Print Friendly, PDF & Email

 

 

 

 

 

Zərdab rayon Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Sayt  vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident Ilham Əliyev !
Üzləşdiyimiz qanunsuzluğa, haqsızılığa və özbaşınalığa görə, mən ailə üzvlərim – həyat yoldaşım Əhədova Nuranə Salman qızı, oğlum Əhədov Ramil Abdulhəmid oğlu, nəvəm 6 yaşlı Əhədzadə Uğur Ramil oğlu ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşlığından imtina edirik.
Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayevin, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Şüküralı Həsənovun, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyevin, Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyarovun, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəsi Müzəffər İxtiyarovun və Gödəkqubu kənd üzrə Su Assosasiyasının sədri Əli Paşayevin bizim ailəyə qarşı etdikləri qanunsuzluqlara, özbaşınalıqlara etiraz olaraq Azərbaycan Respublikasının vətəndaşlığından ailəlikcə imtina edirik.
Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə əmlakını şəxsi malı kimi talan edir. Kənddə 3 yerdə təbii axmaz göllər var ki, təxminən 45 hektar ərazini əhatə etsə də, sənəddə saxtakarlıq edilərək 22 hektar qeyd edilmişdir. Bu açıq-aşkar saxtakarlıq cinayətidir ki, Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov törədib.
Kənd sakinləri təbii göldən istifadə edə bilmirlər.

Hansı ki, həmin gölün icarə sənədləri saxtadır. Zərdab rayon İcra Hakimiyyəti başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəliyinin sədri Müzəffər İxtiyarov bələdiyyə sədri Kapitay İxtiyarovun əmisidir. İcra Nümayəndəsinin müavini Xətai Novruzov isə həmin saxta icarə müqaviləsi ilə təbii gölü zəbt etmiş Bayram Novruzovun oğludur. Vəzifə səlahiyətlərindən sui-istifadə edən İxtiyarovlar və Novruzovların qanunsuz fəliyətləri nəticəsində kənd sakinləri çox əziyyət çəkirlər. Onların barələrində heç bir tədbirlər görülmür.
Bu göllər kənd sakinlərinə məxsus olmalıdır, buna görə də göldən ancaq biz istifadə etməliyik. Qeyd edək ki, həmin təbii axmaz gölün birini saxta sənədlə 8 hektar qeyd edib, Xətai Novruzovun atası Bayramın icarəsinə veriblər. Əslində isə həmin göl təxminən 16-18 hektar ərazini əhatə edir. Müqavilədə göstəriləndən çox ölçüdə olan gölü Bayram Novruzov zəbt etmişdir. Həmçinin gölün yaxınlığında olan kollektoru da Bayram Novruzov zəbt edibdir.
Mən dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişəm ki, kənd ərazisində olan göllər ünvan reyestr idarəsi tərəfindən ölçülsün. Çünki həmin 3 təbii göl, qeyd etdiyimiz kimi, təxminən 45 hektar ərazini əhatə edir, ancaq sənəddə 22 hektar qeyd edilib. Adicə metrə ilə ölçəndə bunu ayırd etmək olur.
Biz Gödəkqobu kənd sakinləri dədə-babadan həmin təbii göldən istifadə edib, balıq tutub, ov edib ailəmizi dolandırmışıq. İndi bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olub kənd camaatına zülm edirlər. Bu cinayət əməlləri araşdırılmalı və cavabdeh vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidirlər. Həmçinin Gödəkqobu bələdiyyəsinin 2016-2017-ci illər üçün fəaliyyəti yoxlanılmalıdır. İndiyə qədər Gödəkqobu bələdiyyəsi heç bir hesabat-yığıncaq keçirməmişdir.
Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Şüküralı Həsənov bu korrupsionerlərin əməlləri barədə etdiyim şikayət ərizələrimi guya icra edirmiş kimi məni haqsız çıxarıb, Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə onlara haqq qazandırıb, yuxarılara yalan məlumat vermişdir. Bundan sonra yenə Lütvəli Babayevin sifarişi ilə Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev və Gödəkqubu kənd üzrə Su Assosasiyasının sədri Əli Paşayev taxıl sahəmin suyunu qəsdən kəsib əkinimi məhv etdilər.
Zərdab Rayon İcra Hakimiyyəti başçıs Lütvəli Babayev bu korrupsioner məmurları himayə edir, ona görə ki, onlar qazanclarının 80 %-ni ona verirlər.
Cənab Prezident!
Kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsanız da, buna qarşı çıxan İxtiyarovlar və Novruzovlar kimi vəzifəli şəxslər var. Onlar öz yarıtmaz fəaliyətləri ilə, şəxsi maraqlarını ali tutub dövlət qanunlarını qəsdən pozduqları üçün dövlətə ziyanlar vururlar. Buna baxmayaraq bizim dövlətimizə, Prezidentimizə böyük ümüdlərimiz var.

Xahiş edirəm, bizim ailəlikcə Azərbaycan Respublikası vətəndaşlığından imtinamızı qəbul edib, qanuni tədbirlər görəsiniz”.
Qeyd edək ki, prezidentə müraciət Əhədov Abdulhəmid Abduləhəd oğlu, həyat yoldaşı Əhədova Nuranə Salman qızı, oğlu Əhədov Ramil Abdulhəmid oğlu və 6 yaşlı nəvəsi Əhədzadə Uğur Ramil oğlunun adı ilə ünvanlanıb.

 

 

 

 

 

 

 

euroasia-news.com