Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Avropaninsesi.com olaraq  şair-publisist Heydər Oğuzun “Bayraq nədir” şeirilə təbrik edirik:

Heydər Oğuzun “Bayraq nədir” şeirilə təbrik edirik:

 

 

 

Bayraq nədir-deyə soruşan balam,

Nizə tək yad gözə batandır bayraq!

Verib sancıldığı torpağa salam

Yurdun təməlini atandı bayraq!

 

O mavi rəngində Turanı axtar,

Al rəngdə qanayan yaranı axtar,

Yaşılda İslamı, Quranı axtar,

Hər rəngə bir anlam qatandı bayraq!

 

İgidin qanına batıb allanır,

Şəhidə yorğandır, qəbrə yollanır.

Görsən, göydən enib yerə sallanır,

Bil ki, yerimizə utandı, bayraq!

 

Hələ qazanmadan şərəf cəngini,

Şeypurlar çalmadan marşı, cəngini,

Xəcalət rəngi bil, o al rəngini,

Sanma ki, qəflətdə yatandı bayraq.

 

Onu başı üstə qaldıran mərdi,

Qanına bələnib, göra göndərdi.

Onu ayaq alta salan namərdi

Gölgəsi altında tutandı bayraq!

 

Kiminin ümidi, kiminin baxtı,

Onunla bəzənib kiminin taxtı.

Məndən ayrı düşüb bir xeyli vaxtdı,

Nə əlim, nə ünüm çatandı bayraq!

 

Heydər, nə igidlər yola salsa da,

Yenə intizarda gözü dolsa da,

Kiminə səcdəgah, məbəd olsa da,

Kiminə adi bir kətandı, bayraq.

 

 

 

 

 

Print Friendly, PDF & Email