Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Prokuror vəkilə 5 il şərti cəza ilə razılaşmayaraq apellyasiya protesti verib

Sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov dələduzluqda təqsirli bilinib. Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb.

İttihama görə, Ə.Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilini satdığını deyərək, müştəri tapmasını istəyib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib. “Kamran” MTK hüquqi yardım göstərən Ə.Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.

Ə.Talıbov Mehman Səmədov adlı şəxsin 22 min 900 manat pulunu dələduzluq yolu ilə keçirməkdə ittiham edilib. Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq əldə edilib. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində vəkilə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib. Vəkil dələduzluq və rüşvət verməyə təhrikçilik əməli ilə təqsirli bilinib. Məhkəmənin hökmünə əsasən Ə.Talıbova 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, ona Cinayət Məcəlləsiin 70-ci (yərti məhkumetmə) maddəsi tətbiq edilib və cəza 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Ancaq dövlət ittihamçısı hökmlə razılaşmayaraq, hökmdən apellyasiya şikayəti verib. O protestə cəzanın ağırlaşdırılmasını istəyib. Apellyasiya protestinə fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.