AZƏRBAYCANIN İQTİSADİ PROBLEMLƏRİ
Без названия
II hissə
(Əvvəli bu linkdə: moderator.az/news/166820.html)
Xarici ticarətin genişlənməsi, başqa sözlə desək, həcminin artması ciddi iqtisadi göstəricilərdir və Azərbaycan mallarının rəqabətə dözümlüyünü göstərir. Belə mallarının  ixracının artırılması və onu emal edən sahələrin genişlənməsi əsas məsələlərdən biri olmalıdır. Belə müəssisələrin sayı artırılmalıdır və əsas investisiya bura qoyulmalıdır.
Ölkədən ixrac olunan mallara da gömrük rüsumunun   azaldıması böhran şəraitində ən vacib məsələlərdən biridir, çünki resessiyaya uymuş Azərbaycanın ixrac mallarının qiyməti aşağı düşdüyündən, istehsalçının xərcləri də artır.Bu artım və gömrük rüsumunun böyüklüyü ixracın qarşısını alır, başqa sözlə desək istehsal olunmuş malların maya dəyərini artırır. Belə olduqda, xaricdə pul qazanmaq məsələsini sual altına alır. .
Xaricdən gələn mallara da qoyulan gömrük  rüsumu  azalmalıdır, çünki gömrük rüsumları artdıqca, xarici firmalar bir tərəfdən ölkəmizə gətirilən malların qiymətini qaldırırlar və yaxud qiymət qoyumunda özbaşınalıqları görüb, ölkəni tərk edirlər. Baxın, Bakıda nə qədər xarici firmalar və şirkətlər öz nümayəndəliklərini bağlayıb və  bu firma və şirkətlərdə işləyən minlərlə adam işsiz qalıbdır. Bu işsizliyə aparan yoldur. İş yerlərin sayını azalması da bununla bağlıdır.
Hökumət bütün bunları nəzərində saxlamalı, bağlanmaq istəyən firma və şirkətlərin işinə əngəl nə törədirsə, aradan qaldırmalıdır. Axı son nəticədə ölkəmizə investisiya qoymaq istəyən şirkətlər respublikamızda mövcud olan xarici şirkətlərə baxıb, qərar verirlər.
Devalvasiyanın başımıza açdığı bəlanın biri də iş yerlərinin  bağlanmasıdır. Bunun səbəbləri araşdırılmalı və düzgün nəticə çıxarılmalıdır.
Cavan Azərbaycan respublikası birinci dəfədir ki, belə böhran vəziyyətinə düşüb. Odur ki, biz xarici ölkələrin həyata keçirtdikləri anti-böhran tədbirlərinin mahiyyətini öyrənib, düzgün seçim etməliyik ki, düşdüyümüz bəladan qurtaraq.
Devalvasiya baş verən ölkələrdə qiymətlərin ucuzlaşması inkar olunmaz faktdır. Başqa ölkədə baş verən devalvasiyanın da Azərbaycana təsiri vardır. Bunu iqtisadçılar nəzərdən qaçırtmamalıdırlar, çünki ölkədən xarici valyutanın çıxarılması güclənir. Səbəbi:  həmin ölkələrdə daşınmaz əmlakın ucuzlaşmasıdır.
Əvvəllər Rusiyadan Azərbaycana küllü miqdarda valyuta gəlirdi. Bunun əsas hissəsi xalqın əlində olduğundan, pulu daşılmaz əmlaka qoyurdular və birə üç qazanırdılar. Rusiyada devalvasiyadan sonra qiymətlər öldü. Bunun nəticəsində Rusiyada yaşayan Azərbaycanlılar respublikamızda olan daşılmaz əmlaklarını satıb, Rusiyada iki-üç ev aldılar, eyniynən Türkiyədə, Avropa ölkələrində də  azərbaycanlılar daşılmaz əmlaka  sahib olmaq üçün ev-eşiklərini satıb bu ölkələrə gedirlər. Bu proses indi də davam edir. Nəticəsi Azərbaycanda daşılmaz əmlakın qiyməti enməkdədir. Bu bir yana ölkədən xarici valyutanın yoxa çıxmasına gətirir. Bunu biz “dollar xəstəliyi” deyərdik. Dollar və başqa valyutaların da banklardan yoxa çıxmasının bir səbəbi də elə budur.
