Print Friendly, PDF & Email

 

 

 

 

 

azlegat@gmail.com
“DUBLİN SAZİŞİ” İLƏ BAĞLI NƏLƏRİ BİLMƏLİYİK?

Son vaxtlar həmvətənlərimizdən “Dublinə görə məni gecə ilə deport etməzlər ki?” sualını az qala hər gün eşidirik. Bu və oxşar suallara aydınlıq gətirmək üçün bu yazıda Dublin sazişi ilə bağlı Almaniyadan deportasiya, deportasiyanın müddəti, müddətlərin hesablanması qaydası, Dublinlə bağlı qərarlardan şikayətlər və deportasiyanı istisna edən hallarla Sizi tanış etmək istəyirəm.

Kimin qaytarılmaq ehtimalı var?

Sığınacaq axtaran şəxslərin ərizəsinə “Dublin” sazişinə görə başqa ölkədə baxılmalıdırsa, bu halda ərizəçi həmin ölkəyə qaytarıla bilər və ya qaytarılır. Şəxs könüllü olaraq həmin ölkəyə qayıtmaq istəmirsə və ya qayıtmaqdan qəsdən yayınırsa, onun məcburi qaydada həmin ölkəyə göndərilməsi mümkündür.

Dublin sazişinə görə, məcburi qaytarılma fiziki xəstəliklərə və ya ruhi əsəb sistemi ilə problemi olan şəxslərə tətbiq olunmaya bilər. Bu halda həkim arayışları və ya məhkəmə tibbi ekspertizasının rəyləri nəzərə alınır.

Xəstəlikdən şəxsin əziyyət çəkməsini təsdiq edən sənədlər mütləq deportasiya qərarı verən orqanlara vaxtında çatdırılmalıdır. Xəstəlikdən əziyyət çəkən şəxslərin ölkədən çıxarılması haqqında qərar BAMF (Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarə) tərəfindən qəbul olunur. Buna baxmayaraq, əcnəbilərlə iş idarəsinin (Ausländerbehördeyerli şöbəsi də bu barədə məlumatlandırılmalıdır. Onlar da bu qərarın icraçıları hesab edilirlər.

Bəzi torpaqlarda deportasiya qərarlarının icrasını həyata keçirən xüsusi dövlət orqanları mövcuddur.

Deportasiyanın müddətləri

Deportasiyanın hazırlanması və şəxsin ölkədən çıxarılması üçün deportasiya ilə bağlı müddət müəyyən edilib (Überstellungsfrist). Əgər Dublin sazişində nəzərdə tutulan müddətdə şəxs məsuliyyətli ölkəyə (şəxsin qəbul edilməsinə razılıq verən ölkə) göndərilməzsə, bu halda sığınacaq haqqında ərizəyə Almaniya baxmalı və mahiyyəti üzrə müvafiq qərar qəbul edilməlidir.

Dublin sazişi ilə bağlı müddətlər aşağıdakı kimi hesablanır:

  • xüsusi ağırlaşdırıcı hallar olmadıqda 6 ay;
  • Şəxs cinayət törətməkdə şübhəli şəxs kimi və ya təqsirləndirilən şəxs kimi saxlanılırsa, 12 ay müddətinə;
  • Əgər şəxs deportasiya ilə bağlı orqanlardan qəsdən gizlənirsə (deyək ki, deportasiyaya səlahiyyətli orqanlara aydın şəkildə bəllidir ki, şəxs qəsdən deportasiya olunmamaq üçün gizlənir) 18 ay müddətinə.

Müddət nə vaxtdan hesablanır?

Deportasiya üçün müddət şəxsin qaytarılmalı olduğu ölkənin ərizəçinin onun səlahiyyətinə aid olmasını və ərizəçinin qaytarılmasına razı olduğunu təsdiq etdiyi və ərizəyə baxmağa razılıq verdiyi gündən başlayaraq hesablanır.

Yalnız hamiləlik və stasionar müalicədə olmaq həmin ölkəyə getməmək üçün müddətin üzrlü hesab olunmasına səbəb olur.

 


Dublinlə bağlı qərardan şikayət

Deportasiya haqqında qərardan şikayət etmək mümkündür. Deportasiya haqqında qərarın ləğv edilməsi və deportasiya haqqında qərara baxana kimi ərizəçinin ölkədən çıxarılma prosesinin dayandırılması haqqında şikayət verilə bilər. Ona görə də Dublin sazişi ilə bağlı tutduğunuz vəkil iki şikayət verməlidir. Biri Dublinlə bağlı deportasiya haqqında qərarın ləğv edilməsi, ikinci həmin şikayətə baxıldığı müddətdə ərizəçinin ölkədən çıxarılması prosesinin dayandırılması haqqında olmalıdır. Şikayət inzibati məhkəməyə (Verwaltungsgericht) verilməlidir. Dublin qərarı ilə bağlı şikayət, ərizə alındıqdan bir həftə müddətinə sürətli icraat (Eilverfahren) qaydasında verilməlidir.

