Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

Harvard universitetinin ikinci kurs tələbəsi Mark Zukerberq 2004-cü ildə öz Facebook startapı üzərində işini davam etdirmək üçün Silikon vadisinə getməyi qərara alır.

Hazırda adı dünyanın ən zəngin adamları siyahısında beşinci olan və ətrafında milyarddan çox insanı birləşdirən sosial şəbəkənin rəhbəri Zukeberq on üç il sonra Harvard universitetinin fəxri elmlər doktoru dərəcəsini alıb.

O, 2017-ci il mayın 15-də Harvard universitetinin məzunları qarşısında çıxış edib.
Mark Zukeberq, Facebook-un yaradıcısı və rəhbəri:

“Prezident Faust, Qəyyumlar Şurası, müəllimlər, məzunlar, dostlar, qürurlu valideynlər, məsləhətçi şura və dünyanın ən möhtəşəm universitetinin məzunları.

Bu gün burda sizlərlə birgə olmaq mənim üçün böyük şərəfdi, çünki, etiraf edim ki, siz mənim çata bilmədiyim şeyə nail olmusunuz. Əgər mən öz nitqimi sona çatdıra bilsəm, heç olmasa ilk dəfə Harvardda nəyisə bitirmiş olacam.

2017-ci ilin məzunları, sizi təbrik edirəm!

Mən bu rolda qeyri-adi natiqəm, özü də təkcə ona görə yox ki, universiteti yarıda qoymuşam, həm də ona görə ki, formal olaraq biz sizinlə eyni nəslin nümayəndələriyik. Biz bu həyətdə 10 ildən də az fərqlə gəzmişik, eyni ideyaları öyrənmişik və elə eyni iqtisadiyyat üzrə mühazirələrdə mürgü döymüşük. Bəlkə də bura müxtəlif yollarla gəlib çıxmışıq, xüsusilə də yolu bütünlüklə Quad-dan (Harvard yataqxanası) keçənlərlə. Amma mən bu gün bizim nəslimiz və birgə qurduğumuz dünya haqqında öyrəndiklərimi sizinlə bölüşmək istərdim.
Amma ilk olaraq son bir neçə günün mənə gətirdiyi xoş xatirələrdən söhbət açım.

Harvarda qəbul olunmağınız haqda elektron məktub aldığınız vaxt konkret nə ilə məşğul olduğunuzu hansınız xatırlayırsınız? Mən “Sivilizasiya” oynayırdım və məktubu alan kimi aşağı qaçdıb atamı çağırdım, o isə nədənsə zərfi neçə açdığımı videoya çəkməyi qərara aldı. Video çox kədərli alına bilərdi. İnanın ki, valideynlərimin mənimlə bağlı ən çox qürur duyduqları şey övladlarının vaxtilə Harvarda qəbul olunmasıdı.

Bəs sizin Harvardda ilk mühazirəniz? Mənim ilk mühazirəm möhtəşəm Harri Lyuisin informatikadan söylədiyi mühazirə olub. Yadımdadı, mühazirəyə gecikirdim, qısaqol köynəyimi tələsik geyinmişdim. Onu əynimə astar tərəfindən, üstəlik dal-qabaq keçirdiyimi sonradan anladım, sən demə, etiketi göz deşirmiş. Mən də heç cür anlaya bilmirdim ki, axı Key Eks Szinya adlı oğlandan savayı niyə heç kəs mənimlə danışmaq istəmir. Onunsa vecinə deyilmiş. Elə o vaxtdan onunla dostlaşdım və müxtəlif məsələlər üzərində birgə baş sındırdıq, indisə bu adam Facebook-un böyük bir hissəsinə rəhbərlik edir. 2017-ci ilin məzunları, elə bu hadisə bir daha sübut edir ki, insanlara yaxşı münasibət göstərməyinə dəyər.

