MTN-NİN SABİQ İŞÇİSİ NƏDƏ İTTİHAM OLUNDU?

-Ramiz müəllim, Ramin Nağıyev yenidən sizə qarşı sərt ittihamlar sərgiləyib…

-Onun danışdıqlarının hamısı özünü müdafiə məqsədi güdür… Ramin Nağıyev, ən azından sən yaxşı bilirsən ki, mən hələ Sovet dönəmindən SSRİ məkanında bir sıra məşhur birliklərin və zavodların avtomatik idarəetmə sistemlərini kompüter texnologiyaları ılə təmin edən kooperativin direktoru idim. Və mənim kompüter texnologiyaları sahəsində peşəkar səviyyədə təcrübəm var. Əgər sən Fazil Muxtarovun və Fazil Hüseynovun, həmçinin Elçin Əliyevin başına gətirdiyin oyunları səmimi etiraf etməsən, mən məcbur olub elektron texnologiyalar sahəsindəki təcrübəmdən istifadə edərək sənin son vaxtlar kimlərlə elektron məktublaşmalar apardığını, sənin kimlərdən pul tələb etdiyini və s. açıb Azərbaycan və dünya ictimaiyyətinə bəyan edəcəyəm. Həmçinin sənə sığınacaq vermiş Fransa hökumətinə müraciət edib sənin bu qanunsuz hərəkətlərinə görə bu ölkədən qovulmağını təmin etdirəcəyəm…

-Ramin Nağıyevin son müsahibəsindən belə çıxır ki, o vaxt hamı, o cümlədən həbs edilənlərin vəkilləri istintaqda baş verən qanunsuzluğa susub, hətta Baş Prokurorluqla, MTN rəhbərliyi ilə sövdələşməyə getməkdən belə çəkinməyib…

-Onun bu söylədikləri iftiradır, böhtandır… Onun verdiyi son üç hissədən ibarət olan müsahibəsini diqqətlə oxudum. Əvvəldən gözlədiyim kimi, o, yenə də 10 il əvvəl verdiyi ifadələrindən fərqli olaraq başqasının adından danışır. O özünü elə təqdim edir ki, guya Fazil Hüseynovun, Fazil Muxtarovun və rəhmətlik Elçin Əliyevin qanunsuz həbsinə baiskar o deyil, onların tutulmasına o etiraz edib, lakin vəkillər bununla əlaqədar heç bir vəsatət qaldırmadığına görə istər məhkəmədə, istər də istintaqda təkzibedilməz sübutlar təqdim etmədiklərinə görə bu şəxslər haqqında qanunsuz hökm çıxarılıb və s. Adamda sifət olmalıdır, vicdan olmalıdır.

Bu qədər yalanı sən necə uydurursan, Ramin Nağıyev !?

Ramin Nağıyevin KQB-dəki  cinayətlərinin üstü aşlarsa,  sənin Fransadakı siyasi sığınacaq almaq əsasların sıfıra enəcək…

Birincisi, onu göstərmək istəyirəm ki, sən Ramin Nağıyev yalan danışıb özünü sığortalamaq istəyirsən, çünki sən bu gün Fransada yaşamaqla guya hakimiyyət orqanları tərəfindən təqib olunan şəxs kimi status alıbsan və əgər sənin burda qaniçənliyin, burada rüşvət alaraq insanları qanunsuz olaraq həbs edib sonra buraxdırmağının, günahsız “omon”çulara xüsusi vasitələrlə və fiziki təsirlər göstərərək etmədikləri cinayəti boyunlarına götürməyə məcbur etməyinin üstü açılarsa, əlbəttə ki, sənin Fransadakı siyasi sığınacaq almaq əsasların sıfıra enəcək, sənin Fransadan təcrid olunma məsələn qoyulacaq. Və buna görə də sən yalan danışırsan. Birincisi, biləsən ki, Fazil Muxtarov həbs olunana qədər, yəni mənim müdafiəm altında olan Fazil Hüseynov və Elçin Əliyev həbs olunana qədər, Fazil Muxtarov artıq həbs olunmuşdu, o, sənin işgəncələrin nəticəsində bədbaxt günə salınmışdı.