Ərizənizə baxılmaqdan imtina edildikdə yeni yaranmış hallar üzrə (yeni yaranmış hallara istinad etməklə) şikayət edə bilərsiniz (Bu hal üçün yeni yaranmış hal dedikdə, sağlamlıq haqqında yeni arayış, göndəriləcəyin ölkədə sizinlə bağlı əvvəl bilmədiyiniz yeni halların və ya problemlərin müəyyən olunması və s. ola bilər).

Daha sonra Almaniya Konstitusiya Məhkəməsinə, hətta insan hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət edə bilərsiniz. Məhkəməyə müraciət bu işlərlə bağlı müddət axınını dayandırır. Yəni müvafiq ölkəyə qayıtmamaq üçün məhkəməyə müraciət etdiyiniz gündən müddət axını dayanır və bu işi udacağınız halda məhkəmə qərarı olan gündən müddət yenidən başlayır. Yəni məhkəməyə sərf olunan vaxt 6 aya daxil edilmir.

Bəzi ölkələrə çıxan Dublin qərarı ilə bağlı yuxarıda qeyd olunan əsaslar olmadan məhkəməyə müraciət etməyi məsləhət görmürük. Çünki bu Sizin pulunuzun xərclənməsindən başqa bir şey deyil. Elə ölkələr var ki, həmin ölkələr, ümumiyyətlə, Dublin sazişini icra etmir. Odur ki, Dublin qərarı ilə bağlı vəkil tutmazdan əvvəl mütləq bizim məsləhətlərdən faydalanın və bizimlə əlaqə saxlayın (yazın və ya zəng edin).

Federal və ya ərazi parlamentində petisiya

Sığınacaq axtaranlar üçün sonuncu instansiya Federal (Bundestag) və ya ərazi Parlamenti (Landtag) də ola bilər. Petisiya dövlət orqanlarına vəsatət, müraciət, xahiş formasında kollektiv və ya fərdi yazılı müraciət formasıdır.

Bəzi ölkələrdə petisiya yalnız vətəndaşlar tərəfindən verilə bilər. Almaniyada əcnəbilər də müraciətin bu qaydasından faydalana bilərlər. Bunun üçün Almaniya Bundestagına və ya ərazi parlamentinə (Landtag) ailəniz, qonşularınız, iş yoldaşlarınız, uşaqlarınızın müəllimləri və s. adından müraciət etmək mümkündür. Almaniyada bu cür müraciətlərə baxılması üçün parlamentdə xüsusi komissiya mövcuddur (Härtefallkommission). Bu komissiya daxil olan müraciətlərin hansının icraata qəbul edilməsi haqqında müstəqil qərar qəbul edir. Əgər komissiya daxil olan müraciətin qanunsuz araşdırılması qərarına gələrsə, qərar qəbul edən orqana müraciət edir və şəxsə müvəqqəti və ya daimi yaşamaq hüququ verilməsini xahiş edir. Härtefall komissiyaya müraciət qaçqın statusu almaq üçün edilən təkrar ərizə hesab olunmur. Komissiya şəxsin Almaniyanı tərk etməməsinə səbəb olan əsasları sadalayır, əsaslandırır, şəxsin cəmiyyətə artıq inteqrasiya olunmasını qeyd edir və sair. Ərazi parlamentinə petisiyanın verilməsi yerli siyasətçilərin problemə diqqətlərini cəlb etmək baxımından çox əhəmiyyətlidir. Bu müraciətdən sonra məmurlar sizin müraciətinizə münasibətdə daha diqqətli yanaşmağa və səhvə yol verməməyə çalışırlar. Unutmayın ki, petisiyanın verilməsi avtomatik olaraq deportasiya haqqında qərarın dəyişməsinə səbəb olmur. Hətta bəzi hallarda bu müraciətə Sizin ölkədən çıxmanızdan sonra da baxıla bilər. Lakin qəbul olunacaq qərar Sizin Almaniyaya qaytarılmanızla nəticələnə bilər. Bu müraciət üçün xüsusi vəkil tutmaq və ya vəkilə ödəniş etməyə ehtiyac yoxdur. Bu tip müraciətin layihəsini daha keyfiyyətli formada biz Sizin üçün ödənişsiz yaza və müraciəti daha yaxşı əsaslandıra bilərik.

 


Aşağıdakı şərtlər deportasiyanı istisna edir:

– Deportasiya haqqında qərar ailənin bütün üzvləri haqqında olmalıdır. Məsələn; əgər Almaniyada doğulmuş uşaq haqqında deportasiya qərarı yoxdursa, ailənin digər üzvlərini ölkədən çıxarmaq yolverilməzdir və bunu hər kəsin bilməsi çox vacibdir;
– Deportasiya haqqında qərar alınan gündən bir həftə keçənə kimi;
– Qanunla nəzərdə tutulmuş müddətdə şikayət edilibsə və həmin şikayətə hələ baxılmayıbsa və ya baxış mərhələsindədirsə;
– Hamilə qadınlar (doğuşa 6 həftə qalan müddətdə və doğuşdan 8 həftə sonra, doğuş vaxtında baş vermədiyi hallarda doğuşdan 12 həftə sonrakı müddətdə).

Əlaqə vasitələri:

Tel: +49 211 975 333 43

e-mail: azlegat@gmail.com