Print Friendly, PDF & Email

 

 

 

 

 

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov R.Namazovun yazdığı məktubda yer alan məlumatların yoxlandığını və təsdiqini tapmadığını bildirib. DİN rəsmisi deyib ki, R.Namazovun özü, məktubunda adını çəkdiyi Hədiyyə Bahadır qızı vaxtilə Şəkinin “Dağ dibi” deyilən ərazisində yaşayıblar: “Görünür, Rahim Namazovun orada və ya burada onunla şəxsi ədavəti olub və hazırda onun əleyhinə əsası olmayan belə məlumatları yaymaqla qisas alır və ya hansısa başqa niyyəti var”.
N.Məmmədli isə redaksiyamıza göndərdiyi məktubunda R.Namazovun yazdıqlarını təsdiqləyib: “Mən özüm də Fransada yaşayıram. Yazıdakı faktlar yüz faiz doğrudur və mən özüm bunların canlı şahidiyəm”.
N.Məmmədli qeyd edib ki, Fransadakı bu banda uzun illərdir fəaliyyət göstərir və Bakıdakı himayədarları vasitəsilə öz murdar işlərini uğurla davam etdirirlər: “Onların fəaliyyət sxemi belədir: Fransaya mühacirət etmək istəyən şəxs bandanın Bakıdakı üzvləri vasitəsilə öncə ana və ya atasının erməni olması haqda sənədləri Bakıdakı VVAQ şöbələrindən biri vasitəsilə əldə edirlər, sonra həmin insanlara viza təmin edilir. Onlar izi itirmək üçün birbaşa Fransaya yox, Almaniyaya yola salınır. Almaniyada Sabir adlı şəxs onları qarşılayır, 3-4 gün evində qonaq edir və məhkəmədə nə deyəcəkləri haqda onlara təlim keçir. Sonra Sabir onları Almaniyadan öz maşını ilə Parisə apararaq Zina Tumanyana təhvil verir. Ona və bandasına bunun müqabilində azı 6 min avro ödənilir və həmin şəxslər Fransa Miqrasiya İdarəsinə müraciət edərək, özlərinin erməni olduqlarını və Azərbaycanda dəhşətli işgəncələrə məruz qaldıqlarını deyirlər”.
N.Məmmədli yazır ki, bu vasitə ilə son 10 ildə Azərbaycandan (əsasən Şəkidən) Fransaya erməni kimi mühacirət edənlərin sayı minlərlədir.
Dünən R.Namazov məsələ ilə bağlı rəsmi bəyanat yayıb. R.Namazov bəyanatda bildirib ki, onun xaricdə azərbaycanlıların erməniləşdirilməsinə dair yazdıqları faktdır: “Daxili İşlər Nazirliyi məsələni araşdırmadan açıqlama verib. Əvvəla, mən ”Dağ dibi”də yox, həmin ərazidən 1 kilometr aralıda Bağbanlar məhəlləsində yaşamışam. Bura gələnə qədər nə Hədiyyəni, nə də onun qohum-qardaşını tanımışam. Ehsan Zahidov deyir ki, guya Hədiyyə Bahadır qızı hal-hazırda ailəsi, atası, anası və bütün qohum-qardaşı ilə birlikdə Fransada yaşayır. Bu, ağ yalandır. Şəkiyə getsəniz görəcəksiniz ki, Hədiyyənin atası Bahadır öz həyat yoldaşı ilə “Dağ dibi”də ikimərtəbəli evdə yaşayır. Mən iki gün öncəki müraciətimdə Daxili İşlər Nazirliyinə yox, ölkə prezidentinə, Xarici İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Fransadakı səfirliyə müraciət etmişdim”.
R.Namazov bu məsələ ilə bağlı birinci dəfədir aidiyyəti qurumlara məktub göndərdiyini deyib: Məlumatı ilk dəfə pia.az saytına, sonra isə “Yeni Müsavat” qəzeti ilə bölüşmüşəm. Hədiyyə Bahadır qızı hazırda Fransada Zina Tumanyan adı ilə yaşayır. Öz dosyesində bildirib ki, erməni-azərbaycanlı məsələsinə görə Türkiyəyə, oradan da Fransaya üz tutub”.
R.Namazov qeyd edib ki, bu haqda “Yeni Müsavat”da yazı dərc olunandan sonra Hədiyyə onunla görüşmək, məsələni aralarında həll etmək istəyib.
R.Namazov iddia edir ki, Hədiyyə Bahadır qızı insan alveri ilə məşğuldur: “Bu qadının Fransadakı qurbanları sırasında məşhur skripka çalan Kamilin qardaşı Vüqar Mustafazadə və onun həyat yoldaşı Kifayət (hazırda sənəddə Asiya Sarkisyan ad-soaydını daşıyır), oğlu Vasif və qızı Zəhradır. İkinci ailə hazırda “Kapitalbank”da mühasib işləyən Məmməd Sədrəddinovun qızı Nigar Mahmudzadə (sənəddə Nelli Babayan), həyat yoldaşı İsmayıl Mahmudzadə, qızı Leyla və oğlu Səməddir. Qalan iki ailə isə Hədiyyənin ata yurdunda qonşudurlar. Zina Tumanyan iki ildən bir Şəkiyə gəlir. Hansı yolla? Aidiyyəti qurumlardan xahiş edirəm, bunu araşdırsınlar”.
R.Namazov adları çəkilən ailələr haqqında Fransa hökumətinə rəsmi sorğu göndərib.
Qardaşı arvadı erməni ad-familiyası götürən skripkaçı Kamil Mustafazadə “Yeni Müsavat”a açıqlamasında dedi ki, ötən il avqustun 5-dən etibarən qardaşı Vüqarla əlaqəsi kəsilib: “Aramızda alqı-satqı haqq-hesabına görə mübahisə yarandı. O zamandan əlaqələrimiz kəsildi. Qardaşı Fransada olan bir nəfər mənə dedi ki, Vüqarı vətəndaşlıq alması üçün bu il mayın 10-da məhkəməyə aparıb. Sonuncu məlumatı ondan almışam. Qardaşımın həyat yoldaşının soyadının dəyişdirilməsinə dair məndə məlumat yoxdur”.
K.Mustafazadə dedi ki, bir dəfə qardaşıgil Fransadan qaynanasının ünvanına bağlama göndəriblər: “İndi araşdırırıq, görək o qəbz kimin adından gəlib. Mənim əlimdə bunu təsdiqləyən başqa sənəd yoxdur”.
Mövzunu davam etdirəcəyik.
musavat.com
09.08.2011
09:04