Daşılmaz əmlakın Azərbaycanda qiymətinin ölməsi prosesi gedir. Bu iqtisadiyyatımızın çox ciddi prosesdir. Minlərlə Azərbaycanda tikilən  “göydələnlərin” satışı  sual altındadır. Bu proses dayanmasa, Azərbaycanda yüksək vüsət almış tikinti sənayesi də çökə bilər. Baxmayaraq ki, tikinti şirkətləri xalqa hətta uzunmüddətli faizsiz kreditlər də təklif edirlər, alanların sayı o qədər də çox deyil. Əgər üç il bundan əvvəl camaat evi “katlavandan” alırdısa, indi hazırına yiyə duran yoxdur.
Tikinti sənayesinin çökməsinin qarşısı alınmalıdır. Bu saat bu sahədə on minlərlə fəhlə, mühəndis və s. işçilər çalışır.
Evlərin satılmaması dövriyyədən küllü miqdarda pulu çıxaracaq və tikinti şirkətlərini bankrotuna gətirəcək. Bu onminlərlə fəhlənin işsiz qalması deməkdir. Bu bir yana. Bunun nəticəsində Azərbaycanda tikinti materialları, taxta emalı, kimya,  ağır sənayesi və s. tikinti ilə bağlı zavod və sexlərin də bağlama təhlükəsi ilə üzləşəcəyik.
Resessiya  qeyri-adi bir prosesdir, çox  gizli gedir, ancaq nəticələri çox acınacaqlı ola bilər. Nəzərə almalıyıq ki, tikinti, kimya, ağır sənayenin mallarının Azərbaycandan kənarda satılmasını, başqa sözlə desək ixracını genişləndirməliyik. Tikinti azaldıqca, bu materiallara daxili tələbat da azalır. Ancaq bu o demək deyildir ki, biz xaricə göndərdiyimiz  rəqabətə dözümlü mallarımızın həcmini azaltmalıyıq. Söhbət ondan gedir ki, Respublikada tikintiyə tələbat azalırsa, xarici ölkələrdə Azərbaycan tikinti məhsullarına tələbat vardır. Çünki bu saat Azərbaycanda istehsal olunan tikinti materialları keyfiyyətcə heç də xarici ölkələrin məhsullarından geri qalmır. Odur ki, bu materialların hökumət tərəfindən xaricə ixracına mane olan nə varsa, aradan qaldırmalıdır.
Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları Azərbaycan mallarının təbliğini və sərgilərini təşkil etsələr və ticarət şirkətlərini maraqlandırsalar, inanın ki, Azərbaycanın istehsal etdiyi mallar rəflərdə qalmaz. Azərbaycan tikinti məhsullarının yüksək keyfiyyətinə Gürcüstan, Belarus Rusiya, Qazaxıstan, İran və s. ölkələrin tikinti şirkətləri yaxşı bələddirlər və Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə hazırdırlar. Bəs buna mane olanlar nədir? Axı bu sənaye sahələri Azərbaycana milyonlar gətirə bilər. Belə kombinat, zavod və sexlərin keyfiyyətli məhsullarının xarici ölkələrdə satılması daha məqsədə uyğundur və biz bu sahələrin istehsal etdiyi məhsulun həcmini artırmalıyıq.
Xarici ticarəti proqnozlaşdıran və ölkəmizə valyuta gətirən sahələrə daha çox qayğı çəkməliyik. Əlbəttə ki, bütün məsələləri hökumət tənzimləməlidir.
Valyutanın kənara çıxması Azərbaycanda valyutanın əksər hissəsinin dövriyyədən çıxarılmasına səbəb olmuşdur. Buna qarşısını almaq üçün hökumət elə iqtisadi proqramlar ortaya çıxartmalıdır ki, xalq öz pullarını bu proyektlərin həyata keçirilməsinə sərf etsin. Bu hər şeydən əvvəl iqtisadiyyatın  sağlamlaşmasına yol açan bir proses olmalıdır, daxili biznes sisteminin inkişafına təkan verməlidir. Hər şeydən əvvəl qanun işləməlidir və azad  sahibkarlığa şərait yaradılmalıdır ki, qanun onların hüquqlarını qorusun. Bunun üçün Azərbaycanda iqtisadiyyatın inkişafına zərbə vuran monopolizmin qarşısı hökumət tərəfində ciddi şəkildə alınmalıdır.
