Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Gürcüstanın ilk qadın Prezidenti Fransalı mühacir kimdir ?
SSRİ-nin Tiflisdən qovduğu mühacirin  Fransada yaşayan  Müstəqil namizəd Salome Zurabişvili Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turunda 59, 56 faiz səs toplayaraq, qalib gəlib.
Salome Zurabişvili seçicilərə təşəkkür edib: “Bizim seçim – bərabərhüquqlu vətəndaşları olan azad Gürcüstandır. Mənim seçimim – cəmiyyətin mənə səs verməmiş  hissəsi ilə dialoqdur. Biz hamımız kiçik bir dövlətin vətəndaşlarıyıq. Birləşməyimiz üçün nə lazımdırsa, onu edəcəyəm”.
Bəs yeni prezident kimdir?
Salome Zurabişvili 18 mart 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində dünyaya göz açıb. Onun babası 1918-20-ci illərdə mövcud olmuş Gürcüstan Respublikasının birinci hökumətinin tərkibində olub. Sovet Rusiyasının Gürcüstanı işğal etməsindən sonra Fransya mühacirət edib.
Salome Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. İki dəfə ərdə olub. İkinci həyat yoldaşı gürcü filosof, tarixçi və publisist Anri Caşiya 2012-ci ildə vəfat edib. İran-gürcü mənşəli Nikoloz Ququşvili ilə olan birinci nigahından iki övladı var – oğlu Teymuraz və qızı Ketevan.
Teymuraz Nyu-Yorkda yaşayır və BMT-nin missiyasında çalışır. Ketevan isə Fransa tv-lərində idman verilişlərinin aparıcısıdır. Zurabişvili 1974-77-ci illərdə Fransanın İtaliyadakı səfirliyinin 3-cü katibi işləyib. 1974-2004-cü illərdə Fransa XİN sistemində çalışıb. 1977-80-ci illərdə Fransanın BMT-dəki nümayəndəsi olub. 1980-84-cü illərdə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib. 1984-88-ci illərdə Fransanın ABŞ-dakı səfirliyinin 3-cü katibi olub. 1988-89-cu illərdə ATƏT-in Avstriyadakı nümayəndəsi kimi çalışıb. 1990-93-cü illərdə Fransanın Çaddakı səfirliyində işləyib, 1993-96-cı ilərdə Fransanın NATO-dakı daimi missiyasının birinci katibi  olub.  1996-2003-cü illərdə Fransa XİN-inin strateji şöbəsində işləyib.
2003-2004-cü illərdə Zurabişvili Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildən 2005-ci ilə qədər prezident Saakaşvilinin təklifi ilə Gürcüstanın xarici işlər naziri postunu tutub. Sonradan fikir ayrılığına görə, vəzifədən gedib. Rus ordusunun Gürcüstandan çıxarılması prosesinə rəhbərlik edib. 2005-ci ilin noyabrında Zurabişvili müxalifətçi “Gürcüstan yolu” partiyasını yaradıb. O, 2007-2009-cu illərdə prezident Saakaşviliyə qarşı etiraz aksiyalarında fəal iştirak edib. 2010-cu ilin noyabrında siyasətdən getdiyini bəyan edib.
2010-2015-ci illərdə Salome Zurabişvili BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar məsələləri üzrə komissiyasında çalışıb. 2013-cü ildə Gürcüstandakı prezident seçkilərində namizəd olmaq istəsə də MSK onu ikili vətəndaşlığına görə qeydə almayıb.
2016-ci ilin oktyabrında Zurabişvili gürcü parlamentinin deputatı seçilib. 2018-ci ilin avqustunda o, seçkidə namizəd olmaq istədiyini açıqlayıb. Bunun üçün Salome Fransa vətəndaşlığından imtina edib. Seçkinin birinci turunda 38, 64 faiz səs toplayaraq ikinci tura keçib.
Zurabişvili Fransanın yüksək mükafatı olan “Legion” ordeni ilə təltif olunub.
euronews.tv

PLUS D’INFOS