Son iki gündə “MTN işi”nə görə həbs edilən şəxslərlə bağlı məhkəmə qərarları sabiq milli təhlükəsizlik nazirinin ətrafında yeni təhlükəli proses kimi qiymətləndirilir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət rədd edilib. Fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Vüqar Mahmudovun vəkili Hikmət Əliyevin apelyasiya şikayəti təmin olunmayıb.

 

“Yeni Müsavat” bildirir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. 2017-ci ilin noyabr ayının 3-də onun barəsində həbs-qətimkan tədbiri seçilib.

 

1996-cı ildə İqtisad Universitetinin iqtisadiyyatın idarəedilməsi fakültəsini bitirən Vüqar Mahmudov  qeyri-rəsmi səlahiyyəti nazir müavinindən yuxarı olub. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq nazirə catdırılırmış. İddiaya görə, onun xidməti otağında çoxlu sayda iri seyflər olub ki, onlar yığılan pulların saxlanması üçün istifadə olunub.

Verilən məlumatda bildirilir ki, 2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov 2005-ci ildə “Hərbi xidmətlər gorə” medalı, 2006-ci ildə “Vətən uğrunda” medalı, 2008-ci ildə “İgidliyə görə” medalı, 2012-ci ildə isə “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi ilə təltif edilib, qısa müddət ərzində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksəlib.

 

MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vuqar Mahmudov Eldar Mahmudovun adından daha çox Bakiətrafı kəndlərdə xeyli sayda torpaq mənimsədiyi deyilir.

 

Məlumatlara görə,  Vüqar Mahmudov özünü ittihamlar üzrə təqsirli bilmir, ittihamları qəbul etmir. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı ifadə ala bilərlər. Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindirirdilər. Həmin günlərdə belə ehtimallar vardı ki, sabiq naziri həbs edəcəklər. 4 dəfə dindirilən Eldar Mahmudovu sonradan istintaqa çağırmadılar.

 

Yeri  gəlmişkən, fevralı 11-də Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə də  başa çatıb. Prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb. Son iki gündə MTN işinə görə həbs edilən şəxslərlə bağlı qərarlar E.Mahmudov ətrafında yeni təhlükəli proses kimi qiymətləndirənlər də var…

 

 

 

 

Print Friendly, PDF & Email