Amma mənim Harvardla bağlı ən yaxşı xatirəm Pirsilla ilə görüşümdü. Mən öz zarafatcıl Facemash saytımı yaradan kimi universitet rəhbərliyi “mənimlə danışmaq” istədi. Hər kəs qovulacağımı düşünürdü. Valideynlərim əşyalarımı yığmaqda yardımçı olmaq üçün gəldilər. Dostlarım vida ziyafəti düzənlədilər. Xoşbəxtlikdən bu ziyafətə Pirsilla da rəfiqəsi ilə gəlib çıxdı. Biz Pfoho yataqxanasının tualetinə növbədə tanış olduq və onda mən yəqin ki həyatımın ən romantik cümləsini söylədim: “Üç gündən sonra məni qovacaqlar, odur ki, təcili görüşə çıxmalıyıq”.

Yeri gəlmişkən, istənilən məzun bu cümləni dilinə gətirə bilər.
Sonunda məni qovmadılar, özüm getdim. Pirsilla ilə görüşməyə başladıq. Bilirsiniz, o filmdə (Facebook) elə bir təəssürat yaranır ki, guya Facebook-un yaranmasında Facemash çox mühüm rol oynayıb. Amma bu belə deyil. Hərçənd Facemash da olmasaydı, Pirsilla ilə rastlaşmazdım, bu qadınsa həyatımda olan ən vacib insandı. Elə buna görə də əminliklə deyə bilərəm ki, Facemash zamanında burda yaratdığım ən mühüm şey olub.
Hamımız burda ömürlük dostlar qazanmışıq, bəzilərimiz hətta ailəsini tapıb. Bax elə buna görə də bu yerə çox minnətdaram. Harvard, çox sağ ol.
Bu gün mən burda məqsəddən söhbət açmaq istəyirəm.

Amma mən burda həmin bu məqsədin axtarışı haqda standart nitq söyləmək fikrində deyiləm. Biz milleniallarıq (XX əsrin sonlarında doğulmuş və XXI əsrdə yaşayanlar – tərcüməçinin qeydi), biz bunu elə beləcə də, instinktiv şəkildə də edə bilərik.
Yox, mən burda sizə bunu söyləmək istəyirəm: öz məqsədini tapmaq yetərli deyil. Bizim nəslin qarşısında duran hər kəsin məqsəd hissi olacaq bir dünya yaratmaqdı.
Sevimli hekayətlərimdən biri Con Kennedinin NASA kosmik mərkəzinə gəlişidi. Prezident orda süpürgəçi görür və ona yaxınlaşıb soruşur: “Sən burda nə edirsən?” Süpürgəçi cavab verir: “Cənab prezident, mən insanın Aya uçmasına yardım edirəm”.
Məqsəd bizlərin olduğumuzdan qat-qat böyük bir şeyin bir hissəsi olduğumuzu anlamaqdı. Ətrafın bizə ehtiyacı olduğunu anlamaqdı, qarşıda bizi daha yaxşı şeylər gözlədiyini anlamaqdı, həmin yaxşı şeyə can atmaq lazım olduğunu anlamaqdı.

Siz xüsusilə mühüm bir zamanda məzun olursunuz. Valideynlərimiz sizin yerinizdə olanda, iş, kilsə, cəmiyyət insanların qarşısına rahat məqsədlər qoyurdu. Lakin bu gün texnologiya və avtomatlaşdırma bir çox iş yerlərini məhv edib. Getdikcə daha az adam müxtəlif qruplarda iştirak edir. Çoxları özünü rədd edilmiş hiss edir və ruh düşkünlüyünə qapılır, onlar bu boşluğu necəsə doldurmağa çalşışırlar.
Səfərlərdən birində həddi-büluğa çatmamış qanun pozucularının saxlandığı mərkəzdə narkotikdən asılı uaşqlarla tanış oldum. Onlar mənə dedilər ki, həyatda bir məşğuliyyət tapa bilsəydilər, hansısa sinifdən xaric məşğələlər və ya sadəcə gedə biləcəkləri bir yer olsaydı, həyatları tamam başqa cür qurulardı. Mən köhnə iş yerlərinin heç vaxt qayıtmayacağını bilən zavod işçiləri ilə görüşmüşəm, onlar özlərinə yeni iş yeri tapmağa çalışıblar.

Cəmiyyətimizn irəli getməsi üçün qarşımızda nəsil problemi durur. Və məsələ sadəcə iş yerləri yaratmaq anlamına gəlmir, ən əsası məqsəd hissinin yenilənməsidi.

