Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Siyasi məhbus siyahısı yeniləndi…

Əfqan Muxtarlının oğurlanması əsrin ən böyük adam oğurluğu cinayətlərindən biridir

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti toplantısı keçirilib. Toplantıda siyasi məhbuslarla bağlı vəziyyət, məhkəmə prosesi yekunlaşan Əfqan Muxtarlı, “Nardaran işi” ilə bağlı həbs olunanlar haqqında məhkəmə hökmləri və digər məsələlər müzakirə olunub, siyasi məhbus siyahısı yenilənib.

İclasda 26 noyabr 2015- ci il Nardaran hadisələri ilə bağlı həbs olunmuş Müsəlman Birliyi Hərəkatının sədri müavini Elçin Qasımov və digərləri haqqında Bakı Ağır Cinayətlər məhkəməsinin çıxardığı qərar növbəti qanunsuzluq və sifariş kimi qiymətləndirilib.

Keçən ilin may ayının 29- da Tbilisidə oğurlanaraq həbs olunmuş Qarabağ qazisi, araşdırmaçı jurnalist Əfqan Muxtarlının Baləkən rayon məhkəməsinin qərarı ilə 6 il müddətə azadlıqdan məhrum edilməsi pislənilib. Qeyd olunub ki, onun ictimai- siyasi fəaliyyətinə, araşdırma yazılarına görə qonşu Gürcüstanda oğurlanıb Bakıya gətirilməsi son əsrdə dövlət səviyyəsində həyata keçirilən ən böyük adam oğurluğu cinayətlərindən biridir. Maraqlıdır ki, hakimiyyət bu cinayəti həyata keçirənləri deyil, cinayətin qurbanı olmuş Əfqan Muxtarlını cəzalandırır. Siyasi Məhbusları Müdafiə Mərkəzi Əfqan Muxtarlı başda olmaqla bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Toplantıda siyasi məhbus siyahısı da yenilənib. Həbsində siyasi motivlər olduğuna və həbsi siyasi məhbuslarla bağlı AŞPA- nın 3 oktyabr 2012- ci il 1900 saylı Qətnaməsinin kriteriyalarına uyğun gəldiyinə görə Turan TV- nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyevin, Musavat partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun və keçmiş hicab məhbusu Elşən Abbasovun adları siyasi məhbus siyahısına daxil edilib. Eyni zamanda qərar alınıb ki, hazırda Kanadada yaşayan siyasi mühacir Sahib Teymurovun qardaşı Tahir Teymurovun həbsində siyasi motivlərin olduğu ehtimal edildiyindən onunla bağlı məsələ araşdırma altına alınsın.

Toplantıda SMMM tərəfindən hazırlanan “Avropa işi” ilə bağlı hesabat ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yekunlaşmaq ərəfəsində olan sənəd ingilis dilinə tərcümə edilərək yerli və beynəlxalq ictimaiyyətə təqdim olunsun.

 

Oktay Gülalıyevin Facebook səhifəsindən,

Rəşad, Paris, 16.01.2018

info@avropaninsesi.com