Print Friendly, PDF & Email

 

 

 

 

 

“Avropa Şurası Nazirlər Kabineti Azərbaycanın Avropa Məhkəməsinin hökmlərini icra etməməsindən narahatdır”
Avropa Şurası Nazirlər Komitəsi REAL sədri İlqar Məmmədovla bağlı rəyini açıqlamaq üçün Avropa İnsan Haqları Məhkəməsinin növbəti qərarını gözləyir.
Cümə axşamı günü Avropa Şurası (AŞ) Nazirlər Komitəsi (NK) Avropa İnsan Haqları Məhkəməsinin icra olunmamış hökmlərinə dair müzakirələri barədə yaydığı bəyanatda öz narahatlığını bildirib.
Bəyanatda NK birgə şəkildə təqdim edilmiş onlarla şəxsə dair Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qərarlarının icra edilməməsilə bağlı narahatlığını qeyd edib.
Nazirlər Kabineti Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədovun da işinə bir daha baxaraq, AİHM-in növbəti qərarı təqdim olunmamışdan əvvəl bu işlə bağlı rəyini açıqlamaq istəmədiyini bildirib.

Həmçinin oxuyun:

NK rəyində “Qafqaz Məmmədov qrupu Azərbaycana qarşı” adlı işlə bağlı Azərbaycana toplaşma azadlığının Avropa Konvensiyası tərəfindən qorunan fündamental hüquqlardan biri olduğunu xatırladıb.
Qurum, həmçinin bu işin üzə çıxardığı dərin problemlərin həlinə yönəlmiş hüquqi və digər addımlar barədə Azərbaycan tərəfindən heç bir məlumat almadığınından narahat olduğunu qeyd edərək, Azərbaycan hakimiyyətini bununla bağlı hərəkət planını dərhal təqdim etməyə çağırıb.
“Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı” adlı işlə bağlı qurum bir daha məlumat çatışmazlığı barədə şikayətlənib və Azərbaycan hökumətindən qanunun aliliyi və ifadə azadlığına dair problemləri həll etməyə çağırıb.
Bu məsələdə komitə, həmçinin prezidentin 2017-ci il fevralın 10-u imzaladığı sərəncamı xatırladaraq, bu sərəncamın başlatdığı islahatların qeyd edilən AİHM hökmlərinin icrası üçün nə qədər yardımçı olduğunu qiymətləndirmək üçün Azərbaycanı bu islahaltlar barədə daha ətraflı məlumat təqdim etməyə çağırıb.
Çərşənbə günü dərc edilmiş bəyanatında, Avropa Şurası qeyd edib ki, təşkilata üzv ölkələr İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmək məcburiyyətindədirlər.
Azərbaycan Avropa Şurasına 2001-ci il, yanvarın 25-i qoşularaq təşkilatın 43-cü üzvü olub.
Təşkilata üzv olmaqla, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına tabe olmaq öhdəliyini öz üzərinə götürüb.
Lakin Azərbaycanda insan haqları vəziyyətini tənqid edən fəallar, insan haqları müdafiəçiləri və beynəlxalq insan haqları təşkilatları ölkəni dəfələrlə bu öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirirlər.
REAL Hərəkatının sədri haqqında AİHM-in ilk qərarı 22 May 2014-cü il tarixində açıqlanıb, 10 oktyabr 2014-cü ildə də yekunlaşıb.
AİHM İlqar Məmmədovla bağlı ikinci qərarını 2017-ci ilin noyabr ayında açıqlayıb.
İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalardan sonra həbs edilib.
O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.
http://www.bbc.com/azeri/azerbaijan-44385524