Bu gün –  1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu tarix  “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.

Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi mənasında gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, nüfuz qazanaraq dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz Azərbaycan Xalqının adı ilə bağlıdır.

 

 

 

 

Print Friendly, PDF & Email