Print Friendly, PDF & Email

 

 

 

 

17 noyabr 2018-ci il tarixində ölkənin müstəqilliyinə yolunu açmış “Dirçəliş günü”ünün 30 illiyində Azərbaycanda qorxunc bir hadisə baş verdi. Şəhidlər Xiyabanına, şəhid məzarlarına gül qoymaq istəyən ziyarətçilərinin qarşısı zor gücünə alındı. Söhbət heç də mənim, Azərbaycan siyasi müxalifətinin lideri Əli Kərimlinin, şəhid məzarlarına gül qoymaq istəyən yüzlərlə ziyarətçinin saxlanılmasından getmir. Sözsüz ki, bizim, bizimlə birlikdə olan onlarla günahsız insanın əsassız bir şəkildə saxlanılması, mənəvi və fiziki təzyiqlərə məruz qalması qanunsuzluqdur, haqsızlıqdır, ədalətsizlikdir, ancaq faciə deyil. Faciə ölkə vətəndaşlarının bu ölkəyə müstəqilliyi qazandıran şəhidlərinin məzarlarını ziyarət haqqından məhrum edilməsi və toplumun buna biganəliyidir. Faciə müstəqilliyi də, şəhidləri də dəyərdən salmağa, milli varlığımıza həqarət etməyə özündə cəsarət tapan, milli çıxarlarımızı öz əbədi hakimiyyət və korrupsiya maraqlarına tabe etdirmiş anti-milli, anti-bəşəri, kriminal və görməmiş bir zümrənin etdikləri qarşısında bir xalq olaraq susqunluğumuzdur!
Məgər bu ölkənin taleyini düşünən beyinlər, vətənin dərdi ilə döyünən ürəklər, milli ağrıların göynəltisindən sızlayan vicdanlar tükənib?! Məgər bu ölkənin ziyalısı yoxdurmu və varsa o, dövlətimizin hansı bir dərin uçuruma, millətimizin hansı bir ağır fəlakətə sürükləndiyini görmürmü?! Ölkənin, millətin, xalqın, vətənin başı üzərində qorxunc ölüm zəngininin səsini eşitmirmi?! 100 il bundan öncə xalqımızın dəryalarca qan verib qazandığı cümhuriyyət dəyərləri ciddi təhlükə altına düşərək bir ailənin maraqlarına tabe edilib, ziyalı babalarımızın min bir əzab və əziyyət hesabına bərqərar etdiyi Cümhuriyyət ailə-klan, monarxist təhlükə üz-üzə dayanıb. Kimin ürəyində cümhuriyyət sevdası qalıbsa, özün bu cümhuriyyətin zərrəsi hesab edirsə, hazırda payız dumanında öləziyib işartıları qalan cümhuriyyət çırağını sönməyə qoymasın. Sonra gec olacaq.
Əliyevlərin antimilli, kriminal, korrupsioner rejiminin ölkəni uçuruma gətirib çıxardığını duymurmu ziyalılığa iddialı olanlar?! Millət səfalət içində, zülm ərşə dirənib, ölkə ilə işğal olunmuş ərazi, xalqla əsir götürülmüş əhali kimi davranılır, insanlar dövlət adına həyata keçirilən terrorun və özbaşınalığın qurbanı olur, Azərbaycan ziyalısı bu fəlakəti görmürmü?! 25 ildir ərazisinin 20 faizi işğal altında olan bir ölkənin Müdafiə, Müdafiə Sənayesi, Fövqəladə Hallar Nazirliyi dövlət büdcəsindən əsgərə silah, sursat, geyim, ərzaq üçün ayrılmış vəsaitləri hakim dairələrin və onların ailə üzvlərinin adına açılmış ofşor hesablara köçürəndə, ölkənin müdafiəsi üçün ayrılmış vəsaitlər oğurlananda, hökumətin məsul şəxsləri silah müamiləsindən “otqat” qatlayanda bunun vətənə, Qarabağa xəyanət olduğunu anlamadımı Azərbaycan ziyalısı?! Bu rəzalətə susmaq 25 ildir düşmən tapdağında qalan VƏTƏN torpağının taleyi ilə səssizcə barışmaq deməkdir və bunun ayrı adı yoxdur.
