Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

“Elsevər Abdullayevin işdən çıxarılmasının səbəbi...”

 

Azad Mürsəliyev sərhəddə saxlanması və dayısının işdən çıxarılması barədə danışdı

Ailə üzvlərinə təzyiq edilir ki, Elşad Abdullayevdən imtina etsinlər.

Xəbər verdiyimiz kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev saxlanılıb.
Hadisə noyabrın 2-də gecə saatlarında hava limanında baş verib. Azad Mürsəliyev həmin gün Türkiyəyə gedirmiş. Lakin aeroportda sərhəd xidmətinin əməkdaşları onun ölkədən çıxışına imkan verməyiblər.
Məlumata görə, Azad Mürsəliyev həmin gecə səhərə qədər hava limanında saxlanılıb. Sonradan ona bildirilib ki, barəsində ölkəni tərk etməmək barədə qərar var.
A.Mürsəliyev “Yeni Müsavat”a müsahibəsində bu hadisə barədə geniş danışdı. Müsahibimiz öncə saxlanma hekayəsini danışdı.
– Bu hadisə seçkidən bir gün əvvəl baş verib. Avtobusla  İstanbula gedirdim, məni Qazaxda saxladılar. Bakı Avtovağzalından İstanbula gedən avtobus üçün bilet almışdım.
– Niyə avtobus reysi seçmişdiz səfər üçün? Bütün hallarda yol uzaq, səfər yorucu ola bilərdi… 
– Sadəcə maddi baxımdan. Çünki avtobusla İstanbula getmək çox ucuz başa gəlir. Biletin qiyməti 63 AZN-dir. Təyyarə ilə getmək bundan neçə dəfə baha başa gəlir.
– Hadisə necə oldu, harada saxladılar sizi? 
– 2012-ci ildə də məni saxlamışdılar. Ondan sonra dəfələrlə müraciət etmişdim ki, ölkədən çıxmağıma qadağa götürülsün. Mənə cavab verildi ki, sorğunuz alınıb, araşdırılacaq və sair. Son iki müraciətimə – dövlət başçısı və prokurorluğa yolladığım – cavab gəlmədiyi üçün məcburiyyət qarşısında qalıb bilet aldım. Düşündüm ki, yəqin mənə sərhəddə cavab verəcəklər. Orda da mənim baqajım keçdi. Pasportuma baxandan sonra dedilər ki, sizi polisə təhvil verməliyik. Polis əməkdaşları gəldi, məni polisə təhvil verdilər. 2 saat polisdə saxlanıldım. 2 saat sonra baş prokurorla əlaqə saxladılar, burdan cavab gəldi ki, Bakıya gələ bilər.
– Ondan sonra nə baş verdi? 
– Orda iltizama qol çəkmişdim ki, noyabrın 1-də, yəni seçki günü Baş Prokurorluğa getməliydim. Bu, absurd idi. Çünki bilirdim ki, seçki günü mən orda heç kimlə qarşılaşa bilməyəcəm. Bu gün(noyabrın 2-də) Baş Prokurorluğa getməyə qərar verdim, saat 11-də orda oldum. Prokurorluğun əməkdaşı Mübariz Əhmədov məni qəbul etdi, söhbət etdik. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun yaydığı məlumatın üzərində dayandı. Mən də orada göstərilən iki məqamın üzərində dayandım. Orda göstərilmişdi ki,  mənim xüsusi əhəmiyyətli məlumatlara malik olmağım və istintaqla sıx əlaqə saxlamalı olmağıma görə ölkədən çıxa bilmərəm. Amma bunların heç biri mənim ölkədən çıxışımın məhdudlaşdırılmasına səbəb ola bilməz. Çünki qanunda açıq-aydın göstərilir ki, hansı insanlar, hansı şəraitdə saxlanıla bilər, hansı səbəbdən ölkədən çıxışlarına qadağa qoyula bilər. Bununla bağlı 4 punkt var. Amma mənimlə bağlı situasiya həmin 4 punktdan heç birinə aid deyil.
– Danışıqlarda son nəticə nə oldu? Razılığa gəldizmi, yoxsa ölkədən çıxışınıza yasaq davam edirmi? 