O, ölüm təhlükəsi qarşısında olduğuna görə sən qanunsuz olaraq onun həbsdən azad edilməyini əsaslandırmaq üçün MTN-nin istintaq idarəsinin rəisi Rüfət Mansurovun adından istifadə edirsən, yalandan istintaq idarəsinin rəisinin, milli təhlükəsizlik naziri Namiq Abbasova istinad edirsən. Bunların heç birinin xəbəri olmadan verdiyin işgəncələrdən sonra sən böyrəkləri “otkaz” edən Fazil Muxtarovu (heç bir günahı olmayan bir şəxsi) həm özün həbs etmişdin, həm də özün onun aldığın həmin rüşvətin sayəsində buraxılmasını təmin etmişdin. Mən Fazil Hüseynovin və Elçin Əliyevin müdafiəsinə qoşulan zaman artıq Fazil Muxtarov həbsdən azad edilmişdi və Azərbaycanı tərk edib Türkiyədə müalicəsini davam etdirirdi, istintaq materialları bu gün də arxivdədir və götürüb baxmaq olar. Və mən Fazil Hüseynov və Elçin Əliyevin müdafiəsi ilə əlaqədər olaraq Milli Təhlükəsizlik Nazirliyinin buraxılış məntəqəsinə gələndə Ramin Nağıyev, sən məni istintaq idarəsinə aparmaqdan ötrü buraxılış vərəqi yazmaqdan imtina etdin… Təkrarən yadına salıram, səninlə mənim aramda olan münasibət sənin icraatında olan və Fazil Muxtarovun və Elçin Əliyevin Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun öldürülməsi faktı ilə əlaqədar apardığın cinayəi işi ilə əlaqədar olub. Ümumiyyətlə isə, bütün bu dövr ərzində, biz üç dəfə görüşmüşük. Birincisi- mən müdafiə etdiyim “omon”çularla bağlı istintaqa gələndə sən yalvar-yaxarla xahiş-minnət etdin ki, səni Mahir Cavadovla görüşdürüm… Milli Təhlükəsizlik Nazirliyində qəbul olunmuş qayda isə elədir ki, hər hansı bir vəkil Milli Təhlükəsizlik Nazirliyində hər hansı bir müstəntiqin icraatında olan işlə əlaqədar gəlirsə, buraxılış məntəqəsindən müstəntiqə zəng vurulur və müstəntiq bilavasitə gəlib həmin vəkili öz iş otağına qədər özü aparır, işi qurtardıqdan sonra vəkili buraxılış məntəqəsinə qədər müşayiət edərək gətirir. Yəni bu, Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaq işləri üzrə vəkilin ora daxil olub oradan çıxması ilə əlaqədar qəbul olunmuş prosedur qaydadır. Və həmin iş üzrə də mən 1994-cü ildə MTN-nin buraxılış məntəqəsində hansı işlə əlaqədar gəldiyim barədə məlumat verdim. Bir müddətdən sonra sən gəldin və həmin iş üzrə müstəntiq Nağıyev olduğunu bildirdin, mənim kimliyimi soruşdun… Sən özünü təqdim etdikdən sonra səninlə birlikdə ora qalxmaq istədim, amma sən bunun əvəzində məni içəri aparmaqdan imtina edib bayıra çıxartdın, yəni küçəyə və bilavasitə apardığım cinayət işi ilə əlaqədar nəyin bahasına olursa-olursa səni Mahir Cavadovla görüşdürməyi məndən xahiş etdin. Mən isə sənə Mahir Cavadovla hər hansı bir formada əlaqəmin olmadığını bildirdikdə sən buna inanmadığını söylədin, xahiş etdin ki, sözlərini, yəni görüşmək haqqında fikirlərini Mahir Cavadova çatdırım. Mən də sənin xahişinə əsasən Mahir Cavadova bunu çatdırdım və həmin günün axşamı mən öz sürücüm İbad Hüseynovu (çox yaxşı ki, o, hələ sağdır) sənin arxanca “Akademiya” metro-stansiyasının yanına göndərdim və onunla zəngləşəndən sonra mənim sürücüm səni mənim evimə gətirdi. Sən bizə gələndə məndən evdə kimin olmasını soruşdun, mən də dedim ki, Mahir Cavadov bizdədir… Sən isə indi müsahibəndə deyirsən ki, guya mən əvvəlcə tutub işgəncə verib olmayan cinayəti boynuna qoyduğun, sonra isə 30 min dollar pul alıb buraxdığın Fazil Muxtarovla səni görüşdürməli idim, sən isə guya bizə gələndə evdə Mahir Cavadovu görmüsən. Yenə də özün boyda bir yalan! Axı, sənin təkid və yalvarışlarından sonra Mahir Cavadov bizə gəldi. Sən onunla bizim evdə görüşən zaman Rəsul Quliyevin sifarişi ilə bir çeçenlər tərəfindən Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun öldürülməsi ilə əlaqədar olan məlumatları Mahir Cavadova verdin. Və bu məlumatların müqabilində hər iki şəxsin öldürülməsi ilə əlaqədar olan kasetdə yazılmış materialları ona təqdim edəcəyin halda, ondan 40 000 dollar və Moskva şəhərində üçotaqlı mənzil, özünün də orada təhlükəsizliyini təmin etmək üçün mühafizəçilər verilməsini və bu şərtlər daxilində sən Moskvada mətbuat konfransı keçirərək hər iki şəxsin öldürülməsində Rəsul Quliyevin bilavasitə təşkilatçı olduğu haqqında məlumatları yayacağın barədə öhdəlik götürdüyünü dedin… Mahir Cavadov mənim iştirakımla keçirdiyimiz görüş zamanı səni bu hərəkətinə, yəni kaset alverinə görə şillələdi, söydü, təpiklədi və evdən qovdu. O, sənə dedi ki, axı sən məni nə hesab edirsən??? Mənim isə sənə yazığım gəldi, sürücüm İbada səni mənzil başına qədər aparmağı tapşırdım. Bu bizim ikinci görüşümüz idi.