Kirkland House yataqxanasındakı balaca otağımda Facebook-u necə işə saldığımı xatırlayıram. Dostum Key Ekslə Nosh”s pisseriyasına getdim. Yadımdadı, onda ona dedim ki, Harvardı birləşdirmək imkanına sevinirəm, amma günlərin birində kimsə bütün dünyanı birləşdirə bilər.

Onda heç ağlımın ucundan da keçməzdi ki, bu “kimsə” biz ola bilərik. Biz sıradan bir tələbələrdik. Biz bu haqda heç nə bilmirdik. Hərçənd bunun üçün iri texnoloji şirkətlər mövcud idi və mən onlardan birinin bunu nə vaxtsa edəcəyini bilirdim. Amma bütün insanların bir-biri ilə əlaqədə olmaq istəməsi mənə kifayət qədər aydın idi. Biz sadəcə irəli gedirdik, günbəgün.

Əminəm ki, hər birinizin illər sonra söhbət aça biləcəyiniz oxşar hekayətlər peyda olacaq. O zaman dəyişikliklər o qədər aşkar olacaq ki, siz onları sanki başqa birisinin həyata keçirəcəyini düşünəcəksiniz. Amma bunu onlar etməyəcəklər. Bunu siz edəcəksiniz.
Amma məqsədin təkcə sizdə olması yetərli deyil. Siz bu hissi başqalarında da yaratmalısınız.

Mən buna çətin yolla gəlmişəm. Bilirsiniz, mən heç vaxt şirkət qurmaq fikrində olmamışam, mən sadəcə nəticəyə nail olmaq istəmişəm. İnsanlar gəlməyə başlayandasa onların da eyni şey istədiklərini düşünmüşdüm və elə bu səbəbdən nə qurmaq istədiyimi heç vaxt izah etmirdim.

Bir-iki ildən sonra bir neçə şirkət bizi almaq istədi. Mən satmaq istəmirdim. Mən adamları bir araya gətirib-gətirə bilməyəcəyimizi öz gözlərimlə görmək arzusundaydım. Biz ilk xəbər lentini hazırlayırdıq və mən düşünürdüm ki, onu işə sala bilsək, o, insanların dünyanı necə dərk etməsi barədə təsəvvürləri dəyişəcək.

Yerdə qalan hamısa, demək olar ki, öz şirkətini satmaq istəyirdi. Əgər ali məqsəd yoxdursa, satış istənilən startapın arzusudu. Bu bizim şirkəti dağıtdı. Qızğın mübahisədən sonra müşavirim mənə dedi ki, satışdan imtina etsəm, həyatım boyu bunun peşmanıçılığını çəkəcəm. Münasibətlər o dərəcədə korlandı ki, hardasa bir il ərzində bütün rəhbərlik şirkətdən uzaqlaşdı.

Bu, Facebook-da yaşadığım ən çətin dönəm idi. Mən etdiyimiz işə inanırdım, amma özümü tənha hiss edirdim. Və ən pisi də o idi ki, bu mənim günahım idi. Özümdən soruşurdum: görəsən, mən günahkar deyiləm ki? Bəlkə mən dünyanın necə qurulduğundan bixəbər 22 yaşlı uşağam?
İndi illər ötdükdən sonra anlayıram ki, əgər ali məqsəd yoxdusa, hər şey elə məhz bu cür işləyir. Biz birgə irəliləmək üçün onu yaratmalıyıq.

Bu gün mən dünyanın qurulmasının üç yolundan danışmaq istəyirəm. O yoldan ki, orda hər kəsin məqsəd duyğusu olacaq. Bu, iri, mühüm layihələr üzərində birgə əmək; hər kəsin öz məqsədini azad şəkildə həyata keçirə bilməsi üçün bərabərlik anlayışının yenidən dərk edilməsi; bütün dünya üçün cəmiyyətin quruılmasıdı.

İlk olaraq gəlin iri, mühüm layihələr haqqında danışaq.

Bizim nəslimiz robotların, məsələn, özləri özlərini idarə edən maşınlar və ya yük maşınlarının əvəzləyəcəyi on milyonlarla işçi yeri məsələsi ilə üz-üzə qalacaq. Bizim birlikdə daha çox şey eləmək imkanımız var.