– Əsla razılaşmadan söhbət gedə bilməz. Onlar dediklərinin üzərində dayandılar. Mən də israr etdim ki, konstitusiyanı gətirin, açaq baxaq və orda da görünsün ki, nə zaman vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər. Onlara dedim kİ, əgər sizin dediklərinizdən biri orda göstərilibsə, mən sizə söz verirəm ki, bir daha bu məsələ ilə bağlı müraciət etməyəcəm, ölkədən də kənara çıxmayacam. Amma bu gün mənim faktiki olaraq anam ürək xəstəsidir. Həkimlər deyirlər ki, onun burda müalicəsi mümkün deyil, imkansızdır, ancaq respublikadan kənara apara bilərsən. Digər bir ağsaqqalımız isə ümumiyyətlə imkansızdır, ay yarım-iki ay vaxt qoyulub, təcili əməliyyata aparılmalıdır. Son olaraq bir ay bundan əvvəl ağır əməliyyatdan keçib. Onların özünü İstanbula aparmaq xərc tələb edirdi. Ona görə də bir neçə gün əvvəl mən onların sənədlərini, analizlərinin nəticəsini aparmaq istəyirdim, amma nəzərə almadılar. Deyirlər ki, ananızı, ağsaqqalınızı başqa bir adama tapşırın, aparsınlar. Mən də bildirdim kİ, sizin idarə rəhbəri, prokuror, məmurlar müalicə üçün xaricə gedirlər, mən niyə gedə bilmirəm? Bunu nəzərə almırlar.
– Ötən həftə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin prokurorluqdakı işindən azad edilməsi, bir neçə gün sonra sizin sərhəddən geri qaytarılmanız… bunlar təsadüf sayıla bilər?
– Elsevər Abdullayevin prokurorluqdan uzaqlaşdırılması Elşad Abdullayevə təzyiq forması kimi ola bilər. Amma mən onun işdən çıxarılmasını son günlər baş verən həbslərlə əlaqələndirirəm. Elsevər Abdullayev kimi şəxsin həmin məlumatlara kanalının, yolunun olması, mühüm bir postda olmasının vermiş olduğu məlumatlılıq kimlərisə narahat edib, bu baxımdan onu işdən azad ediblər.
– O informasiyalara hər zaman çatımlı deyildimi? Niyə indi? 
– Mən burada iki məqamı götürürəm. Birincisi, Elşad Abdullayev kimi bir şəxsin qardaşının prokurorluq orqanlarından uzaqlaşdırılması məqsədi vardı. Bilirsiz ki, Mahir Abdullayevin oğurlanması məsələsində MTN zabitlərinin əli var. MTN-də də çoxlu sayda həbslərin həyata keçirilməsi ilə bu işdən çıxarılma arasında əlaqə var. Düşünürəm ki, bu istiqamətdəki hansısa informasiya Elşad Abdullayevə çıxa bilərdi. Narahatçılıq bununla bağlı idi.
– Amma mediada dolaşan versiyalardan biri də budur ki, Elsevər Abdullayev də, Elşad Abdullayev də MTN-ə yaxınlığı ilə seçilir. Başda nazir olmaq, MTN zabitlərinin bir-bir “vurulması” ilə E.Abdullayevin vəzifədən çıxarılması arasında bir əlaqə quranlar da oldu. 
– Absurddur. Bizim MTN-lə bağlılığımız olsaydı, bu günə qədər başımıza bu qədər iş gəlməzdi.
– Elsevər Abdullayev özü vəzifədən çıxarılması barədə nə deyir? 
– Görüşməmişəm. Onunla bu barədə danışmamışam. Amma prokurorluğun onun işdən çıxarılması ilə bağlı gətirdiyi əsaslar absurddur. Məsuliyyətsizlik, vəzifə səlahiyyətlərindən sui-istifadə… mümkün deyil. Elsevər Abdullayevin orta məktəbdən baş prokurorluğa kimi çox savadlı, işini bilən insandır. Hətta son 13 ildə baş verən hadisələr onu hansısa bir səhv məqama yönəlməyə də imkan verməzdi. Sadəcə bütün bu deyilənlər onu işdən çıxarmaq üçün bəhanə idi.
 
 -Ölkədən çıxışınıza qadağanın götürülməsi ilə bağlı yenidən müraciət edəcəksizmi? 
– Kimə müraciət edim? Ailədə hamı bilir ki, bütün bunlar ailəyə qarşı təzyiqdir. Niyə sizi yox, məni saxlayırlar? Ailə üzvlərinə təzyiq edilir ki, Elşad Abdullayevdən imtina etsinlər. Təsəvvür edin ki, mən seçkidə namizədliyimi irəli sürdüm, imza vərəqələri də topladım. Bu, o demək idi ki, mənim kriminalla heç bir əlaqəm yoxdur. Son bir-iki ayda bir neçə hadisə baş verdi ki, onlar özləri mənim təmiz insan olduğumu sübut etdilər.
– Siz budəfəki parlament seçkilərində namizədliyinizi irəli sürmüşdüz? 
– Bəli. Amma namizədliyim qeydə alınmadı. Mənim sənədlərim keçdi, imza topladım, 550 səs topladım, amma onun 50-si nədənsə “yoxa çıxdı”.
Sevinc TELMANQIZI