Oktay Gülalıyev: “Görün, bunlar dövləti nə qədər rəzil, eybəcər vəziyyətə salırlar ki, küçənin ortasında jurnalisti oğurlayıb təhdid edirlər”

Daha bir jurnalist- Gündəm- xəbər qəzetinin baş redaktoru Şirin Cəfəri axşam saatlarında küçənin ortasında oğurlanaraq el arasında “bandotdel” deyilən DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. 2 saat adı çəkilən idarədə saxlanılan jurnalist polislər tərəfindən təhdid və təhqirlərə məruz qalıb. Onunla küçə səviyyəsində danışaraq xəbərdarlıq edib buraxıblar. Yəni “ağıllı ol, yazma”. Öz dilləri ilə desək “çaşma”…

Bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb.

Sozcu.az  Oktay Gülalıyevin Şirin Cəfəri barədə yazısını təqdim edir:

“Şirin Cəfərinin “bandotdel”- ə bu cür aparılması və təhdid olunması qəbuledilməzdir. Dövlət adından vətəndaşa, jurnalistə qarşı həyata keçirilən növbəti reketlik, adam oğurluğudur. Görün, bunlar dövləti nə qədər rəzil, eybəcər vəziyyətə salırlar ki, küçənin ortasında jurnalisti oğurlayıb təhdid edirlər. Sonra da utanmadan deyirlər ki, ölkədə sabitlik var. Budurmu sizin “sabitlik” dediyiniz?

Biz Şirin Cəfərini müdafiə edir və onun yanındayıq. Elə bilməyin ki, o təkdir və sizdən qorxub geri çəkiləcək. Tələb edirik ki, Şirin bəyin oğurlanıb təhdid olunmasında iştirak edənlər məsuliyətə cəlb olunmalı, məsələ ilə əlaqədar DİN rəhbərliyi cavab verib lazımi addımlar atmalıdır!”- deyə hüquq müdafiəçisi qeyd edib.

 

 

 

Print Friendly, PDF & Email