməsi, nə də Ali Məhkəmə onun şikayətini təmin etmişdi”.

Vəkilin vurğulamasına görə, sonra Ə.Haqverdiyev bu problemi Avropa İnsan Hüquqları Məhkəməsinə daşıyıb.

“2015-ci ildə AİHM Ə.Haqverdiyevin mülkiyyət hüququnun pozulmasını tanıyıb. Amma mülkiyyət hüququnun pozulması ilə bağlı təzminat ödənilməsi barədə qərar çıxarılmamışdı. Bu günlərdə isə həmin qərar da verildi. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə hökumət Ə.Haqverdiyevə təzminat olaraq 140 min avro, mənəvi ziyana görə 3 min avro, məhkəmə xərclərinə görə də daha 3 min avro ödəməlidir”, – vəkil bildirib.

Bu qərara, hələlik, Nərimanov Rayon İcra Hakimiyyəti və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

 

 

 

 

Print Friendly, PDF & Email