Almaniyada məskunlaşan siyasi fəalların təşəbbüsü ilə yaradılmış DAS təşkilatının regional əlaqələndiricisi Elmir Şirəliyevin qaynı, Füzuli rayon sakini Ruslan Adilov polis şöbəsinə aparılıb. Bu barədə DAS rəsmisi Rafiq Təmrazov mətbuata açıqlamasında bildirib.

“Mehman Hüseynova qarşı edilən təzyiqlərə etiraz edənləri xaricdə “zərərsizləşdirməyə” gücü çatmayan Azərbaycan hökuməti adəti üzrə yenə də onların qohumları vasitəsilə susdurulmasına nail olmaq istəyir.” – deyə Rafiq Təmrazov bildirib. Onun sözlərinə görə, yanvarın 10-da soydaşlarımız Berlində Azərbaycan səfirliyi önündə siyasi məhbuslarla bağlı aksiya keçirib. Rafiq Təmrazov həmçinin qeyd edib ki, aksiyanın təşkilatçılarından biri, DAS təşkilatının regional əlaqələndiricisi, “Korrupsiyaya yox de” Facebook profilinin sahibi Elmir Şirəliyevin qaynı tədbirdən sonra saxlanılıb.

“Mitinqdə Azərbaycan hakimiyyəti əleyhinə etiraz səslənmiş, Mehman Hüseynovun, o cümlədən digər siyasi məhbusların dərhal azad edilməsi üçün çağırışlar səsləndirilmişdir. Buna görə də mitinqə həm təşkilatçılıq edən, həm də mitinqin ictimai yayımını bilavasitə təmin edən Elmir Şirəliyevin qaynı, Füzuli rayon sakini Ruslan Adilov polis şöbəsinə aparılıb”.

DAS rəsmisi Rafiq Təmrazov onu da qeyd edib ki, son dövrlər DAS təşkilatı üzvlərinin qohumlarına qarşı Azərbaycanda “xüsusi münasibət” sərgilənir: “2018-ci ilin yayında yaradılmış DAS təşkilatı kütləvi olaraq bir neçə siyasi aksiya təşkil etmiş, hər dəfə də üzvlərimizin Azərbaycanda qohumlarına qarşı təzyiqlər göstərilmişdir. Hal-hazırda DAS üzvlərinin təqribən 20 nəfərinin ailə üzvləri və qohumlarına qarşı bu və ya digər formada təzyiqlər edilib”.

Emil QULİYEV

yukselis.info

 

 

 

Print Friendly, PDF & Email