Hacı Məmmədovun müalicə müddəti artırıldı –Baş Tibb İdarədən açıqlama

haci_memmedov

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicəsi davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

Rəis müavini bildirib ki, H.Məmmədov özünü normal hiss edir: “Müalicə müəssisəsində H.Məmmədova ilkin olaraq 3 ay müalicə kursu yazılıb. 3 aydan sonra xəstənin səhhətinə uyğun olaraq müalicə müddəti daha 3 ay uzadılıb. Hazırda Hacı Məmmədovun müalicələri müsbət nəticə verir, vəziyyəti stabildir. Hələlik bir müddət müalicə olunması tövsiyyə edilir”.

İ. Qurbanov bildirib ki, H.Məmmədovun minumum 9 ay müalicə olunması məsləhət görülüb. Bu isə o deməkdir ki, onun müalicə müddəti oktyabr ayında daha 3 ay artırılacaq və H.Məmmədov 2017-ci ilin yanvar ayının 25-dək müalicə müəssisəsində qalacaq.

Qeyd edək ki, H.Məmmədov bu il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.

Trend

Print Friendly, PDF & Email