Dünya Mətbuat Azadlığı Günü: Azərbaycanda neçə jurnalist həbsdədir?
  • 3 May 2019
Azərbaycanda həbsdə olan jurnalistlərFotonun müəllifiCOURTESY/ELMİR MİRZOYEV/AYENDE/XEBER44

3 may Dünya Mətbuat Azadlığı Günüdür.

Bu gün 1993-cü ildə UNESCO-nun tövsiyyəsi əsasında BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib.

BMT-nin Baş katibi Antonio Guterres deyir ki, “Heç bir demokratiya şəffaf və inamlı informasiyaya əlçatımlıq olmadan tam deyil”.

Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mətbuat azadlığının məhdudlaşdırılması, jurnalistlərin həbsi və onlara təzyiq edilməsi ilə bağlı tənqid edilib.

Hökumət bu tənqidləri əsassız hesab edir. Prezident İlham Əliyev Azərbaycanda mətbuat azadlığının qorunduğunu deyir.

Avropa Parlamenti 2018-ci ilin iyulunda qəbul etdiyi qətnamədə Avropa İttifaqına gələcəkdə Azərbaycanla bağladığı razılıqlarda siyasi məhbusların azad edilməsini ətraflı razılığın ratifikasiyası üçün şərt olduğunu Azərbaycan hökumətinə xatırlatmağı tövsiyə etmişdi.

Sənəddə hazırda həbsdə olan jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi, Elçin İsmayıllının dərhal azad edilməsinə nail olması tövsiyyə edilmişdi.

Qətnamədə həmçinin Aİ-yə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qoyulan qadağanın qaldırılmasına nail olunması tövsiyyə edilib.

Azərbaycanda həbs olunan jurnalistlərdən başqa, müxalifyönlü media ilə əməkdaşlıq edən bir sıra jurnalistə ölkədən çıxış məhdudiyyəti qoyulub.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunda yer alan Xədicə İsmayıl BBC News Azərbaycancaya deyib ki, İşçi Qrupun “siyasi məhbus siyahısında” hazırda həbsdə olan dörd jurnalistin adı var. Bunlar Əfqan Muxtarlı, Seymur Həzi, Araz Quliyev və Elçin İsmayıllıdır.

Əfqan MuxtarlıFotonun müəllifiELMİR MİRZOYEV
Image captionƏfqan Muxtarlı saxlanarkən döyüldüyünü və cibinə 10 min avro pul qoyulduğunu deyir

Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlı 2018-ci ilin yanvarın 12-də 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.

Jurnalist özü və beynəlxalq İnsan Haqları Müdafiə təşkilatları bunun siyasi səbəblərinin olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyirlər.

Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.

O, son bir neçə ildə 3 araşdırma edib və iddia edib ki, prezident İlham Əliyevin ailəsinə bağlı şirkətlər Gürcüstanda biznes şəbəkəsi qurublar. Bununla yanaşı o, Müdafiə Nazirliyində olan korrupsiya və büdcə pullarının xərclənməsi barədə yazılar yazıb.

2014-cü il dekabrın 5-də dostu və həmkarı araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edildikdən sonra Əfqan Muxtarlı araşdırmalarını davam etməyə başlayıb və Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərib.

Əfqan Muxtarlı 2018-ci ilin mayın 29-da “oğurlanaraq Bakıya gətirildiyini” deyib.

Azərbaycan bu işlə bağlı bəyanatında Əfqan Muxtarlının üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Azərbaycan sərhədini qanunsuz keçdiyini və üzərində 10 min avro nağd pulun tapıldığını iddia edib.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hökumətin iclasında azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstandan “oğurlanması” iddiasında Gürcüstan dövlət orqanlarının iştirakını “istisna” edib.

Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstanın Sərhəd Polisi və Əks-kəşfiyyat Departamentinin başçıları istintaq müddətinə vəzifədən kənarlaşdırılıb, Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrişvili bildirib.

15 İyun 2017-ci ildə Avropa Parlamenti Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.

2017-ci ildə Əfqan Muxtarlıya verilən “Pavel Şeremet jurnalist mükafatı – 2017” onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib.

