Əfqan MuxtarlıFotonun müəllifiELMİR MİRZOYEV

Həbsdə olan jurnalist Əfqan Muxtarlının gözlərində güclü ağrılar əmələ gəlib, jurnalistin həyat yoldaşı BBC News Azərbaycancaya deyib.

Leyla Mustafayevanın sözlərinə görə, Əfqan Muxtarlının “səhhətində xeyli problemlər var”, lakin indiyədək aparılmış müayinələrinin detalları haqqında məhkumun vəkilinə və ya ailə üzvlərinə “heç bir sənəd” verilməyib.

Bundan başqa vəkili Zibeydə Sadıqova deyir ki, Muxtarlının öz hesabına müayinə almaq istəyinə “imkan yaradılmayıb”.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən BBC News Azərbaycancaya bildiriblər ki, Əfqan Muxtarlıya “dəfələrlə həkimlər baxıb, səhhəti nəzarətdə saxlanılır”.

“Məhkumun öz hesabına həkim müayinəsindən keçməsi üçün onun ailəsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edə bilər”, Penitensiar Xidmət deyir.

Jurnalist Əfqan Muxtarlı 12 yanvar 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Müayinələrin detalları haqqında əlimizdə bir sənəd yoxdur”

“Əfqan zəng etmişdi həbsxanadan. Dediyinə görə, gözlərində güclü ağrılar əmələ gəlib. Bir də uroloji müayinədən keçməlidir”, – Leyla Mustafayeva deyib.

“Əlimizdə bir sənəd də yoxdur. Adamın sağlamlığı ilə bağlı xeyli problemləri var. Amma müayinələrin detalları haqqında əlimizdə bir sənəd yoxdur. Dövlət sirri kimi gizlədirlər. Əfqanın şəkəri və təzyiqi də var. Şəkərlə bağlı hələ də Gürcüstandakı həkiminin yazdığı dərmanları qəbul edir”, – Leyla Mustafayeva söyləyib.

Məhkumun vəkili Zibeydə Sadıqova BBC News Azərbaycancaya “sabah Əfqan Muxtarlının müayinələrinə başlanması üçün Penitensiar Xidmətə müraciət edəcəklər”ini bildirib.

“Əfqan Muxtarlının indiyədək olan müayinələrinin nəticələri üçün dəfələrlə Penitensiar Xidmətə müraciət etmişik, lakin hər dəfə bizə ya müayinə olunub, hər şey qaydasındadır deyiblər, ya da həkim müayinə edib, müalicəsi aparılır deyilib”, – vəkil əlavə edib.

Zibeydə Sadıqova “Muxtarlının öz hesabına müayinə almaq istədiyini dəfələrlə Penitensiar Xidmətə bildirsək də buna imkan yaradılmayıb” deyir.

ƏN-nin Tibb Baş İdarəsi: “Səhhəti nəzarət altındadır”

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən BBC News Azərbaycancaya bildiriblər ki, Əfqan Muxtarlının şəkəri var, üstəlik, ürəyində də problemləri olduğu üçün onun səhhəti nəzarət altındadır.

“Ona dəfələrlə həkimlər baxıb. Səhhəti nəzarətdə saxlanılır. Gözü ilə bağlı probleminə gəldikdə, əgər bizə belə bir müraciət daxil olsa, o zaman məndə məlumat olardı. Aydınlaşdırarıq. Bizdə göz həkimi var, bəlkə planlaşdırılır, göz həkimi baxacaq?”, – ƏN-nin Tibb Baş İdarəsinin əməkdaşı sual edib.

Məhbusun öz hesabına müayinə və müalicə olunmaq istəyinə gəlincə, Tibb Baş İdarəsindən bildirilib ki, “qanunvericiliyə baxmaq lazımdır ki, orda bu, necə tənzimlənir”.

“Ailə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edə bilər, əgər Baş İdarə kənardan həkim gətirilməsini məqbul hesab etsə, o zaman Penitensiar Xidmətin bu məsələni tənzimləməklə bağlı problemi yoxdur”, Penitensiar Xidmətdən BBC News Azərbaycancaya bu məsələ ilə bağlı bildirilib.

Əfqan Muxtarlı kimdir?

Jurnalist Əfqan Muxtarlı 2018-ci ildə dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.

Jurnalist özü və beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatları bunun siyasi olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyirlər.

Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.

O, son bir neçə ildə üç araşdırma edib və iddia edib ki, prezident İlham Əliyevin ailəsinə bağlı şirkətlər Gürcüstanda biznes şəbəkəsi qurublar. Bununla yanaşı, jurnalist Müdafiə Nazirliyində olan korrupsiya və büdcə pullarının xərclənməsi barədə yazılar yazıb.

2014-cü il dekabrın 5-də dostu və həmkarı araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edildikdən sonra o araşdırmalarını davam etməyə başlayıb və Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərib.

Beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatları onun həbsinin “siyasi motivli” olduğunu elan etsələr də, rəsmi ittihamla ona 6 il həbs cəzası verilib.

bbc.com

 

 

 

 

 

Print Friendly, PDF & Email