Üçüncü görüşümüz isə 1996-cı ilin təxminən avqustun axırı, sentyabr-oktyabr aylarında Dubaya vurulan qara kürü ilə əlaqədar tutulmuş dəstənin işi ilə əlaqədər Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsində olduğum zaman MTN-də olarkən səninlə görüşmüşəm… Nəhayət, növbəti, dördüncü görüşümüz- səninlə, əgər yadından çıxmayıbsa, baş prokuror Eldar Həsənovun kabinetində milli təhlükəsizlik naziri Namiq Abbasovun və MTN-nin istintaq idarəsinin rəisi R.Mansurovla birlikdə sənin rüşvət alıb Fazil Muxtarovu necə buraxmağın barədə müzakirə apararkən oldu… Həmin görüş zamanı sənin satışa çıxartdığın kaset barədə müzakirələrimiz də oldu. Əlbəttə ki, sən belə bir kasetin səndə olmadığını dedin, boynundan atdın. Sən indi Fransada siyasi məhbus kimi yaşayırsan. Halbuki, bu qətiyyən doğru deyil… Sənə qətiyyətlə bildirirəm ki, Milli Təhlükəsizlik Nazirliyi ilə aranızda olan münaqişə bilavasitə aldığın rüşvət hesabına Fazil Muxtarovun barəsində seçilmiş qətimkan tədbirini dəyişdirməyin üstündə olmuşdu. Və mən həmin görüşdə iştirak etdiyimə görə bilirəm ki, həm Milli Təhlükəsizlik Nazirliyi, həm də nazirliyin istintaq idarəsinin rəisi, həm də o vaxtkı baş prokuror Eldar Həsənov rüşvət almağın barədə səni ittiham etdilər. Yalan danışma, mən həmin cinayət işində adı keçən Fazil Muxtarovu müdafiə etməmişəm. Fazil Muxtarovu bu işə gələnə qədər sən artıq onun barəsində olan həbs qətimkan tədbirini ləğv etmiş və onu (Fazil Muxtarovun sənin bilavasitə rəhbərliyin altında həyata keçirilən ağır işgəncələr nəticəsində səhhəti pozulmuşdu, bununla əlaqədar məndə olan məlumata görə o, xaricə, səhv etmirəmsə, Türkiyəyə müalicə almağa getmişdi) buraxmışdın…