Azərbaycanda baş verən iqtisadi böhranın bir səbəbi kimi əgər biz neft hasilatının üstünə yıxırıqsa, digər tərəfdən məmur monopolizminin də böyük rolu olduğunu qeyd etməliyik.
Monopolizmin azad sahibkarlığa vurduğu zərbədən və son nəticədə Azərbaycan iqtisadiyyatına dəyən zərərlərdən saatlarla danışmaq olar. Ancaq bir əsas faktı nəzərinizə çatdırmaq istərdik. Monopolistlər hər şeydən əvvəl azad sahibkarların və balaca müəssisələrin işini pozanlardır və ölkədə istehsal olunan malların sayını azaldır  və qiymətlərin qaldırılmasına şərait yaradır.
Monopolistlərin özbaşınalığının qarşısını ancaq ölkə qanunları ala bilər. Bunu tənzimləmək üçün Avropa qanunlarına tay olan qanunlarımız işləməlidir, ancaq onların işləməməsi də göz qabağındadır. Qanun azad sahibkarların tərəfindədir, ancaq işləmir desək daha düzgün olardı. Qanunun işləməsinə nəzarət edən orqanlar buna göz yumamalıdırlar. Sahibkarlar qanunun ciddiliyini və hamının qanun qarşısında bərabər olduğunu görüb, ölkəni tərk etməzlər.
Bu saat Azərbaycanın tikinti şirkətlərinin 50%-dən çoxu ölkəni tərk edib, başqa ölkələrdə tikinti işi ilə məşğuldurlar. Azərbaycan şirkətləri Rusiya, Qazaxıstan, Gürcüstan və başqa respublikalarda  şəhərciklər tikməklə məşğuldurlar. Bu saat qonşu Gürcüstanın paytaxtında və Batumidə tikilən binaları azərbaycanlılar tikirlər və özgə ölkənin iqtisadiyyatına küllü miqdarda investisiya qoyurlar.
Tikinti şirkətlərinin buraya cəlb olunmasının əsas səbəblərini araşdırsaq görərik ki, Azərbaycan tikinti şirkətlərinin bu ölkələrə köçməsinin səbəbi burada məmur özbaşınalığının olmaması, torpaq sahələrinin asanlıqla ayrılması ( bu ölkələr tikintiyə tez torpaq sahələri ayırır və vergi rüsumları çox cüzi dərəcədədir) , xaricdən gətirdikləri tikinti materiallarına görə gömrük rüsumu, demək olar ki, cüzidir, tikintinin aparılmasına mane olan bürokratik maneələr yoxdur.  Azərbaycanda məgər bunu etmək olmaz?
Gürcüstandakı biznes mühiti Azərbaycan biznesmenlərini özünə cəlb etdiyindən,  tezliklə, Azərbaycanın tikinti şirkətləri ölkəni tərk edəcəklər. Biz bilməliyik ki, biznesin milliyyəti olmur, biznes pul qazanmaq üçün münbit mühit axtarır. Bu biznesin yazılmamış qanunudur.
Gürcüstandakı şirkətlərin rəhbərləri onu da qeyd edirlər ki, bu saat Azərbaycanın  tikinti materialları sahələrinin buraxdığı materiallar keyfiyyətinə görə heç də xarici ölkələrin buraxdığı materiallardan geri qalmır. Ancaq Azərbaycanda gömrük rüsumunun yüksək olması, onları Türkiyədən və İrandan tikinti materiallarının alınıb, gətirilməsinə məcbur edir.
Axı tikinti materialları sahəsi yüksək iqtisadi göstəricilərə malikdir. Azərbaycan məhsulunun keyfiyyətini bütün dünya qəbul edir, rəqabətə dözümlü mallardır. Əlbəttə ki, qeyri-neft sektorunun  bu növünün istehsal etdiyi malların ixracı Azərbaycan büdcəsinə küllü miqdarda pul gətirə bilər, əgər məmur özbaşınalığı, gömrük və vergi rüsumlarının yüksək olmasaydı.
