Print Friendly, PDF & Email

Bu günlərdə Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Martin Şultsa göndərdiyi məktubda Azərbaycanın insan hüquqlarının pozulmasına görə kəskin tənqid edildiyi qətnamənin qəbulu ilə bağlı təəssüfünü bildirib.

“Azərbaycan xalqı özünü Avropa birliyinin bir hissəsi kimi hiss etmək istəyir, amma bizim addımlarımız yenidən onu Rusiyanın təsiri altına itələyir”, deyə fəxri spiker yazır.

A.Lizinin sözlərinə görə, qətnamədə tənqid yanlışdır, Avropa “Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan ölkələrlə konstruktiv dialoq aparılması üçün imkanları qoruyub saxlamalıdır.

“Sədr olaraq Siz dialoqun bərpası üçün düzgün təkan verə biləcək yeganə insansınız”, deyə Lizin Şultsa xitabən yazır.

Bu zaman o qeyd edir ki, “Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistana” qarşı tənqidin olmaması fonunda Azərbaycan özünü ikili standartların qurbanı kimi hiss edir.

“Çox ümid edirəm ki, Siz sədr olaraq Azərbaycanla dialoqun bərpası və məsələlərin konstruktiv şəkildə müzakirəsi üçün addımlar atılması üçün Avropa Parlamentindəki dairələrə təsir göstərəcəksiniz”, deyə məktubda qeyd edilib.

Biz xanım Lizinlə əlaqə saxlamağa müvəffəq olduq və o, bir neçə suala cavab verməyə razılaşıb.

Sual: Zəhmət olmasa, Sizi Avropa Parlamentinin prezidenti Martin Şultsa müraciət etməyə vadar edən motivlər haqqında danışın.

Cavab: Belçika Senatının spikeri olaraqparlament sədrinin bütün qətnamələrə verməli olduğu böyük əhəmiyyəti bilirəm.

Cənab Şults qətnamənin həyata keçirilməsində ən məsuliyyətli şəxsdir. Beləliklə, o, bundan sonra hansı addımların atılacağını anlamaq üçün ən uyğun insandır.

Sual: Bu arada, Azərbaycanda cənab Şultsu qərəzli olmaqda ittiham edirlər. Avropa Parlamentinin sədrindən cavab gözləyirsinizmi?

Cavab: İstənilən halda, cənab Şults həmişə cavab verir.

Sual: Azərbaycan hakimiyyəti erməni lobbisini Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların Bakıya qarşı tənqidi münasibətini müəyyən edən əsas faktlardan biri hesab edir. Siz bununla razımısınız və belə bir münasibət üçün başqa səbəblər varmı?

Cavab: Erməni lobbisinin Avropada həqiqətən güclü olduğu – faktdır. Lakin bu faktın daim vurğulanması heç nəyi dəyişdirmir. Sözügedən qətnamənin qəbulu yalnız bir lobbinin xidməti hesab oluna bilməz. Baş verənlər həm də Avropada müxtəlif nüfuzlu dairələrin ümumi baxışlarının nəticəsi ola bilərdi. Bu dairələrin istəyi qətnamənin ardınca müəyyən dəyişikliklərin gəlməsindən ibarətdir.

Sual: Azərbaycanın son vaxtlar tənqid obyekti olmasını nə ilə izah etmək olar? Bir halda ki, demokratiya sahəsində problemləri olan Ermənistanı Avropa Parlamenti sanki görmür. Bakıda bunu ikili standartların təzahürü adlandırırlar.

Cavab: Avropalıların Ermənistana münasibəti həmişə bu respublikanın sabitliyə ehtiyacı olması, yoxsul ölkə olması hissi ilə şərtlənib. Azərbaycanla bağlı vəziyyət başqa cürdür.

Avropada belə bir hiss var ki, zəngin ölkədən sosial ədalət nöqteyi-nəzərdən daha böyük tələbat olur. İki müxtəlif yanaşmanın arxasında da məhz bu hiss durur.

Sual: Bakı və Brüssel arasında parlamentlərarası əlaqələrin və Avropa İttifaqı və Azərbaycan arasında dialoqun tezliklə bərpa olunacağına inanırsınızmı? Bunun üçün nə lazımdır?

Cavab: Azərbaycanın bu gün heç vaxt olmadığı kimi Avropa dairələri ilə yaxşı dialoqa ehtiyacı var. Məhzbu səbəbdən xoş məram nümayiş etdirmək və qətnamənin tələb etdiyi müsbət addımların strateji təhlilini həyata keçirmək lazımdır. Avropa Parlamentinin prezidenti isə məhz dialoqa başlamaq lazım olan şəxsdir.