Addım başı xalqın vətənsevər gənclərinin cibinə narkotika atıb şərləməklər, millətin seçim haqqını mənimsəməklə, beynəlxalq rüşvət şəbəkəsi yaratmaqla bu ölkəni gözdən salır, dövləti rüsvay edir, millətin ictimai və siyasi namusunu ləkələyirlər. 2016-cı ilin aprel döyüşlərindən sonra bu bacarıqsız, oğru, kriminal hakimiyyətin Azərbaycan Ordusuna qarşı törətdiyi dəhşətli cinayəti- Tərtər hoqqabazlığını görmədimi Azərbaycan ziyalısı?! İndi beynəlxalq təzyiqlərdən, sanksiya təhlükəsindən, xalqın qəzəbindən qorxub bu işdə icraçı olan ən kiçikləri məhkəmə qarşısına çıxarıblar! Məhkəmədə sübuta yetirilir ki, dövlət hakimiyyətinin təmsilçiləri onlarla Azərbaycan əsgərini dəhşətli işgəncələr məruz qoyaraq, hətta zorlayaraq onlardan Vətənə xəyanət etdikləri barədə ifadə almaq istəyiblər. İşgəncələr altında öldürdükləri şəxslərin meyitlərini heç ailələrinə də vermədilər ki, oğlunuz, əriniz, qardaşınız vətən xainidir, övladlarını məktəbdən qovurdular, valideynlərini təhqir edirdilər. Çoxunu gizlində bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələri dəfn etmişdi, “vətən xainlərinə yas vermək olmaz” deyirdilər o vaxt. Bəs indi, bütün bu dəhşətlər işığa çıxandan, əsil vətən xaininin Azərbaycan əsgəri yox, Azərbaycan hakimiyyəti, bu əməliyyatı keçirənləər və ona göstəriş verənlər olduğu bilinəndən sonra bu millətin ləyaqəti olmağa iddialı kəsimin susmağa mənəvi haqqı varmı?!
Ordunun ardınca indi də Dövlət Təhlükəsizlik Xidməti bir ucdan silsilə qətllər həyata keçirir, artıq mücərrəd “terrorçu” adı altında 33 nəfər Azərbaycan vətəndaşı istintaqsız, məhkəməsiz güllələnib. Əminəm ki, az sonra DTX-nın da bir qrup əməkdaşını məhkəmə qarşısına çıxarıb qəsdən adam öldürmə ittihamı ilə məhkum edəcəklər. Və bütün bunlara susan bir toplumun, onun ziyalısının milli diriliyi böyük sual altına düşür. Bütün bunlar həm də o vaxta təsadüf edir ki, ermənilər Ağdamın Şelli kəndində məktəb açırlar. Laçından, Kəlbəcərdən sonra Zəngilanı, Qubadlını da məskunlaşdırırlar. Qarabağ səmasına qırıcı təyyarələrini qaldırılar. Dinc, sivil inqilab edib, hətta Rusiyaya dirsək göstərib Avropaya inteqrasiya kursu götürülər. Ermənistanda məlum hadisələrdən sonra Dağlıq Qarabağın oyuncaq qurumunun başçısı Bako Saakyanın son həftələrdə Minsk qrupunun üç həmsədrindən ikisinin paytaxtına səfərləri olub. Biz isə üzümüzü Belorusa, Türkmənistana, Şimali Koreyaya çevirmişik. İşğalçı ermənilər İrəvanda dünya liderlərini qəbul edib demokratik islahatlara maddi və siyasi dəstək qazanır, bizim hakim elitamızın isə isti dənizlərdə pul gizlətmədiyi ada