Azərbaycan istehsalçılarının işinə nə mane olursa, o aradan qaldırılmalı, yeni biznes rejimi yaradılmalıdır ki, bu sahələr öz istehsalını artırsınlar və xaricə mallarını çıxarsınlar.
Tanınmış şirkət sahibləri bunun nəticəsində öz firmalarını Azərbaycandan köçürüb, xarici ölkələrdə tikməyi planlaşdırırlar. Səbəbi biznes  mühitinin olmaması, bankların yüksək kredit dərəcələri, vergi və gömrüyün əməllərinin heç bir dövlətçilik çərçivəsinə sığmamasıdır.
Azərbaycanda biznes iqlimi yaradılmalıdır. Hətta balaca bir emal müəssisəsi yaradan sahibkarın işinə maneə yaratmaq olmaz. Ancaq belə olduğu halda Azərbaycandan pul axının qabağı alına bilər və xalq öz pulunu öz ölkəsinə xərcləyər.
Ölkədən pulların xaricə axınını dayandırmaq üçün Bank sistemində də ciddi islahatlar aparılmalıdır. İlk növbədə Azərbaycanda bank sistemində Azərbaycan manatının hüquqları bərpa olunmalıdır. Azərbaycan ərazisində bütün əməliyyatlar Azərbaycan manatı ilə getməlidir.
Kreditlərin xarici valyuta ilə verilməsi, son nəticədə devalvasiyadan sonra qaytarılmaması, onlarla bankın bağlanmasına gətirib çıxartmışdır. Bank sistemindəki çatışmamazlıqlar ölkənin maliyyə sisteminin dağıdılmasına gətirib çıxara bilər. Bu iqtisadiyyatımızın ən öndə məsələlərdən biridir. Yeganə çıxış yolu  xarici valyuta ilə Azərbaycanda bank əməliyyatlarına Hökumət nəzarətini gücləndirməlidir.
Xarici valyuta ilə borcu olanların pullarını Azərbaycan puluna çevirib, kreditlərini tələb etməlidirlər. Xarici valyuta ilə borcu olanlar banklardan xarici valyuta ala bilmədiklərindən, borclarını qaytara bilmirlər. Nəticədə banka pul qayıtmır. Milyonlarla pul dövriyyədən kənarda qalır. Dərin düşünəndə görürük ki, bank sisteminin dağılmasının əsas səbəbi kimi pulların dövriyyəyə qayıtmamağını götürməliyik.
Biz Türkiyə sistemi kimi xarici valyutadan ölkəmizin ərazisində əl çəkməliyik və öz manatımızla əməliyyatlara keçməliyik. Bu məsələ öz əksini Azərbaycan Konstitusiyasında tapmışdır və hər məmurun və bankirin borcudur ki, Ali Qanuna əməl etsin.
Bank həqiqi sahibkarların işini maliyyələşdirməlidir, “fiktiv” müəssisələrə pulun verilməsini dayandırmalıdırlar. Bundan əlavə kredit faizini aşağı salmalıdırlar ki, krediti götürən  müflis olmasın və götürdüyü krediti yaratdığı müəssisənin qazancı ilə ödəsin. Kreditlərin yüksək olması, kreditoru tezliklə elə vəziyyətə salır ki, gördüyü iş yarımçıq qalır və bankrot olur. Bankların bu vəziyyətə düşmələrinin bir səbəbi də kredit dərəcələrinin yüksək olmasıdır.
Bir-neçə gün bundan əvvəl ABŞ-n yeni seçilmiş Prezidentinin çıxışını dinlədik. ABŞ-ı düşdüyü maliyyə böhranından çıxması üçün onun irəli sürdüyü  təkliflər çox maraqlıdır. Onun tezislərindən biri ölkədə yeni zavod, fabrik və s. müəssisə açanlara kömək məqsədi ilə verginin 12% həcmində  endirdiyini dedi. Onun fikrinə görə  verginin yüksək olması, ölkə iqtisadiyyatını boğmaq deməkdir və indiyə qədər ABŞ-da vergi yüksək idisə, bu gündən etibarən aşağı düşəcəyini elan etdi. Yüksək iqtisadi savada və təşkilatçılıq bacarığına sahib olan ABŞ Prezidentindən biz çox öyrənə bilərik. Onun fikrincə ölkə iqtisadiyyatının inkişaf etdirmək istəyirlərsə, vergi dərəcələrini aşağı endirməliyik.
