Olivier Pardo
Image captionAzərbaycan Respublikasını təmsil edən vəkil Olivier Pardo Fransa telekanalına müsahibə verib

Azərbaycan Respublikası Fransanın “France2” telekanalını məhkəməyə verir. Bu, həmin kanalın “Cash Investigations” proqramında Azərbaycanla bağlı süjetin yayımından 2 gün sonra baş verib.

Proqramın son buraxılışında Fransa prezidenti Francois Hollande-ın Azərbaycanla əlaqələri haqqında danışılır. “Mənim prezidentim işgüzar səfərdədir” – proqram belə adlanır.

Azərbaycan France2 kanalını diffamasiyada ittiham edir və şikayət edir ki, proqramda ölkə “despotun idarə etdiyi diktatura” kimi təqdim olunur.

Azərbaycan Respublikasını təmsil edən vəkil Olivier Pardo LCI telekanalına Azərbaycanın bu addımını izah edib.

“Bu gün siz açıqladınız ki, France2 telekanalına qarşı şikayət irəli sürəcəksiniz. Niyə?” – sualını vəkil “Çünki yetər artıq, bəsdir” sözləri ilə cavablayıb.

“Jurnalistlər bütün hüquqlara malikdir, amma qanuna əməl etməlidirlər”, cənab Pardo deyib.

Azərbaycanı “dünyanın ən sərt diktaturalarından biri” adlandıraraq, prezidentə isə “despot” deyərək telekanal diffamasiyaya yol verib, vəkil əlavə edib.

“Despotlar ölüm cəzasını ləğv etmir. Despotlar interneti azad qoymur”, o deyib.

Aparıcının Azərbaycanda müxalif fikirlilərə davranışın pis olması barədə sualına cavab verən vəkil deyib ki, Fransada keçirilən etiraz aksiyalarında da polislər güc tətbiq etməli olur.

“Bu reportajda insan haqlarından söhbət gedir. Heç bir dəfə də qeyd olunmadı ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Bir dəfə də qeyd olunmadı ki, torpaqların 20 faizi işğal altındadır. Bir milyon insan məcburi köçkündür. Onların insan haqlarından söhbət getməyib”.

Mehriban Əliyeva, jurnalist və tolerantlıq

Cash Investigations proqramı televiziyada yayımlanandan sonra bir hissə çox məşhurlaşıb.

Elise Lucet, Mehriban AliyevaImage copyrightFrance2
Image captionJurnalist Elise Lucet Mehriban Əliyevaya suallar verməyə çalışıb

Jurnalist Elise Lucet Mehriban Əliyevanı Parisdə keçirilən “Azərbaycan, tolerantlıq yurdu” adlı sərginin açılışında tədib edir. İlk öncə ona “Sizin ölkəniz sizcə, tolerantlıq yurdudurmu?” sualı ünvanlayır, Mehriban Əliyeva xoş üzlə “Bəli, əlbəttə elədir” – deyir.

Amma ikinci sual onun o qədər də xoşuna gəlmir. “Axı hazırda çoxlu jurnalist həbsdədir, siz necə buna tolerantlıq yurdu deyə bilirsiniz?”

“İnsan haqları” ifadəsini eşidən cangüdənlər jurnalisti uzaqlaşdırmağa çalışır, amma o, cavab verir: “Bu doğru deyil, sadəcə düzgün məlumat əldə edin”.

Jurnalist davam edir: “Leyla Yunusu tanıyırsınızmı? Xədicə İsmayılovanı tanıyırsınızmı?”

“Bura mətbuat konfransı deyil, ictimai tədbirdir, lütfən susun” – cangüdənlər jurnalistin yolunu kəsir. Jurnalistin cavabı – “Bura Fransadır, mən isə jurnalistəm. Fransada jurnalistlər sual verə bilər, xəbəriniz var?”

Tədbirdən sonra isə Elise Lucet Mehriban Əliyevadan “əl çəkmir”. “Birinci ledi, Leyla Yunusa 8 il iş verilib, budurmu tolerantlıq?” – deyə ona uzaqdan qışqırır.

Lakin jurnalistə Mehriban Əliyevaya yaxınlaşmağa icazə verilmir, cangüdənlər operatoru itələyir, kamerasını əlləri ilə bağlayır – Mehriban Əliyeva və qızı Leyla Əliyeva maşına minib gedir.

 

Print Friendly, PDF & Email