Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Almaniyanın nüfuzlu “Der Şpiegel” jurnalında maraqlı məqalə dərc olunub.

Müəllif Kristof Sidov bu məqalədə Camal Qaşıqçının ölümü ətrafında Səudiyyə Ərəbistanı mətbuatında gedən yazıların, səsləndirilən arqumentlərin icmalını təqdim edib.

Bu yazılarda qeyri-demokratik rejimlərin ənənəvi taktikasından, arqumentasiyasından və leksikasından istifadə edildiyindən Azərbaycan oxucusu üçün də maraqlı olması labüddür.

Qeyd edək ki, Sidov bu zaman Səudiyyə Ərəbistanı standartlarına görə nisbətən normal resurs sayılan “Okaz” qəzet və saytından nümunələr götürüb. Qeyri-normal olan resurslarda nə yazıldığını isə yalnız təxmin etmək olar.

Səudiyyə Ərəbistanı rəsmiləri kimi “Okaz” da əvvəlcə jurnalistin ölümünü və ya ən azı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ölümünü inkar edir.

Bu xəbər oktyabrın 8-də “Qatar KİV-ləri və terrorçu “Müsəlman qardaşları” təşkilatı tərəfindən uydurulan saxta xəbərlər silsiləsi” adlandırılır.

“Paralel olaraq qəzet Qaşıqçını ləkələməyə çalışır”, – deyə müəllif davam edir.

Oktyabrın 11-də şərhçi Məhəmməd əl Səəd iddia edir ki, Qaşıqçı 2017-ci ildə Qatar əmiri, ötən ildən Səudiyyə Ərəbistan şahzadəsi Məhəmməd bin Salmanın qəvi düşməni sayılan Təmimlə görüşüb.

Səəd belə bir yalan iddia irəli sürür ki, Qatar Əmiri “The Washington Post” qəzetinin səhmlərinin yarısını alıb və Qaşıqçını da bu qəzetə işə düzəldib.

Daha sonra Səəd yazır ki, Camal Qaşıqçı Məhəmməd bin Salman əleyhinə Qatar artilleriyasının bir hissəsi idi. Sidova görə, bu yazı sanki Qaşıqçı ölkəsinin düşmənlərilə ittifaq bağladığına görə ölümə layiq olduğunu göstərmək üçün yazılıb.

Daha sonra növbə Türkiyəyə çatır.

Siyasi şərhçi Hani Aldahrinin sözlərinə görə, Türkiyə Qaşıqçının yoxa çıxması oyununa Səudiyyə pullarını qazanmaq üçün fürsət kimi baxır: “Bu pulların müqabilində o öz KİV-lərindəki iyrənc kampaniyanı dayandıracaq”.

Əhməd Avad adlı bir jurnalist isə ümumiyyətlə “gül vurur”.

O sual verir ki, Qaşıqçı Türkiyədə yoxa çıxıb, bunun Səudiyyə Ərəbistanına nə dəxli? Görünür, jurnalist oxucusunun İstanbuldakı konsulluğun Səudiyyə Ərəbistanı ərazisi sayıldığını bilmədiyinə ümid edir.

Sidov qeyd edir ki, “Okaz”ın fikrincə, Qaşıqçı cinayətində əsl qurban Səudiyyə Ərəbistanıdır və bunda məqsəd vəliəhd Məhəmməd bin Salmanın “Vision 2030” adlı ambisiyalı islahatlar proqramını durdurmaqdır.

Bu hissə ümumiyyətlə çox barizdir. Görünür, “paxıllıq edirlər”, “qorxurlar”, “gözləri götürmür” kimi ifadələr diktaturaların sevimli silahıdır.

Səudiyyə Ərəbistanının Qaşıqçının ölümünü etiraf etməsindən sonra Məhəmməd əl Səəd Avropadakı “liberal ekstremistləri” (!) skandala son qoymadıqlarına görə ittiham edir.

Sidov qeyd edir ki, Səudiyyə Ərəbistanında “liberal” sözü “terrorçu” sözünə ekvivalentdir.

Daha sonra əl Səəd iddia edir ki, Avropanın bir çox ölkələrində hakimiyyətdə olan və homoseksualistlərin rəhbərlik etdiyi liberal ekstremistlər Qaşıqçı cinayətindən onların əxlaqsız həyat tərsizni qəbul etmək istəməyən Səudiyyə Ərəbistanını cəzalandırmaq üçün istifadə edirlər.

Ah, Avropa, Avropa… Hamını əxlaqsız etmək istəyir.

Bu boyda həngamənin İsrailsiz, yəhudilərsiz ötüşməsi mümkün olmazdı, əlbəttə. Yenə həmin “Okaz”da, bu dəfə fələstinli müəllif Bəşər Daraqham oktyabrın 27-də sui-qəsd nəzəriyyəsinə əsasən İsraili günahkar çıxarır (“kimin harası ağrayır” deyiminə əsasən): “Kral ailəsinin planladığı 16 atom elektrik stansiyası tikintisinə görə İsrail özünü təhlükədə hiss edir və buna görə Səudiyyə Ərəbistanı düşünülmüş qəsdin qurbanı olub”.

Noyabrın 5-də Məhəmməd Bəşir əl Kürdi yazır: “Bütün bunlar Səudiyyə Ərəbistanını İraq, Suriya və ya Liviyanın gününə döndərmək üçün məkrli planın tərkib hissəsidir”.

Yenə də tanış ritorikadır: “Buranı Suriyanın gününə qoymaq istəyirsiniz…”

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Qaşıqçı cinayətində Məhəmməd bin Salmanın əli olduğunu iddia edəcəyi məlum olduqdan sonra “Okaz” barıtı lap artırıb.

Qəzetin fikrinə görə, Qatarın kafir əmiri İsrail, İran və Müsəlman qardaşlarla (maraqlı koalisiyadır) ittifaq bağlayaraq Səudiyyə Ərəbistanını parçalamaq istəyir: “Qaşıqçının qətli vətəinin qətli üçün yalnız bəhanədir”.

Bax beləcə… Sən demə, vətənpərvərlik təkcə təhlükəsiz əclafların deyil, insanları tikə-tikə doğrayan qorxunc qatillərin də son sığınacağı imiş…