Azad sahibkarlara kömək məqsədi ilə biz  də vergi dərəcələrini aşağı endirib, yeni sahələrin açılmağına köməkçi olmalıyıq.
Gəlin xaricdə biznes mühitinin yaradıldığına nəzər salaq.  Xaricdə banklar yeni yaradılmış müəssisələrə  2 % biznes yaratmaq üçün illik 2 faiz həcmində uzunmüddətli kredit verir, Azərbaycanda isə bank krediti 22-25 faizə bərabərdir. Bura əlavə edək vergini və s. gömrük rüsumlarını gərərik ki, yeni fəaliyyətə qədəm qoymamış müəssisə bir başa bankrota yuvarlanır, İstehsal etdiyi malın yarıdan çoxunu bu rüsumların ödəməsinə verir, qalan pullu isə birbaşa əmək haqlarına gedir, demək olar ki, gəlirsiz qalan sahibkar bankrota getdiyini görüb ölkədən qaçır. Bu saat onlarla banklar belə sahibkarları axtarır. Səbəbini təhlil etsək, görərik ki, günah sahibkarda deyil, onu ağır yükün altına girməyə vadar edən, kredit dərəcəsi, vergi və gömrük rüsumlarıdır, bura məmur özbaşınalıqlarını da əlavə etsək, görərik ki, ölkəmizdə bilərəkdən iqtisadiyyatımıza qarşı belə heç bir çərçivəyə yerləşməyən, ağılasığmaz əməllərə əl atırlar. Bunun qarşısını ancaq Azərbaycan Prezidenti ala bilər.
Bizim bəzi şirkətlər ölkəmizi kənarda qoyub, başqa ölkələrə investisiya qoyurlar və əlbəttə ki, Azərbaycandan valyutanın kənara çıxmasının səbəblərindəndir. Azərbaycanda  rəqabətə dözümlü malların istehsalını artırmaq əvəzinə, xarici ölkələrdə zavod və fabriklər tikirik? Nə məqsədlə? Məgər bu Azərbaycan iqtisadiyyatını gücləndirir? Hökumət elə etməlidir ki, ölkəmizdə biznes mühiti xaricdən yaxşı və gəlirli olmalıdır. Elə şərait yaratmalıdır ki, Azərbaycan biznesmenləri ölkəni tərk etməsinlər. Biznes mühitinin sağlamlığı xaric investorları ölkəmizə cəlb edə bilər.  Düzgün daxili siyasət buna xidmət etməlidir. Azərbaycanın iqtisadi sisteminə xarici investorlarının cəlb olunması məsələsi, Xarici işlər nazirliyinin xarici ölkələrdə əsas siyasi xətti olmalıdır. Niyə indiyə qədər Avropanın qabaqcıl  kənd təsərrüfatı texnologiyası ilə işləyən firma və şirkətlərlə iqtisadi marağımıza uyğun əlaqələr yaratmalı və onları ölkəmizə cəlb etməliyik. Belə olduğu halda kəndlərimiz çiçəklənər və rəqabətədözümlü məhsullar istehsal edərlər. Bəyənmədiyimiz Ermənistanın bu saat bununla məşğuldur, bizlər isə konsert verməklə, sərgilər təşkil etməklə. Anlamırıq ki, bu pulları Azərbaycanın iqtisadi maraqlarına uyğun xərcləmirik. Kamil cəmiyyətdə vətəndaşlar  ölkənin iqtisadi maraqlarına xidmət edirlər, hökumət isə onları iqtisadiyyatın inkişaf sahələrinə yönəldirlər. Gənc Azərbaycan Respublikası bu təcrübədən istifadə etməlidir.
Без названия (1)
Ardı var…
 
Tahir Cəfərli, siyasi analitik 
Print Friendly, PDF & Email