qalmayıb, natəmiz yollarla ölkədən oğuladları çirkli vəsaitləri dünya okeanlarının sularında “təmizə” çıxarmaq üçün nəhəng pul yuyan maşınlar işə salırlar. Və bütün bunlardan sonra dünyanı necə inandırmaq olar ki, öz vətəndaşını zorlamaqla ondan “Vətənə xəyanət” etirafı almağa cəhd edən bir rejim, Təhlüksizlik Xidməti silsilə qətllər üzrə ixtisaslamış bir hakimiyyət Qarabağ etmənilərinin hüquqlarına hörmətlə yanaşacaqlar!
Ermənistanda minimum əmək haqqı da, orta aylıq maaş da, hərbçiyə verilən müavinət də neft və milyardlar səltənəti olan Azərbaycandan çoxdursa, Qarabağ ermənisinin özünü Azərbaycan vətəndaşlığını qəbul etməyin üstünlüyünə necə inandırmaq olar?! Dünya da, qonşularımız da inadla demokratiyaya, tərəqqiyə, rifaha doğru addımlar atdığı bir vaxtda biz hər gün, hər saat, hər an geriyə gedirik: qiymətlər qalxır, həyat səviyyəsi aşağı düşür, ölkə iqtisadiyyatı kiçilir, insanlar yoxsulluq və səfalət burulğanında daha da dərinə düşürlər. Ana və uşaq ölümlərinin sayına görə də siyasi məhbuslarla olduğu kimi Avropa çempionuyuq. Bir millət olaraq gələcəyimiz, bir dövlət olaraq varlığımız təhdid altına düşüb. Neftin qiymətinin növbəti dəfə uzunmüddətli azalması heç şübhəsiz ki, növbəti devalvasiyanı da qaçılmaz edəcək. Onsuz da bir qarın çörəyə möhtac qoyulmuş xalq bir az da yoxsullaşacaq, indikindən də miskin durumla üz-üzə qalacaq. Bir yandan da hakim rejimin dünyanı heyrətə salan Landromat ifşaları, London bazarlıqları, Malta-Pilatus Bank fırıldağı haqqında məlumatlar artıq sel kimi, dolu kimi üstümüzə tökülür, İlham Əliyevin ABŞ-dakı baş lobbisti Ermənistana sığınır- ancaq bünların heç biri Azərbaycan ziyalısının vicdanını tərpətmir! Və o ziyalı bu gün ölkəsinin başına gətirilən bu müsibətlərə, xalqına edilən bu zülmlərə, Vətəninin və onun övladlarının sözün həm gerçək, həm məcazi mənasında zorlanmasına susursa, ortaya milli iradə qoya bilmirsə, onun bundan sonra danışmağa heç vaxt mənəvi haqqı olmayacaq!
Biz başa düşürük Azərbaycan ziyalılarının xeyli hissəsi qalıb vicdanı ilə övladları arasında, namusu ilə imtiyazları arasında, işi, çörəyi, orden-medalı, prezident təqaüdü ilə ləyaqəti arasında. Amma ölkə çökəndən, millət sərgərdan olandan, vətən yağmalanandan sonra nə vicdan tərəzisinin gözün əyən övladı xoş güzaran gözləyir, nə ictimai namus ləkəsini yumaq, nə də itirilmiş ləyaqəti bərpa etmək olur. Biz Sizi Jan Pol Sartr kimi Nobel mükafatından imtina etməyə, xalqın səngərinə keçib siyasi tələblər irəli sürməyə, gənclərə qoşulub inqilab etməyə çağırmırıq, getdikcə bir ailənin girovuna çevrilən, dövlətdən çox əraziyə döndərilən bir ölkənin nicatı üçün məsuliyyət hissini nümayiş etdirməyə çağırırıq. Nə qədər gec deyil, BU VƏTƏNƏ, BU MİLLƏTƏ, BU DÖVLƏTƏ SAHİB ÇIX, Azərbaycan ziyalısı!
contact.az