Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.
Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb. Virtualaz.org-a məlum olduğuna görə, hadisə bu gün saat 17:00-da baş verib.

Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
***

 

 

 

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun intihar xəbəri yayılıb. Yerli  saytlardan birinin iddiasına görə o saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində özünü asıb.

Lakin məlum olub ki, bu, saxta xəbərdir. Hacı Məmmədovun ailə üzvlərindən biri musavat.com-un müxbirinə deyib ki, yayılan xəbər doğru deyil: “Biz H.Məmmədovla əlaqə saxlayırıq, danışırıq. Səhhətində problemlər olsa da, vəziyyəti pis deyil”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z.Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.