Hər bir nəslin onun nailiyyətini müəyyənləşdirən şeylər var. İnsanı Aya göndərmək üçün 300 mindən çox adam birgə çalışıb, o cümlədən süpürgəçi. Dünyada milyonlarla könüllü uşaqlara poliomielit əleyhinə peyvənd edir. Milyonlarla başqa insan Quver bəndini tikib və digər əla layihələr gerçəkləşdirib.

Bu layihələr onların üzərində işləyən insanlarda sadəcə məqsəd hissi yaratmayıb, onlar ölkəmizin böyük işlər görə bildiyimiz üçün qürur duymasına səbəb olub.

İndi növbə bizdədi. İndi sizin nə düşündüyünüzü mütləq bilirəm: “Mən bəndin necə tikilməli olduğunu və milyonlarla insanı nəyinsə üzərində işə necə cəlb etməyi bilmirəm”.

Sizə bir sirr açım: bunu əvvəldə heç kəs bilmir. İdeyalar heç vaxt büsbütün bitkin şəkildə yaranmır. Onlar yalnız üzərində işlədikcə daha aydın şəkil alır. Sadəcə başlamaq lazımdı.

Əgər mən layihəni həyata keçirməzdən öncə insanları necə bir araya gətirə biləcəyimi bilsəydim, Facebook-u heç vaxt yaratmazdım. Filmlərdə və pop-mədəniyyətdə bunu düzgün təqdim etmirlər. O yeganə aydınlanma anı barədə təsəvvür kökündən yanlışdı, üstəlik təhlükəli yalandı. O özümüzü natamam hiss etməyə məcbur edir, çünki bizdə bu cür ideya yoxdu. Yeri gəlmişkən, bilirsiniz, filmlərdə bir də innovasiyalar barədə necə yalan təəssürat yaradırlar? Heç kəs şüşədə riyazi düsturlar yazmır. Həyatda bu cür olmur.

İdealist olmaq yaxşıdı. Amma düzgün başa düşülməyəcəyinə hazır olmaq lazımdı. İrimiqyaslı bir şey üzərində işləyən hər kəsi dəli adlandıracaqlar, hətta sonunda sizdə alınsa belə. Çətin bir tapşırıq üzərində işləyən hər kəsi etdiyi işi kökündən anlamamaqda günahlandıracaqlar, hətta hər şeyi birdən dərk etmək mümkün olmasa belə. Təşəbbüs göstərən hər kəsi həddən artıq tez hərəkətə keçməsinə görə tənqid atəşinə tutacaqlar. Hər zaman sizə mane olmaq istəyən birisi tapılacaq.

Cəmiyyətdə çox vat böyük addımlar atmırıq, çünki səhv etməkdən qorxuruq. Əvəzində bu gün cəmiyyətdə olan pis hər şeyi görməzdən gəlir və heç nə etmirik. Əslində atdığımız hər addıma görə gələcəkdə hesabat verməli olacağıq. Amma bu bizə başlamağa mane olmamalıdı.

Onda biz nəyi gözləyirik? Nəslimiz müəyyənləşdirəcək işlərin zamanı gəlib çatıb. Necə düşünürsünüz, bəlkə planeti dağıdanacan iqlimin dəyişilməsinin qarşısını alaq və milyonlarla adamı günəş batareyalarının yaradıması və quraşdırılması prosesinə cəlb edək.

Necə bilirsiniz, bəlkə bütün xəstəlikləri aradan qaldıraq və könüllülərdən öz sağlamlıqları barədə məlumatları izləmələrini və genomları ilə bölüşməyi təklif edək? Bu gün biz xəstələrə şəfa vermək əvəzinə onların, ümumiyyətlə, xəstələnməməsi üçün vasitə axtarmış olsaydıq, məlum prosesə 50 dəfə az vəsait xərclərdik. Bu mənasızdı. Biz bunu düzəldə bilərik. Necə düşünürsünüz, bəlkə demokratiyanı o qədər modernləşdirək ki, hər kəs onlayn səs verə bilsin və təhsili elə fərdiləşdirək ki, hər kəs oxuya bilsin?