-Ramin Nağıyev həm də iddia edir ki, guya siz onu Fazil Muxtarovla görüşdürməli idiniz və buna görə də onu evinizə dəvət etmisiniz, amma evdə F.Muxtarov deyil, onu Mahir Cavadov gözləyirmiş…

-Bu adam niyə yalan danışır? Axı mən F.Muxtarovun müdafiəçisi olmamışam və ən azı bu səbəbdən də onu F.Muxtarovla niyə də görüşdürməli idim? Fazil Muxtarov həmin vaxtlarda Türkiyədə məhz Ramin Nağıyevin işgəncələrindən aldığı yaralarını müalicə etdirirdi… Bu özü Mahirlə onun görüşünü təkidlə məndən xahiş etmişdi. Siz Mahir Cavadovla da müsahibə alıb faktı dəqiqləşdirə bilərsiniz… Yadımdadır ki, Mahir Cavadov mənim iştirakımla keçirilən həmin görüş zamanı Ramin Nağıyevə dedi ki, a kişi, sən yüksək səviyyədə dələduzluqla məşğulsan. Ramin Nağıyev, o, həmçinin sənə bildirdi ki, nə mənim, nə qardaşım Rövşən Cavadovun, nə də “OMON”çuların Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun öldürülməsinə heç bir aidiyyətimiz ola bilməz. Çünki biz onlarla dost olmuşuq, yaxın münasibətlərimiz olub. İndi də biz onların xatirəsini yad edirik, əziz tuturuq…

Sonra Mahir Cavadov sənə onu da bildirdi ki, bu qətli kim törətdirib, onu sən Ramin Nağıyev çox yaxşı bilirsən… Sən isə yalandan kaset düzəldib onu bizə satmaqla pul əldə etmək, bununla da izi azdırmaq istəyirsən. Bundan sonra isə səni şillələdi, söydü, evdən qovdu… O ki qaldı Ramin Nağıyev müsahibəsində bizim ikinci görüşümüzə, yəni guya bizim evdə Fazil Muxtarovla görüşməyə gəlməsi, lakin orada M.Cavadovla qarşılaşması məsələsinə, biləsiniz ki, bütün bu məsələlər Fazil Muxtarovun cinayət işi materiallarında vardır. Fazil Ramin Nağıyev tərəfindən buraxıldıqdan 3 gün sonra ölkəni tərk edib müalicə alması üçün xaricə getmişdi. Uzun müddət Bakıya qayıtmamışdır. Yalnız 1996-97-ci illrdə vəziyyət dəyişdikdən sonra Fazili Rusiyanın Tümen vilayətindən həbs edərək Azərbaycana gətirmişdilər və istintaqa təhvil vermişdilər. Məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum etmişdi…