Seymur HəziFotonun müəllifiAYENDE M

Seymur Həzi

Jurnalist Seymur Həzi 2015-ci il yanvarın 29-da 5 illik həbs cəzası alıb.

Onun saxlanılması ilə nəticələnən hadisələr barədə mediada yayımlanan polis açıqlamasına əsasən, avqustun 29-da jurnalist Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında naməlum adama qarşı zor tətbiq etdiyindən sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində “silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq” maddəsi ilə cinayət işi açılmışdı.

Seymur Həzi öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyir.

Jurnalistin vəkili Adil İsmayılov Reuters agentliyinə deyib ki, qərar “haqsız”, məhkəmə işi isə “tamamilə qondarmadır”.

Vəkilin sözlərinə görə, məhkəmə qərarına apellyasiya şikayəti veriləcək.

Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökumətini tənqid edən “Azərbaycan saatı” TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktorudur.

Elçin İsmayıllıFotonun müəllifiCOURTESY

Elçin İsmayıllı

İsmayıllıda “Azadlıq” qəzetinin bölgə müxbiri kimi çalışmış Elçin İsmayıllı 2017-ci ildə həbs edilib.

Jurnalistə Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il həbs cəzası verilib.

O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Vəkil Elçin Sadıqov Elçin İsmayıllıya verilən hökmü “qanunsuz” sayır. Onun sözlərinə görə, məhkəmə araşdırması zamanı Elçin İsmayıllının “kimsədən hədə-qorxu ilə pul tələb etməsi sübuta yetirilməyib”.

Jurnalist bu ittihamlarla razılaşmır və onları qondarma hesab edir.

Araz QuliyevFotonun müəllifiXEBER44

Araz Quliyev

Xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət ittihamı ilə 2012-ci ilin sentyabrında saxlanılan “xəbər44” xəbər saytının baş redaktoru, jurnalist Araz Quliyev Masallıda Beynəlxalq Folklor Festivalı zamanı dindarlarla polis qarşıdurmasını işıqlandırarkən saxlanılıb.

2013-cü ilin aprelində Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 8 il həbs cəzası verilməsi haqda qərar çıxarıb.

İkram RəhimovFotonun müəllifiİKRAM RƏHİMOV

İkram Rəhimov

“Reallıq.info” saytının rəhbəri İkram Rəhimovu 2018-ci ilin oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İkram Rəhimov tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib.

İkram Rəhimov “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə”-də ittiham olunur.

İkram Rəhimov haqda qəbul edilmiş iki aylıq həbs qətimkan tədbiri uzadılıb və hazırda məhkəmə işi davam edir.

Azadlıq RadiosuFotonun müəllifiAZADLIQ RADİOSU

Bloklanan saytlar

Meydan TV, Azadlıq Radiosu, Azadlıq qəzeti, Turan TV, Azərbaycan saatı

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Səbail Rayon Məhkəməsi 2017-ci ilin mayın 12-də Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytlarının bloklanması haqda qərar qəbul edib və sözügedən saytlar eyni gün bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayılması haqda müraciətinə əsaslanıb.

ETM məhkəməyə müraciətində iddia edib ki, adıçəkilən media qurumları “Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid” yaradıb.

Qurum, müraciətində bu saytların sonradan başqa adlar altında fəaliyyət göstərəcəyi təqdirdə onların da bloklanmasını tələb edib, lakin bu tələb təmin edilməyib.

Bloklanan saytlar iddiaları “əsassız” hesab edirlər.

2019-cu il aprelin 23-də Meydan TV saytının bloklanması ilə bağlı şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qətnaməsini dəyişməyib.

Bundan başqa bir neçə digər saytlara bənzər səbəblərlə məhdudiyyət qoyulub. Amerikanın səsi, Arqument.az və bir neçə başqa sayta isə müxtəlif vaxtlarda qoyulan məhdudiyyətlər daha sonra götürülüb.

https://www.bbc.com/azeri/azerbaijan-48117868

 

 

Print Friendly, PDF & Email