Biz buna nail ola bilərik. Və gəlin elə edək ki, cəmiyyətimizdə hər kəsin öz rolu olsun. Gəlin böyük işlər görək, özü də təksə prosesi aparmayaq, həm də məqsədlər yaradaq.

Buna görə də hər kəsin məqsədi ola biləcəyi dünyanın yaranması üçün keçdiyimiz yolda iri layihələr üzərində işləmək ilk addımımız olacaq.

İkincisi – hər kəsin azad şəkildə məqsədinə doğru getməsi üçün bərabərlik anlayışının yenidən dərk edilməsidi.
Bir çoxunuzun valideyninin karyera boyu sabit işi olub. İndi biz hamımız sahibkarlarıq, fərq eləməz, biz hansısa layihələri işə salırıq, yoxsa həyatda öz rolumuzu axtarırıq. Bu, istənilən halda əladı. Bizim sahibkarlıq mədəniyyətimiz sayəsində məlum prosesə nail olduğumuz şeydi.

Sahibkarlıq mədəniyyəti yeni ideyaları asanlıqla sınaqdan keçirə bildiyimiz an çiçəklənir. Facebook mənim yaratdığım ilk şey deyil. Ondan əvvəl oyunlar, çatlar, təhsil və musiqi səsləndirilməsi proqramları işləyib hazırlamışam. Mən meydanda tək deyiləm. Coan Roulinq “Harri Potter”in çapı ilə bağlı 12 dəfə rədd cavabı alıb. Hətta Beyons Nalo-yadək (bu məşhur nəğmə yarananadək) yüzlərlə nəğmə qoşmalı olub. Uğurların çoxu uğursuzluqlara dözə bilmək azadlığı ilə gəlir.

Amma bu gün bizim maddi bərabərsizliyimiz var, hər kəs bunun əziyyətini çəkir. Öz ideyanı tarixi müəssisəyə çevirmək imkanı olmayanda, biz hamımız uduzuruq. Hazırda cəmiyyətimiz uğurların mükafatlandırımasında ilişib qalıb, amma biz hər kəsin çoxlu sayda cəhd etmək şansı olması üçün heç nə etmirik.

Gəlin dürüst olaq. Əgər mən Harvarddan gedib 10 il ərzində milyardlarla dollar qazana bildiyim halda, buranı yaxınlarda bitirmiş məzunlarsa hələ təhsil borcundan qurtulmayıblarsa, sistemimizdə nəsə qaydasında deyil.

Bilirsiniz, mən çox sahibkar tanıyıram, amma mən bir nəfər də tanımıram ki, ola bilsin ki, kifayət qədər qazanmayacağını düşündüyü üçün biznesə baş qoşmasın. Əvəzində çox adam tanıyıram ki, onlar iflasa uğrayacaqları halda sığortaları olmadığını düşündükləri üçün arzularının ardından getməyiblər.

Biz hamımız bilirik ki, heç kəs təkcə sürəkli işi, ya da yaxşı ideyası hesabına uğur qazanmır. Biz həm də təsadüf nəticəsində uğurlu ola bilirik. Əgər mən uşaq ikən kod yazmağı öyrənmək əvəzinə ailənin yükünü çəkməli olsaydım, ya da hətta Facebook dağılsa belə, hər şeyin qaydasında olacağını bilməsəydim, indi burda qarşınızda çıxış etməzdim. Əgər biz dürüst qiymətləndirsək, nə qədər uğur sahibi olduğumuzu anlayarıq.

Hər bir nəsil bərabərlik anlayışını genişləndirir. Əvvəlki nəsillər səs vermə və vətəndaşlıq hüuquq uğrunda mübarizə aparırdı. Onların “Yeni kursu” və “Böyük cəmiyyətləri” vardı. İndisə növbə bizimdi: bizlər öz nəslimiz üçün yeni sosial müqavilə yaratmalıyıq.
Bizim cəmiyytətimiz tərəqqini təkcə VVP kimi iqtisadi göstəricilərlə deyil, həm də bizlərdən neçəsinin əhərmiyyətli rola malik olduğunu bilməlidir. Biz, məsələn, başlanğıc gəlir kimi ideyalar üzərində düşünməyə başlamalıyıq. Bu vəsait yeni şeyləri sınaqdan keçirmək üçün əlimizdə sığorta olmalıdı. Biz iş yerimizi dəfələrlə dəyişəcəyik, ona görə də işləyə bilməyimiz üçün övladlarımıza əlçatan qulluğun olması və bizi bircə şirkətə bağlamayacaq səhiyyə qurumu lazımdı. Biz səhvlərə yol verəcəyik, ona görə də cəmiyyətimiz bizi məhdudlaşdırmaq və damğalamaq məsələsində ilişib qalmamalıdı. Texnologiya dayanmadan dəyişdiyi üçün bizə həyatımız boyu fasiləsiz təhsilə önəm verən cəmiyyət lazımdı.

Hə, bir də hamı üçün məqsəd güdmək azadlığı pulsuz deyil. Mənim kimilər buna görə haqq verməliyik. Çoxunuzda hər şey alınacaq, onda sizin də belə etməyinizə dəyər.

Məhz elə buna görə də Pirsilla ilə “Çan Zukerberq Təşəbbüsü” yaratdıq və var-dövlətimizi hər kəs üçün bərabər imkanların inkişafına yönəltdik. Bu, nəslimizin dəyərləridi. Bunu edib-etməyəcəyimiz heç vaxt söhbət mövzusu olmayıb. Məsələ sadəcə bunu nə vaxt həyata keçirəcəyimizdə idi.

Milleniallar tarix boyu xeyriyyəçiliyə ən çox pul xərcləmiş nəsillərdən biridi. İl ərzində hər dörd amerikalı gəncin üçü bu cür ianə verir, onundan yeddisi isə xeyriyyəçilik üçün pul toplayır.
Amma məsələ təkcə pulda deyil. Siz vaxtınızı xərcləyə bilərsiniz. İnanın ki, həftədə bir, ya iki saat kiməsə kömək etmək, ona öz potensialına çatmaqda yardımçı olmaq üçün yetərlidi.
Bəlkə də bu vaxt sizə həddən ziyadə çox görünür. Mən də belə düşünürdüm. Pirsilla Harvard məzunu olub müəllimlik etməyə başlayanda. Amma o mənimlə birgə maarifləndirici işlə məşğul olmazdan öncə deyiri ki, dərnək yaratsam, çox yaxşı olar. Mən boyun qaçırırdım: “Axı çox məşğulam, şirkətə rəhbərlik edirəm”. Amma o israr etdi və sonunda mən yerli “Oğlanlar və qızlar üçün klub”da sahibkarlıq üzrə proqram keçməyə başladım.

Mən onlara məhsulların işlənib hazırlanmasını və marketinqi öyrədirdim, onlarsa mənə iqrləri, ya da ailə üzvlərindən birinin türmədə oturması üzündən özünü necə hədəf hiss etməyi öyrədirdilər. Mən öz tələbə hekayətlərimi bölüşürdüm, onlarsa günlərin birində universitetdə oxumaq ümidlərini. Artıq beş ildi ki, hər ay bu uşaqlarla şam yeməyinə çıxıram. Onlardan biri hətta mənə və Pirsillaya övladımız dünyaya gəlməzdən az öncə əyləncə gecəsi düzənləyib. Növbəti ilsə onların hamısı universitetə gedəcək. Onların hər biri. Ailələrində ilk dəfə.

Hər birimiz kiməsə kömək etmək üçün vaxt tapa bilərik. Gəlin hər kəsə öz məqsədinə çatması üçün təkcə ona görə imkan verməyək ki, bu sadəcə düzgündü. Onlara həm də ona görə imkan yaradaq ki, nə qədər çox adam öz arzusunu böyük bir şeyə çevirirsə, sonunda bizə bir o qədər yaxşı olur.

Məqsədi təkcə işdə tapmırlar. Hamının məqsədini həyata keçirmək üçün üçüncü yol cəmiyyətin yaradılmasıdı. Və bizim nəsil “hamı” deyəndə bütün dünyanı nəzərdə tutur.

Əllərinizi qaldırın: sizlərdən hansınız başqa ölkədəndi? Neçə dostunuz xaricidi? Məsələ bax bundadı. Biz bir-birimizlə əlaqədə olmaqla böyümüşük.
Bütün dünyada gəncləri sorğuya tutarkən belə məlum olub ki, əksəriyyətinin şəxsiyyətini ilk növbədə millətçilik, din və ya etnik mənsubiyyət anlayışları deyil, “dünya vətəndaşı” anlayışı müəyyənləşdirir. Bu çox mühümdü.

Hər nəsil bizim “özümüzünkü” saydığımız insanların çevrəsini genişləndirir. İndi bu çevrəyə biz bütün dünyanı daxil edirik.
Biz anlayırıq ki, bəşəriyyət tarixinin böyük gedişi insanların daha çox bir yerdə yığışması zərurətinə aparır. Tayfalardan şəhərlərə və millətlərədək hamı bir olmalıdı ki, təkbaşına edə bilməyəcəyimiz şeylərə nail ola bilək.

Biz anlayırıq ki, indi bizim mühüm imkanlarımız qlobaldı, biz kasıblığa, xəstəliklərə qalib gələ biləcək nəsil ola bilərik. Biz anlayırıq ki, mühüm məsələlər həm də qlobal qərarlar tələb edir. Heç bir ölkə iqlim dəyişikliyi ilə mübarizə apara, ya da pandemiyaların öhdəsindən müstəqil şəkildə gələ bilməz. Tərəqqi bizlərdən birləşməyi tələb edir, özü də təkcə şəhərlər və millətlər səviyyəsində deyil, həm də dünya ictimaiyyəti səviyyəsində.

Amma biz qarmaqarışıq dönəmdə yaşayırıq. Bütün dünyada qloballaşma çərçivəsi xaricində yaşayan kəslər var. Özünü evdə rahat hiss edə bilmədyin bir zaman uzaqda yaşayanların qayğısına qalmaq çətindi. Bu bizi özümüzə müraciət etməyə məcbur edir.
Bu, zəmanəmizin mübarizəsidi. Azadlıq, açıqlıq və dünya cəmiyyəti avtoritarizm, izolyasionizm və millətçilik əleyhinə. Bilik, ticarət və mühacirət axını uğrunda vuruşan qüvvələr onları ləngitmək istəyənlərin əleyhinə. Bu, millətlərin mübarizəsi deyil, bu, ideyaların mübarizəsidi. Hər ölkədə qlobal əlaqələri müdafiə edənlər və ona qarşı çıxanlar var.
Bu cür məsələlər BMT səviyyəsində həll olunmayacaq. Bu yalnız sizinlə bizim hesabımıza, yerli səviyyədə həll oluna bilər. O zaman ki, kifayət sayda adam həyatda sabitlik hissi əldə edəcək və qarşılarına məqsəd qoyacaq, bax o zaman biz açıla və yerdə qalanların qayğısına qala bilərik. Bunu etməyin ən yaxşı yolu dərhal yerli cəmiyyətlər yaratmaqdı.

Hər birimiz mənanı ətrafımızdakı cəmiyyətdə tapırıq. Cəmiyyətimiz nə olursa olsun, fərq eləməz, bu, qonşulardı, ya da idman komandaları, kilsədi, ya da müğənni və kapella dərnəyi, onların hamısı bizə tənha olmadığımızı hiss etdirir. Onlar bizə üfüqləri genişləndirmək imkanı verir.

On illər boyu müxtəlif qrupların üzvlərinin dörddə bir həcmində azalması bax elə buna görə heyrət doğurur. Yeni məqsədlər axtaran çoxlu sayda adamlar peyda olub.

