Human Rights Watch beynəlxalq insan haqları təşkilatı 2019-cu il üçün “Dünyada avtokratlar yüksələn müqavimətlə üzləşir” (World”s Autocrats Face Rising Resistance) adlı hesabatını açıqlayıb (18.01.19).
Təşkilatın icraçı direktoru Kenneth Roth yazır ki, “hazırda ümumən insan haqları üçün qaranlıq dövrdür. Lakin dünyada insan haqları fəallarının vəkilləri xəbər başlıqlarını zəbt edir, hökumətlərə qarşı fəalların müqaviməti güclənir”.
Hesabatda deyilir ki, hakimiyyətə problemləri həll etmək vədi ilə gələn populistlər, hakimiyyətdə olarkən öz mövqelərini möhkəmləndirməyə çalışır, korrupsiyaya, bunun ardınca insan haqlarının pozulmasına, repressiyalara yol açırlar.
Kenneth Roth hesab edir ki, avtokratlar həllini vəd etdikləri problemlərin bir qayda olaraq öhdəsindən gələ bilmirlər.
“Avropanın ən yüksək hökumətlərarası insan haqları qurumu – Avropa Şurası Azərbaycanın avtoritar hakimiyyətinin AŞPA üzvlərini təsirləndirmək cəhdlərini dəf edib”.
Məqalədə deyilir ki, Avropa Şurasının apardığı təhqiqat, Azərbaycan hakimiyyətinin qanunsuz lobbiçiliyi nəticəsində bəzi AŞPA üzvlərinin “güclü şübhə doğuran korrupsiya təbiətli hərəkətlərini” üzə çıxarıb.
Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, 2018-ci ildə Azərbaycanda insan haqlarının bərbad vəziyyətində yaxşılaşma baş verməyib:
“Ötən ilin aprelində İlham Əliyev beynəlxalq müşahidəçilərin rəqabətsiz hesab etdikləri, “siyasi mühitin məhdudlaşdırılması və təməl haqq və azadlıqların sıxışdırılması” mühitində keçirilmiş seçkidə dördüncü müddətə prezident seçilib”.
Hesabatda deyilir ki, Azərbaycanda azı 143 insan haqları fəalı, jurnalist, siyasi və dini fəal qanunsuz məhbusluqda qalıb, onlarla başqaları kriminal ittihamlarla saxlanıb, səfər qadağaları ilə üzləşib.
Bu da qeyd olunur ki, Azərbaycanda QHT-lərin müstəqil fəaliyyətini əngəlləyən qanunlar qalmaqda davam edir.
Sənəddə deyilir ki, Azərbaycanda başqa insan haqları problemlərinə sistematik işgəncələr, vəkillərin fəaliyyətinə qanunsuz müdaxilə və media azadlığının məhdudlaşdırılması daxildir.
Human Rights Watch təşkilatının hesabatında deyilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları insan haqları pozuntularını tənqid etsələr də, ölkə ilə münasibətlərin yaxşılaşdırılması üçün insan haqlarını şərt olaraq qoymayıblar.
Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti bir sıra siyasi fəalları həbsxanadan azad etsə də, başqa tənqidçilərini siyasi motivli ittihamlarla həbs edib.
Təşkilatın hesabatında xatırladılır ki, siyasi fəal İlqar Məmmədov avqust ayında azad edilib, lakin o, buna qədər artıq 5 ildən çox müddətdə həbsxanada saxlanıb, onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoyulmayıb. Bununla əlaqədar Avropa Şurasının Nazirlər Kabineti Azərbaycan hökumətinə qarşı misli görünməmiş hüquqi prosesə başlayıb.
Hesabatda müxalifət partiyalarının liderlərinə qarşı repressiyalardan da söz açılır.
Sənəddə qeyd olunur ki, Müsəlman Birliyi Hərəkatının 17 üzvü də hazırda müxtəlif müddətlərə azadlıqdan məhrum edilərək həbsxanada cəza çəkir.
Hesabatda bildirilir ki, hökumət öz tənqidçilərini cəzalandırmaq üçün 30 gün müddətinədək saxlanmadan istifadə edir.
Sənəddə habelə jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, satirik şair Tofiq Həsənlinin həbsxanada cəza çəkməsindən bəhs edilir.
Human Rights Watch təşkilatının hesabatında hakimiyyət tərəfindən bir neçə internet xəbər saytlarının məhkəmə qərarı ilə bloklanmasından söz açılır. Qeyd olunur ki, bu saytlar ötən ilin iyulunda Gəncədə icra hakimiyyəti başçısının həyatına sui-qəsd barədə yazdıqlarına görə bloklanıb.
Sənəddə Azərbaycan ədliyyəsinin insan haqları sahəsində çalışan vəkillərin üzərinə təzyiqinin artmasından da bəhs olunur: Əsabəli Mustafayev və Nemət Kərimlinin, habelə Fəxrəddin Mehdiyevin lisenziyalarının ləğv olunduğu bildirilir. Eyni repressiyalara vəkillər İradə Cavadova və Yalçın İmanov da məruz qoyulub.
Bir neçə tanınmış siyasi məhbusu müdafiə edən vəkil Fuad Ağayevə xəbərdarlıq edilib.
Hesabatda bu da qeyd olunur ki, Azərbaycanın təcridxana və həbsxanalarında saxlanılanlara və məhbuslara işgəncələr verilməsi, işgəncə verənlər barədə şikayətlərin araşdırılmaması və onların cəzalandırılmaması, hökumət tənqidçilərinin oğurlanması və onlara günlərlə vəkillə görüşmək imkanı verilməməsi xarakterik hal alıb.
Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

 

 

 

Print Friendly, PDF & Email