Mən Azərbaycan ictimaiyyətinə, həmçinin Ramin Nağıyevə sığınacaq vermiş Fransa hökümətinə, bu ölkənin ictimaiyyətinə üzümü tutub bəyan edirəm: Ramin Nağıyev Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin xüsusilə mühüm işlər müstəntiqi olubdur və həmin dövrdə A.Səlilovla Ş.Rəhimovun qətlə yetirilməsi cinayət işinin istintaqını apararkən heç bir günahı olmayan, həmin qətl törədilərkən Sumqayıtda qohumlarının toyunda olduğu halda, Fazil Muxtarovu, Elçin Əliyevi və Fazil Hüseynovu qanunsuz olaraq həbs etmiş, onlara özünün rəhbərlik etdiyi dəstə tərəfindən verilən ağır işgəncələr altında ifadələri alınmışdır. Bu işgəncələrdən sonra onlardan biri-Elçin Əliyev türmədə vəfat etmiş, Fazil Muxtarov aldığı xəsarətlərdən müalicə almaq üçün uzun müddət Türkiyədə qalmalı olmuşdur. Ramin Nağıyev Fazil Muxtarova ağır işgəncələr verdikdən sonra təqsirləndirilən şəxsin böyrəkləri fəaliyyətini dayandırmış, bundan sonra ondan 30 min dollar rüşvət alaraq barəsində olan həbs qətimkan tədbirini dəyişdirərək onu buraxmışdır. Ramin Nağıyev sonradan yenə də həmin işin istintaqında iştirak etmiş və Fazil Muxtarovun yenidən həbs edilərək istintaqa təhvil verilməsinə nail olmuşdur. O saxta ittiham aktını Baş prokurorun müavini İsa Nəcəfova təsdiq etdirərək işi bu şəkildə məhkəməyə göndərmişdi və bundan sonra günahsız insanlara hökm çıxartdırmışdır. Bəyan edirəm ki, R.Nağıyevin yalanlarının əksinə olaraq, Fazil Muxtarov ölməyib, hazırda sağdır, heç vaxt da narkotika aludəçisi olmayıb. Ramin Nağıyev bu məsələdə də böhtan atır, yalan danışır. O hazırda Rusiya Federasiyasında kommersiya fəaliyyəti ilə məşğul olur. Ramin Nağıyevin guya onun vəfat etməsi barədə söylədikləri tamamilə ağ yalandır. O, F.Muxtarovun ölməsi və narkotik aludəçisi olması barədə yalan məlumat yayaraq gələcəkdə Fazilin onun barəsində açıqlamalar verməməsi üçün indidən zəmin hazırlayır. Biləsiniz ki, həmin iş üzrə cinayət işinin materialları arxivdədir, ora nəzər yetirərək görmək olar ki, Ramin Nağıyev bu iş üzrə müstəntiq olduğu zaman mən hansı vəsatətlər vermişəm və o məni bu işdə vəkillikdən necə kənarlaşdırmaq üçün hansı qanunsuz hərəkətlər etmişdir.

Hətta dəfələrlə o mənim bu cinayət işinin istintaqı ilə bağlı MTN-ə gəlməyimə mane olmaq üçün hətta “zayavka” verməkdən belə imtina etmişdir. Ən maraqlısı odur ki, onun Mahir Cavadovla kaset sövdələşməsi baş tutmayandan sonra acığa düşərək qərar çıxardıb məni Elçin Əliyevlə Fazil Hüseynovun müdafiəsindən də qanunsuz olaraq kənarlaşdırmışdı. Ramin Nağıyev həmin qərarını belə əsaslandırmışdı ki, guya mənim Mahir Cavadovla qohumluq əlaqələrim vardır və s. Mən buna görə də həmin şəxslərin müdafiəsi ilə bağlı heç bir hüquqi addımlar ata bilməmişəm, mən nə istintaq hərəkətlərində, nə də istintaqın gedişində onun qanunsuz qərarı ilə kənarlaşdırılmışam, vəkil kimi iştirak edə bilməmişəm. Mən indiyə qədər dəfələrlə A.Cəlilovla Ş.Rəhimovun öldürülməyində “omon”çüların əlinin olmamasını yazmış və müraciətlər etmişəm. Həmçinin F.Hüseynov və E.Əliyevin R.Nağıyev tərəifndən qanunsuz olaraq həbs edilməsini və qanunsuz hökmün çıxarılmasını dəfələrlə aidiyyətı qurumlara, həmçinin o vaxtkı Baş prokuror Eldar Həsənova, MTN naziri Namiq Abbasova şikayətlər etmişəm. Bütün bunlarla bağlı Azərbaycanın Fransadakı səfirinə müraciət edərək bildirirəm ki, Ramin Nağıyev və onun ətrafındakı şəxslərin Azərbaycan dövlətinə xəyanət edərək orada sığınacaq tapması yolverilməzdir, bu, Fransanın beynəlxalq imicinə də zərbə vurur. Bu gun R.Nağıyev i barədə Fransa hökumətinin ona sığınacaq verilməsi barədə qərarı dərhal dəyişdirilməlidir, onlar Azərbaycana təhvil verilməlidir. Onların cinayətini sübut edən kifayət qədən istintaq və məhkəmə qərarları vardır…

www.dia.az

Ulduz, Paris, 15 avqust 2017

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email