Amma mən bilirəm ki, biz öz cəmiyyətimizi yenidən qura, ya da yenilərini yarada bilərik – və çoxunuz bunu artıq edirsiniz.
Mən bu gün məzun olan Aqnes İqoye ilə görüşmüşəm. Aqnes, indi hardasan? Onun uşaqlığı Uqandada münaqişə zonalarında keçib. Harda ki insan alveri ediblər. Və indi o, minlərlə hüquq-mühafizə orqanlarının əməkdaşına kəndlərin təhlükəsizliyini necə təmin etməyi öyrədir.
Mən Keyla Okli və Niha Ceynlə görüşmüşəm, onlar da bu gün məzun olubar. Lütfən ayağa qalxın. Keyla və Niha xroniki xəstəliklərdən əziyyət çəkən və onlara kömək etməyə hazır olan insanları bir araya gətirən qeyri-kommersiya təşkilatı yaradıblar.
Mən Devid Razu Aznarla görüşmüşəm. Bu adam bu gün Kennedi Məktəbinin məzunudu. Devid, lütfən, ayağa qalx. O, Mexikoda, ilk dəfə Latın Amerikasında LGBT üçün bərabər nikahlar uğrunda mübarizədə qalib gəlmiş şəhər şurasının üzvü olub. Yeri gəlmişkən, onlar buna San-Fransiskodan əvvəl naul olublar.

Mənim də hekayəm var. Bir cəmiyyəti digəri ilə birləşdirən yataqxana tələbəsi. Biz bu işə dünya birləşənəcən davam edəcəyik.
Dəyişikliklər balaca şeylərdən başlayır. Hətta qlobal dəyişikllər kiçik şeylərdən – özümüzü dəyişməkdən başlayır. Bizim nəsilin mübarizəsi bizim daha yaxşı birləşə bilməyimiz, əsas imkanlarımızı həyata keçirmək uğrunda aparılmalıdı. Və bundan başqa bir şey doğur: elə bir dünya yaratmaq ki, orda ayrılıqda hər kəsin məqsəd hissi olsun.

2017 məzunları, siz məqsədə ehtiyacı olan dünyaya qədəm qoyursunuz. Siz onu yarada bilərsiniz.
Bəlkə də indi düşünürsünüz: mən bunu bacararammı?

Yadınızdadı, az əvvəl sizə klubda apardığım məşğələlər barədə söhbət açdım. Bir dəfə dərsdən sonra uşaqlarla universitet barədə danışırdım, onda mənim ən yaxşı tələbələrimdən biri əlini qaldırıb, universitetə girəcəyindən əmin olmadığını söylədi. Onun sənədləri yox idi.

Ötən il onu ad günündə səhər yeməyinə dəvət elədim. Ona nəsə bağışlamaq istəyirdim, ona görə ondan nə istədiyini soruşdum. O, çətiniklərlə qarşılaşan şagirdlərdən söhbət açdı və dedi: “Bilirsən, əslində mən sosial ədalət barədə kitabımın olmasını çox istərdim”.
Bu məni heyrətlənidirdi. Qarşımda gənc oğlan otrumuşdu və onun özünü sinik kimi göstərməsi üçün böyük bəhanələri vardı. O, ölkəsinin, evi saydığı o yeganə ölkənin ona arzusunu həyata keçirməsinə və universitetə girməsinə şans verib-verməyəcəyini bilmirdi. Amma onun özünə yazığı gəlmirdi. O hətta özünü belə düşünmürdü. Onun içində daha ali bir məqsəd vardı v o, insanları ardınca aparacaqdı.
Mən hətta onun adını belə çəkə bilmirəm, çünki onu riskə məruz qoya bilmərəm. Və bu artıq bizim hansı vəziyyətdə olduğumuzdan xəbər verir. Amma hətta gələcəkdə onu nə gözlədiyini bilməyən yuxarı sinif şagirdi dünyanın yaxşılaşması üçün əlindən gələni əsirgəməməyə hazırdısa, biz bu dünya üçün eyni şeyi edə bilərik.

Harvardın kandarından sonuncu dəfə çıxmamış, üstəlik biz kilsə ilə üzbəüz oturduğumuqdan, ağlıma həmişə Mi Shebeirach-ın çətin anlarımda təkrarladığım və qızıma yuxuya getməzdən öncə oxuduğum duası gəlir: “Qoy bizdən əvvəlkilərin də dadına çatmış xeyir qüvvələr həyatımızın firavan keçməsi üçün bizə də yardımçı olsun”.

Ümid edirəm siz həyatınızın firavan keçməsi üçün özünüzdə güc tapacaqsınız.
2017 məzunları, sizi təbrik edirəm! Bu geniş dünyada sizə uğurlar.

Tərcümə – Turxan Qarışqa

24saat.org