Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Fransada mühacir həyatı yaşayan  ABU- nun sabiq rektoru Elşad Abdullayevin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər – Çıxarış – “Avropa işi” Hesabatı – 21 aprel 2018

Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin hazırladığı “Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar” mövzusunda hesabatın təqdimatı keçirilib. Hesabat 30 oktyabr 2017- 01 mart 2018- ci illər aralığında hazırlanıb və SMMM-in koordinatoru Oktay Gülalıyev tərəfindən təqdim olunub. Sənəd həm Azərbaycan, həm də ingilis dillərindən hazırlanıb. Xural.com hesabatı olduğu kimi təqdim edir:

Ümumi məlumat

Təqdim olunan Hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Bu sənəd Avropada və digər ölkələrdə yaşayan azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, onların ictimai- siyasi fəaliyyəti ilə əlaqədar həmin şəxslərin ailə üzvlərinə, qohumlarına qarşı Azərbaycanda həyata keçirilən təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır.

Hesabatın hazırlanmasında Avropa ölkələrində bu və ya digər formada əlaqəli şəkildə təzyiqlərə məruz qalan, həbs olunan şəxslər, onlara qarşı irəli sürülən rəsmi ittihamlardan, həmin şəxslərin özlərinin və müdafiəçilərinin fikirlərindən, mətbuatın xülasəsindən, yerli və beynəlxalq təşkilatların mövqeyini ifadə edən sənədlərdən, eləcə də Azərbaycan hökümətinin mövqeyindən, qanunvericilik aktlarından və s. istifadə olunub.

Hesabatın hazırlanmasında məqsəd

Statistik məlumatlara görə Azərbaycanda artan repressiyalar, əlverişsiz biznes mühiti, korrupsiya və monopoliyanın güclənməsi, təhlükəsiz yaşam, işsizlik problemləri və s. nöqteyi- nəzərdən son illər xeyli sayda insan ölkəni tərk edərək xarici ölkələrə üz tutur. Hazırda ölkədə təqiblərə məruz qalan xeyli sayda ictimai- siyasi fəal Avropada yaşayır və fəaliyyət göstərir. Onlar tez- tez Avropanın müxtəlif şəhərlərində Azərbaycan hakimiyyəti əleyhinə aksiyalar keçirirlər, siyasi məhbuslara azadlıq tələb edir, hakimiyyəti tənqid edirlər. Hakimiyyətin əli onlara çatmadığına görə onları susdurmaq və mövqelərindən geri çəkmək üçün həmin şəxslərin Azərbaycandakı ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlər həyata keçirir. Onların qohumlarını işdən çıxarır, polisə çağırıb təzyiq göstərir, həbs edir. Bəzən isə onları Avropadakı qohumlarından imtinaya məcbur edir.

Hesabatın hazırlanmasında məqsəd Avropada yaşayan siyasi mühacirlərin özlərinə və Azərbaycandakı ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən təzyiqləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb onu aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Diqqəti bu istiqamətdə baş verən hadisələrə yönəltməklə problemin həllinə yardımçı olmaqdır.

Avropa ölkələrində yaşayan siyasi mühacirlərin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər

2014- cü ildə vətəndaş cəmiyyəti fəallarına qarşı olan total hücumun ardınca Avropa ölkələrində yaşayan siyasi mühacilərin Azərbaycanda yaşayan qohumlarına qarşı təzyiqlər də güclənib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid fəaliyyətindən dolayı onun Azərbaycanda (Şamaxıda- red.) yaşayan 2 qohumu həbs olundu. ABU- nun sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayev, jurnalist Günel Mövludun qardaşları, Meydan Tv- nin redaktoru Emin Millinin qohumu, Turan Tv- nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyevə cinayət işi açılıb həbs olunub. Hollandiyada yaşayan blogger Orduxan Teymurxanın uşaqdan- böyüyə kimi 12 nəfər qohumu Suraxanı polisinə aparılaraq təzyiqlərə və işgəncəyə məruz qalıblar, qohumlarına inzibati həbs cəzası verilib. Eyni aqibətlə Almaniyada yaşayan blogger Tural Sadıqlının ailəsi üzləşib və qardaşı Elgiz Sadıqlı həbs olunub. Hazırda xeyli sayda azərbaycanlı siyasi mühacirlərin avropadakı fəaliyyətlərinə görə onların qohumları Azərbaycanda təzyiqlərə məruz qalır. Polisə çağrılıb hədə- qorxu gəlinir, həbs olunurlar, işdən çıxarılır və hədələnirlər.

Qohumları təzyiqlərə məruz qalan şəxslərdən bir çoxları qohumlarının təhlükəsizliyi və rifahı üçün bu məlumatların ictimailəşdirilməsini istəmir. Bəzi şəxslərlərlə bağlı detallı məlumatlara nəzər salaq;

… Elşad Abdullayev – Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev “mandat alveri” və qardaşı Mahir Abdullayevin oğurlanması cinayəti ilə bağlı bir sıra məmurların ifşası ilə nəticələnən gizli çəkdiyi videoları ictimailəşdirdikdən sonra onun yaxınlarına və ailə üzvlərinə qarşı açıq təzyiqlər başlayıb. Onun qardaşı oğlu, Qarabağ döyüşlərinin iştirakçısı Mübariz Abdullayev 10 il müddətə azadlıqdan məhrum edilib. Bir sıra hüquq- müdafiə təşkilatları onu girovluqda olan siyasi məhbus elan edib. Sabiq rektorun bəzi qohumları, onun Azərbaycandakı qanuni nümayəndəsi Azad Mursaliyev və digərlərinin isə ölkədən çıxışı qadağan edilib. Özünün bildirdiyinə görə digər qardaşı, beynəlxalq hüquq üzrə elmlər namizədi, dossent Eldəniz Abdullayevi Azərbaycan Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevə məxsus “Qurd qapısı” restoranında zəhərləyiblər və nəticədə əmək qabiliyyətini itirib.

Elşad Abdullayev bildirir ki, qardaşı Mahir Abdullayevin oğurlanması cinayəti ilə bağlı yazıları və tələbləri təkrarlandıqca hakimiyyətə yaxın mətbuat orqanlarında onun və ailə üzvlərinin ünvanına mütəmadi olaraq böhtanlar və təhqir dolu yazılar dərc olunur;

Fransanın Paris şəhərində “Təsisçisi və redaktoru olduğum Avropaninsesi.com saytının Azərbaycana girişi bloklanıb.

Vaxtilə, rəhbəri olduğum Azərbaycan Beynəlxalq Universitetinin məni müdafiə edən məzun və müəllimləri davamlı şəkildə dövlət terroruna  məruz qalırlar” …

Daha ətraflı:

“Avropa işi” Hesabatı

Ulduz, Fransa, Paris, 22.04.2018

info@avropaninsesi.com

 

Fotolar: