Korrupsiyaya, yerlipərəstliyə, klançılığa son qoyulmalıdır – AMAC BƏYANAT YAYDI
AMAC hərəkatı mövcud pandemiyanı nəzərə alaraq, onlayn konfrans keçirib, konfransa ölkəmizin müxtəlif bölgələrində eləcə də xaricdə fəaliyyət göstərən ocaqların rəhbərləri qoşulub. Konfrans iştirakçıları ölkəmizdəki vəziyyəti müzakirə edərək, müxtəlif sahələrdə yaranmış vəziyyətlə bağlı təkliflərini səsləndiriblər. Müzakirələrin nəticəsi olaraq bəyanat qəbul olunub. 
AMAC hərəkatının 27.06.2020-ci il tarixli online konfransının BƏYANATI
Azərbaycanın sağlam düşüncəli, vətənpərvər qüvvələrini vahid Azərbaycançılıq ideologiyası ətrafında birləşdirən AMAC Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş bütün təxribatlara və siyasi fitnələrə sipər çəkmək üçün yaradılmış ümumxalq hərəkatıdır.
AMAC belə hesab edir ki, sosial-iqtisadi böhranın qarşısını almaq üçün ictimai-siyasi sabitliyin qorunub saxlanılması ilə yanaşı iqtisadi islahatlar davam etdirilməli, regionların inkişafı ilə əlaqədar qəbul edilmiş bütün fərmanlara əməl olunmalıdır. Qanunların aliliyi təmin olunmalıdır. Bununla əlaqədar olaraq, AMAC Respublikada gedən  islahatları və kadr dəyişikliklərini dəstəkləyir və qeyd edir ki, yeniləşmə prosesində əsas məsələlərdən biri hamı üçün eyni imkanların yaradılmasıdır.
Azərbaycan öz mənəvi dəyərləri – abır-həya, namus, qeyrət, vicdan, böyük-kiçiklik zəminində inkişaf etməlidir. Bu mənəvi dəyərlər əsasında insanlara qiymət verilməli və kadr siyasətində bu keyfiyyətlər əsas  götürülməlidir. Korrupsiyaya,  yerlipərəstliyə, klançılığa son qoyulmalıdır və məmurların vəzifədən sui-istifadə hallarına qarşı mübarizə qətiyyətlə və sonadək davam etdirilməlidir. Çünki bu cür idarəçilik dövləti dağıda bilər. İdarəçiliyə ciddi və ağıllı insanlar cəlb olunmalıdır. Xalqın etimad etdiyi, inandığı və  dövlət qarşısında xidmətləri olan insanların irəli çəkilməsini dəstəkləyir.
AMAC-ın nəzdindəki beyin mərkəzi ölkənin iqtisadi inkişafı ilə bağlı öz layihələrini hazırlamalı və obyektiv informasıya məkanı olmalıdır. Regionlarda baş verən bütün hadisələri obyektivliyi ilə işıqlandırmalıdır. Bu məqsədlə AMAC TV-nin fəaliyyəti təmin edilməlidir.
Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində kəsərli tədbirlər görülməlidir!
Azərbaycanın əsas problemlərindən biri ərzaq təhlükəsizliyidir. Odur ki, kəndlərin inkişafına mane olan amilləri  aradan qaldırmaq üçün  konkret təkliflər planı işlənib hazırlanmalıdır.
AMAC öz imkanlarından istifadə edib İctimai Palata yaratmalıdır. Bu Palatada bütün regionların nümayəndələri təmsil olunmalıdır.
İşğal olunmuş torpaqların azad edilməsi təxirəsalınmaz həllini gözləyir. Artıq ATƏT və beynəlxalq təşkilatlar qarşısında  bu məsələnin Azərbaycanın ərazi bütövlüyü prinnsipi əsasında həll edilməsi tələbi qoyulmalıdır. Əks halda  Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq özü öz ərazilərini azad etməlidir. Bu işi ancaq Azərbaycan ordusu görə bilıər. AMAC ordumuza  xalqın dəstəyini alqışlayır.
AMAC, Azərbaycan diasporasının gücünü artırmaq məqsədilə özünün xarici ölkələrdəki ocaqlarının fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmalıdır
Bakı şəhəri, 27 iyun 2020-ci il.

 

 

 

Print Friendly, PDF & Email