Azərbaycanın keçmiş DİN rəhbəri İsgəndər Həmidov yanvarın 30-da Şəkidə yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İ.Həmidov Turan-a bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə bağlı hüzr mərasiminə gedib. Lakin şəhərin girəcəyində onu saxlayıblar və iki saat rayon polis şöbəsində qalıb.

“Saxlanma hansısa qanun pozuntusu ilə əlaqədar olmayıb. Məndən hakimiyyəti tənqid etməyimin səbəblərini və yeni ictimai hərəkatın yaradılması haqda soruşdular”, – İ.Həmidov deyib. Sonra heç bir açıqlama vermədən onu buraxıblar.

Şəki rayon polis şöbəsindən şərh almaq mümkün olmayıb.

İsgəndər Həmidov 1992-93-cü illərdə Azərbaycan DİN rəhbəri olub. Sonralar Milli Demokrat Partiyasını təsis edib. 1995-cı ildə 9 il azadlıqdan məhrum edilib.

Son vaxtlar yenidən aktiv siyasi fəaliyyətə qoşulub. Yanvarın 26-da yaradılan “Azərbaycan xalq hərəkatı” adlı ictimai qurumun təsisçilərindən biridir

 

 

 

 

Print Friendly, PDF & Email