Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Kanadanın “Geopolitical Monitor” saytında “Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşəcəyi əvvəlcədən deyilmişdi” adlı məqaləsi dərc olunub

BMTM-nın mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Tovuzda, Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmanın iki ölkə arasında atəşkəs rejiminin nə qədər həssas olduğunu göstərdiyi vurğulanır.

Qeyd olunur ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyan bu posta gəldikdən sonra münaqişə tərəfləri arasında aparılan danışıqlarda pozitiv dinamikanın hiss olunacağına dair bəzi nikbin fikirlər səsləndirilsə də, tezliklə baş nazir bunun əksini göstərən bir sıra addımlar atdı. Bu baxımdan müəllif Ermənistan baş nazirinin 2019-cu ilin martında danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağ ermənilərini danışıqlara cəlb etmək cəhdini qeyd edir. Həmçinin 2019-cu il avqustun 5-də Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” fikrini səsləndirməsinin atılan növbəti addım olduğu vurğulanır.

Həmçinin F. Şəfiyev qeyd edir ki, 2020-ci ildə danışıqlarda heç bir irəliləyişin olmaması və ilin əvvəlində iki ölkənin Xarici İşlər nazirləri arasında Cenevrədə aparılan danışıqlar göstərdi ki, Ermənistan Madrid Prinsiplərində təsbit olunmuş yolla getmək niyyətində deyil: “İyulun 12-13-də sərhəd regionunda baş vermiş toqquşmalar daha geniş məqsədlər üçün planlaşdırılmış ola bilər. İyulun 12-də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinə zəng edərək Azərbaycana qarşı kollektiv fəaliyyətə cəhd etdi. Lakin təşkilatın bir çox üzvləri Azərbaycanla strateji tərəfdaşlığa önəm verir və xüsusilə COVID-19 böhranı zamanı Ermənistanın avantürist hərəkətlərinə aldanmaq istəmirlər”.

Bundan başqa, BMTM-nin şöbə müdiri Fuad Çıraqovun dünyanın nüfuzlu “The National Interest” jurnalında “Ermənistanda proqressiv görüntülü dəyişikliklər regionda daha çox xaos yarada bilər” başlıqlı məqaləsi dərc edilib.

F. Çıraqov məqaləsində göstərir ki, Ermənistandakı sonuncu hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı müəyyən ümidlər yaransa da, yeni hakimiyyətin apardığı siyasət bu ümidlərin alt-üst olduğunu göstərir.

BMTM-nin əməkdaşı nüfuzlu Bonn Beynəlxalq Çevrilmə Mərkəzinin (Bonn International Center for Conversion) hesabatını oxucuların diqqətinə çatdıraraq deyir ki, Ermənistan Qlobal Hərbiləşdirmə İndeksində (Global Militarization İndex) 2016-cı ildə dünyanın ən hərbiləşmiş üç ölkəsindən biri olduğu kimi hakimiyyət dəyişikliyindən sonra da bu indeksdə öz yerini saxlayıb.

F. Çıraqov qeyd edir ki, erməni rəsmiləri son hakimiyyət dəyişikliyindən sonra demokratik dəyişikliklər və islahatlar haqqında iddialarını xarici siyasətdə yumşaq güc vasitəsi ilə istismar etmək üçün əllərindən gələni edirlər. Eyni zamanda, ermənilərin bu iddialardan Azərbaycan torpaqlarının işğalına bəraət qazandırmağa çalışdıqları diqqətə çatdırılır.

Müəllif xüsusilə vurğulayır ki, demokratikləşmə islahatları və ya bu haqda iddialar Azərbaycan torpaqlarının davam edən işğalına bəraət qazandıra bilməz: “Eləcə də, Ermənistanda demokratikləşmə qonşu dövlətin vətəndaşlarının hüquqlarının pozulmasına, milyona yaxın insanın öz torpaqlarına qayıtma hüququndan mərhum etməyə haqq qazandıra bilməz”.

 

 

Print Friendly, PDF & Email