Azərbaycanda həbsxanada vəfat etmiş “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun haqlarının pozulmasını tanıyan Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM ) təzminatın ödənilməsi barədə qərar çıxarıb.

“Məmmədov və başqaları Azərbaycana qarşı” adlanan iş üzrə hökm fevralın 21-də elan olunub.

Hökmdə deyilir ki, iddiaçının yaşamaq haqqı, şəxsi toxunulmazlıq və işgəncələrin qadağası ilə bağlı Avropa Konvensiyasının təmin etdiyi bir sıra hüquqları pozulub.

Bunları nəzərə alan məhkəmə iş üzrə ikinci iddiaçı sayılan Novruzəli Məmmədovun xanımı – Məryəm Məmmədovaya 20 min avro kompensasiya ödənilməsi haqqında qərar çıxarıb.

Məhkəmə prosesilə bağlı xərcləri qarşılamaq üçün iddiaçıya daha 4 min avro ödənilməlidir, AİHM hökmündə deyilir.

 

Məhkəmənin məlumatına əsasən, sağlığında Novruzəli Məmmədovun özü, ölümündən sonra onun həyat yoldaşı və oğlu Avropa Məhkəməsinə müraciət edib. Novruzəli Məmmədov sağılğında həbsinin qanunsuz olmasından, özünə qarşı pis rəftardan şikayət edib, ölümündən sonra oğlu və xanımı onun işini davam etdirərək bura Məmmədovun ölüm səbəbinin ədalətli şəkildə araşdırılmamasından şikayətlərini də əlavə ediblər.

Cənab Məmmədov müraciətində “qanunsuz həbs edildiyini, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının ona qarşı pis rəftar etdiyini” qeyd edib və sonrakı istintaq həbsindən söz açıb.

Novruzəli Məmmədov 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Bakı parklarının birində saxlanılıb. O, İranın kəşfiyyat xidməti ilə etdiyi iddia edilən əməkdaşlıq barədə sorğu-suala çəkilib, müraciətdə göstərilib.

24 saat sonra sərbəst buraxılan Novruzəli Məmmədov polis tərəfindən dərhal yenidən saxlanılıb və “özünü təqdim etməməkdə” ittiham olunub. Həmin gün məhkəməyə çıxarılan cənab Məmmədov polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqda ittiham edilərək 15 gün müddətinə həbs edilib, ailəsi bildirib.

Sərbəst buraxılmasına az qalmş, o, dövlətə xəyanətdə ittiham olunub və üç ay müddətinə həbsdə saxlanılıb. Məhkəmə ittihamın ciddiliyini, şübhəlinin qaçma və ya istintaqa mane olmaq ehtimalını əsas gətirərək cənab Məmmədovun həbs müddətini bir il dörd ay uzadıb.

68 yaşlı Novruz Məmmədov yaşının və daimi yaşayış yerinin olmasının nəzərə alınmasını və sərbəst buraxılmasını istəyib, lakin rədd cavabı alıb, Avropa Məhkəməsinin yaydığı məlumatda deyilir.

Novruzəli Məmmədov
Image captionNovruzəli Məmmədov

Novruzəli Məmmədov 2008-ci ildə ona qarşı irəli sürülən ittihamlarda günahkar bilinib və 10 il müddətinə həbs edilib.

Avropa İnsan Haqları Məhkəməsinin məlumatında qeyd olunur ki, cənab Məmmədov, onun vəkili və ailəsi onun qanunsuz həbsi və pis rəftarla bağlı hökumətə dəfələrlə şikayət ediblər, lakin heç bir istintaq aparılmayıb.

Novruzəli Məmmədov saxlanma müddətində sağlamlığının pis olması ilə bağlı dəfələrlə həkim müayinəsindən keçib, 2009-cu ildə isə xüsusi tibb müəssisəsinə köçürülməkdən imtina edib. O, bunu “ödəyə bilməyəcəyi və orada səhiyyə xidmətinin keyfiyyətinə şübhə etməsi” ilə izah edib. Cənab Məmmədov 2009-cu ilin sonlarında köçürülməni qəbul edib və bir neçə həkim nəzarətindən keçib, lakin bir ay sonra vəfat edib.

Prokurorluq Novruzəli Məmmədovun ölümü ilə bağlı araşdırma aparıb, lakin sübutun yetərsizliyi səbəbi ilə cinayət işi açılmayıb. Onlar bu qərarı cənab Məmmədovun ürəktutmasından ölməsi və bunun düzgün aparılmış tibbi xidmətlə əlaqəsi olmadığı haqda hesabatla əsaslandırıb, məhkəmənin məlumatında deyilir.

Onun ölümündən sonra prosesə yoldaşı və oğlu nəzarət edib və onun ölümü haqda yeni şikayət ünvanlayıblar.

Novruzəli Məmmədov həm də Talış Mədəniyyət Mərkəzinin rəhbəri olub.

Penitensiar xidmətin təmsilçisi Mehman Sadıqov 2009-cu ildə BBC News Azərbaycancaya demişdi ki, idarə rəhbərliyi Məmmədovun müalicəsi üçün əlindən gələni edib.

Novruzəli Məmmədovun yaxınları inanırdılar ki, onun azadlıqdan məhrum edilməsi etnik mənsubiyyətinə və bu istiqamətdəki ictimai fəaliyyətinə görə olub.

www.bbc.com
Print Friendly, PDF & Email