“Təzadlar” kimə vəkillik edir? Asif Mərzili də durub deyə bilər ki, Elşad Abdullayevi tanımıram,məgər, bununla həqiqət dəyişir? Məsələ belədir. “Gündəlik Bakı” qəzetində keçmiş Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı idarə heyətinin üzvü, iş adamı Rizvan Vahabovla bağlı bir qrup vətəndaşın kütləvi informasiya vasitələrinə, o cümlədən redaksiyamıza ünvanlanmış müraciəti əsasında yazılar dərc etmişdik. Bu yazılarda Rizvan Vahabovun qətlə yetirilmiş iş adamı Əflatun Piriyevlə bir müddət şərikli biznesindən bəhs olunur.
Qeyd edilir ki, payçıların obyekt aldığı binanın tikintisini həyata keçirən “Volbak” MMC-nin sahibi Əflatun Piriyev olubsa da,faktiki olaraq tikintinin aparılması və hazır binanın satışı Hümbət Məmmədovla Rizvan Vahabovun öhdəsində olub. Lakin Əflatun Piriyevi qətlə yetirməkdə günahlandırılan Hümbət Məmmədov həbs olunduqdan sonra bütün məsələlərin həlli Rizvan Vahabov tərəfindən həyata keçirilib. Bəzi məlumatlara görə, Rizvan Vahabov əslində həm mərhum Əflatun Piriyevin, həm də Hümbət Məmmədovun bir sıra mühüm problemlərin həllində işi keçən yüksək vəzifəli məmurlarla münasibətlərini “tənzimləyirmiş”. Tənzimləmələrin Rizvan Vahabovun bu iki iş adamı ilə münasibətlərində aparıcı rolu ondan ibarət olub ki, nəticə etibarı ilə ortaq biznes fəaliyyətinə rəvac verilib. Sonrakı yazılarda da bu biznes ortaqlığının sabiq məmurun müstəqil fəaliyyətinin yalnız görünən hissəsi olduğu bildirilir. Paytaxtın Murtuza Muxtarov küçəsi 145 ünvanındakı binanın ilk mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini ələ keçirilməsi əməliyyatlarında sabiq komitə sədrinin maraqlı şəxs kimi iştirakı həmin obyektlərin qanuni sahiblərini çətin sınağa çəkilməsinə gətirib çıxarıb.
Bu məsələni öz xeyrinə həll edəcəyinə qəti əmin olan Rizvan Vahabovun Ali Məhkəmədə oturan yaxın dost-tanışları onun xeyrinə qərar çıxarsa belə, şikayətçilər Rizvan Vahabovla mübarizəni daha yüksək məhkəmə instansiyalarında davam etdirməyə qətiyyətlidirlər.Məhkəmə instansiyalarında hakimlər bu imkanlı sabiq məmurun səsini eşitməyə hazır görünsələr də, şikayətçilər Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun arqumentlərini dinləməyə borcludurlar.Qeyd edək ki, “Gündəlik Bakı” bu məqalələrlə özündən “amerika” açmayıb. Bu səpkidə yazılar ölkənin daha bir neçə mətbu orqanında gedib. Bəs elə isə, “Təzadlar”ı qaşındıran nədir? Qəzetin rəhbərliyinə nə düşüb ki, belə operativ şəkildə Rizvan Vahabovun müdafiəsinə girişib. Qəzetin bizə ünvanladığı ittihamlardan əsas ikisinə diqqət yetirin. Bu ittihamlardan biri Rizvan Vahabovun qayınanası, digəri isə, sabiq komitə sədrinin Rəsul Quliyevlə yaxın əlaqələri ilə bağlıdır. “Təzadlar”ın baş redaktoru yazır ki, hətta Rəsul Quliyevə məsələ ətrafında sorğu da göndərib. Rəsul Quliyev isə cavabında Rizvan Vahabov adlı adamı tanımadığını deyir. Sən demə elə Rizvan Vahabov da Rəsul Quliyev adında adamı tanımırmış. Bunu əsas gətirən qəzet bizləri qınamağa başlayır ki, yalan yazırsınız. Bilirsiniz, bu məqamda Asif Mərzili ilə Elşad Abdullayev əhvalatı yada düşür. Asif Mərzili də durub deyə bilər ki, Elşad Abdullayevi tanımıram. Məgər, bununla həqiqət dəyişir?
Ortada videogörüntü faktı olmasaydı, Asif Mərzili çətin ki, Elşad Abdullayevlə münasibətlərini etiraf edərdi. İşdi, əgər Rizvan Vahabovla Rəsul Quliyevin münasibətləri barədə hər hansı bir fakt ortaya qoyularsa, görəsən Asif Mərzili hansı sifətə düşəcək?
Qayıdaq öz obyektlərini və əmlakının mühüm hissəsini qayınanası Anna Qoloveşkinanın adına sənədləşdirmiş Rizvan Vahabovun müdafiəsinə girişən qəzetin digər iddialarına. Göründüyü kimi, biz olanı qeyd etmişik, heç kəsin də milli və şəxsi hisslərini aşağılamaq fikrində olmamışıq və deyilik. Elə isə, “Təzadlar” görəsən niyə ortaya düşüb “xam” xörək axtarır? Deyəsən, burda kiminsə vəkillik etməsindən söhbət gedir. Qəzet əgər ədalətli mövqe sərgiləyirsə, Risvan Vahabov kimi iş adamının qayınanasına havadarlıq etdiyi kimi, heç olmasa, evlərindən və obyektlərindən məhrum edilmiş bir qrup imkansız vətəndaşımızın da mənafeyini nəzərə almalıdır. Yox, əgər haqqı danışmağı bacarmırdısa, susmaq hər şeydən yaxşı olmazdımı?
Sail Zəngilanlı
Baxış sayı: 2086 Tarix:17-10-2015
Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=24399
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email