Mandat alveri edən sabiq deputat Gülər Əhmədova nəyin bəraətini istəyir?  Bəs Sevinc Babayevanın ölüm faktını, Mahir Abdullayevin ogurlanması və digər agır dövləti cinayətlərini hara yazaq ?!

 

Mandat alveri edən sabiq deputat Gülər Əhmədova nəyin bəraətini istəyir?  Bəs Sevinc Babayevanın ölüm faktını hara yazaq ?!
Bir milyonluq cinayət və üç il həbs…
Hüquq ənənələri güclü olan ölkələrdə siyasi dələduzluğa güzəşt yoxdur. Hakimiyyətdə təmsil olunub, vəzifədən sui-istifadə edənləri həmişəlik göndərərlər gedər-gəlməzə. Belə ölkələrdə ictimai qınaq elə güclüdür ki, o adam geri dönmək fikrini ağlından da keçirməz. Amma bizdə qaydalar başqadır. Bəlkə də, hakimiyyətdə özünə yer eləmiş siyasi dələduzlar bir zəncirin halqası olduqlarına görə, rüsvay olub dərənin dibinə düşdükdən sonra belə, geri dırmaşmaq cəhdindən abır-həya eləməz. Sabiq deputat Gülər Əhmədovanın məşhur video qalmaqalını unutmamısınız yəqin. Parlamentə düşmək istəyənlərdən pulu alıb onu yuxarılara, daha dəqiq desək, Prezident Aparatına ötürən araçı xanım indi sosial şəbəkələrə qayıdıb. Bildiyiniz kimi, 6 il əvvəl ABU-nun sabiq rektoru Elşad Abdullayev onunla olan 1 milyonluq mandat sövdələşməsini videoya çəkib yaymış və bundan sonda Əhmədova həbs olunmuşdu. Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, “külli miqdarda dələduzluq” və “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə” maddələri ilə üç illik azadlıqdan məhrum edilmişdi. Bir il sonra da kassasiya şikayəti təmin edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.
guler-ehmedova3
Həm müxalifəti söy, həm ondan dəstək istə!
Gülər Əhmədova PA-da pul daşıdığı boz kardinalın sayəsində “qəza”dan yüngül atladı, içəridən də tez çıxdı. Həbsxanada dinə-imana gəldiyini, namaz qıldığını, hər gün dua etdiyini yazan Əhmədova azadlığa çıxandan sonra bir müddət ortalıqda dolaşmadı. Amma görünür, adaptasiya müddətini tam başa vurub, özünə gəlib. Qələmini sıyırıb düşüb müxalifətin üstünə. Deyəsən, keçmiş komandasında özündən beşbetərlərin kefi kök, damağı çağ yerində oturması xanımı rahat buraxmır. Yəqin hələ öz-özünə “mən bunların hansından artıq cinayətkaram” deyib köks də ötürür. Görünür, elə onlara dil uzatmağa cəsarət etmədiyi üçün də, hirsini müxalifətdən çıxır. Arada “mənim ağzımı açdırmasınlar” deyib köhnə komandasında kimlərəsə mesaj göndərmişdi, amma tez də susdu və silahını çevirdi əks tərəfə. İndi FB səhifəsindən gündəlik olaraq müxalifəti söyür, Milli Şuranın, Gültəkin Hacıbəylinin, Əli Kərimlinin bostanına daş atıb hirsini çıxarır. Hər halda, davamlı olaraq müxalifəti söyməklə də köhnə ağalarının gözünə girmək, özünə hardasa yer eləmək istəyir. Onlardan səs çıxmadığını görüncə, taktikanı dəyişib arada üzünü bu tərəfə də çevirir. Yaxın günlər verdiyi müsahibədə müxalifətə səslənib, bəraət almasına yardım da istəyib: “Siz haqq tərəfdarı deyilsiniz, cənab müxalifətçilər?! Həmişə məhkəmələrdən şikayət etmirsinizmi, cənab müxalifətçilər?! Mən YAP üzvü deyiləm, evdar qadınam. Gəlin mənə kömək edin! Yoxsa mütləq müxalifət partiyasının üzvü olmaq lazımdır? Yoxsa, yalnız əqidəni satmaq, iqtidarı söymək lazımdır? Adi vətəndaşam, heç kimi söymürəm, sakitçiliklə xahiş edirəm, gəlin mənə kömək edin”.
Bəraətmi, bəs o ölüm faktını hara yazaq, Gülər xanım?
Gülər Əhmədova müxalifətdən nəyin bəraətini istəyir, bilmirik. Amma sabiq deputat hakimiyyətdə ondan onqat pislərin olduğu qənaətində də haqlıdır. Sadəcə, o, dələduzluğu və rüşvət cinayəti video ilə açıq sübuta yetirilmiş biridir, o birilər işlərini “professional” görüb, kameraya düşmürlər. Üstəlik, üzü hansı tərəfə dönsə, şahidlərin Əhmədovaya xatırladacağı bir ölüm faktı var. O zaman mətbuatdan belə məlum oldu ki, 1 milyonluq rüşvət qalmaqalının yeganə şahidi Sevinc Babayeva da onun güdazına gedib. Babayevanın oğlu Ayxan özü belə açıqlama vermişdi: “ Mənim anamın – ölümünün səbəbkarı Gülər Əhmədovadır! Anam evə gəldi, halı çox pisləşmisdi. Evdə qusdu. Mənə dedi ki, Gülərlə həmin gün görüşüblər, gedib bir yerdə çörək yeyiblər. Səhəri gün anamın halı daha da pisləşdi, anam dedi ki, Gülər mənə zəhər verib. Sentyabrın 25-də gecə anam mənə zəng vurdu, dedi ki, gəl, “Domsovet”ə – Gülər Əhmədovanın yanına. Çox həyəcanlı səslə danışırdı. Dedim, ana, gəl evə, mən də evə gedirəm, orada danışaq. Evə gələndə anam dedi ki, Elşad Abdullayevin söhbəti ilə bağlı Gülər ona təklif edib ki, 3 günlük Türkiyəyə get, səni orda mənim adamlarım qarşılayacaqlar. Anama dedim ki, inanma, o aldadır səni, amma qulaq asmadı. Gülər Əhmədova sadəcə bu oyunda vaxt qazandı…Elə deyirdi ki, Sevinc, sən əsas şahidsən, bura gəlsən, məni tuta bilərlər. Deyirdi narahat olma, Ramiz Mehdiyevlə danışmışam, hər şey yaxşı olacaq, Bakıya gəlib rahat yaşayacaqsan…” Sevinc Babayevanı Əhmədova şəxsən zəhərləməsə belə, onu kimin aradan götürdüyünü gözəl bilir. Bu qədər qaranlıq işlərin iştirakçısı ola-ola bir bəraət də istəyir. Bir azdan mandat da istəsə, heç təəccüblənməyin. Amma Gülər xanım anlamır ki, heç kim unudulmur, heç nə də yaddan çıxmır. Bundan sonra heç nə onun qaranlığına işıq sala bilməz, heç FB səhifəsinə yapışdırdığı Heydər Əliyevlə Mehriban Əliyevanın şəkilləri belə…
Hikmət

 

https://storage.googleapis.com/qurium/azadliq.info/229376.html

 

 

 

Print Friendly, PDF & Email