Ramil Usubovun Nardaran əməliyyatı: bir evdən iki ədəd T-72 tipli tank tapılıb

 

nardaran3

Bu əməliyyatın sirrləri hələ açılmayıb. Kimin kimə güllə atdığını müəyyən etmək mümkün olmur. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq iddia edir ki, bir qrup silahlı ekstremist polis qüvvələri ilə atışıb və nəticədə altı nəfər həlak olub, bir neçə adam yaralanıb. Eyni iddiaya görə, həlak olanların ikisi polis nəfərləridir. Ancaq polislərin adları gizlədilir. Görəsən niyə? Bəlkə ölənlərin arasında heç polis də yoxdur? Bəlkə atışma təktərəfli olub? Nardaran sakinləri isə deyirlər ki, polis nəfərlərini nardaranlılar öldürməyib. Bəziləri də deyir ki, polis nəfərləri ölməyib, həlak olanlar nardaranlılardır. Ciddi məsələdi. Lakin bu məlumata şübhə ilə yanaşmaq üçün çox səbəb vardır. Eldar Mahmudovun rəhbərliyi altında Milli Təhlükəsizlik Nazirliyinin Səid Dadaşbəyli “qrupuna” qarşı keçirtdiyi əməliyyatları yada salmaq kifayətdir. Rəsmi məlumatda deyilir ki, mənzildən çoxlu sayda avtomat və sursat tapılıb. Heç təəccüblü deyildir. Azərbaycan polisinin bu sahədə zəngin təcrübəsi vardır. Şübhələndiyi şəxslərin cibindən narkotik və qumbara, molotov “kotletləri” çıxardan polisin yaradıcılığı hamıya məlumdur.

Nardaranda vəziyyət gərginləşir. Keçmişdə də bu qəsəbədə süni gərginlik yaratmaq cəhdləri olub. Kimə lazımdır bu gərginlik? Görünür xalqın diqqətini hansısa mühüm məsələdən yayındırmaq lazımdır. Və yaxud dünyanın diqqəti cihadçı müsəlmanlara yönəldiyi və Qərb ölkələri “İslam Dövləti”nin terror dəhşətindən vəlvələyə düşdüyü bir zamanda Azərbaycan hakimiyyəti özünü dünyanın gözünə soxmaq istəyir. Azərbaycanın bundan xeyir görəcəyini söyləmək çətindir. Dindarlara qarşı lüzumsuz zorakılıq radikallığın artmasına səbəb olur. Bu isə ölkədə sabitlik üçün təhlükəli nəticələrə gətirib çıxarda bilər.

Mirzə Xəzər

 

Print Friendly, PDF & Email