Print Friendly, PDF & Email

 

 

 

 

“İşim, sənətim yox, savadsız adamam, iki uşağın üzünə baxıram. Hara gedib deyirəmsə, mənə heç olmasa süpürgəçi kimi iş verin, onu da etmirlər. Bir-birləri ilə pıçıldaşırlar, yəqin deyirlər, vətən xaininin arvadına iş düşmür. Mənim yoldaşımı hökumət öldürüb, qəzaya düşməyib axı. Heç olmasa mənə bir iş versinlər, balalarımı saxlayım”.

Tərtər rayonunun Cəmilli kənd sakini, MAXE Səxavət Binnətovun həyat yoldaşı Xavər Haqverdiyeva belə deyir.

1983-cü il doğumlu Səxavət Binnətov Tərtər rayonundakı N saylı hərbi hissənin baş sürücüsü olub. O da bir çox hərbçi kimi ötən ilin mayında Tərtər hadisələri ilə bağlı həbs edilib, “vətən xaini” adlandırılıb.

“Dedilər, vətən xainidir, satqındır”

Xanımı həmin günləri belə xatırlayır:

“Ötən il, mayın 8-də səhər evdə yemək yeyib, deyə-gülə işə getdi. Hətta özü ilə nahara yemək də götürmüşdü. 9-da telefonuna zəng çatmadı. Sonra bizə dedilər ki, maskalılar gəlib aparıblar. Kimlər idi, necə, hara aparıblar, bilmirik. Mayın 16-da cəsədini gətirib, qəbristanlıqdan kənara basdırdılar. Üzünü göstərmədilər. Dedilər, vətən xainidir, satqındır”.

“Qızlarım 5 ay məktəbə gedə bilmədi”

Xavər Haqverdiyeva deyir ki, bu hadisədən sonra əhali arasına çıxa bilməyib, hər kəsin tənəsi ilə rastlaşıb:
“Bir ildir necə yaşayıram, onu bir Allah, bir də qonum-qonşu bilir. İki qızım var, onlar 5 ay məktəbə gedə bilmədi. Cavan qadınam, niyə kimsə məni “vətən xaininin arvadı” kimi göstərməlidir? Axı bunu Allah götürməz”.

Xanımı deyir ki, bir neçə ay öncə Səxavət Binnətovun günahsızlığı sübuta yetirilib:

“Onun bu işdə heç bir təqsiri yoxdur. Hara gedirəm, deyirlər, günahı yoxdur, səhv düşüb. Bir neçə ay öncə bəraət verdilər. İşi aparan müstəntiqlər – Şöhrət müəllim, Bayram müəllim dedi “günahsızdır, səhvən aparılıb, ifadələrin heç birində adı keçməyib”, sonra Tərtər Rayon Polis İdarəsinin rəis müavini gəlib kənddə iclas etdi, icra nümayəndəliyinin köməkliyi ilə məzarı köçürdülər qəbiristanlığa. Həm yoldaşımı öldürdülər, həm xain dedilər, həm qəbristanlıqdan kənara basdırdılar, həm də bəraət verdilər. Azərbaycanda ölüm hökmü var? Niyə öldürülüb? 5 gün Papanin Hospitalında yatıb, yiyəsiz, kimsəsiz…

Dedilər, min nəfər ifadə verib. Həmin ifadələrin heç birində mənim yoldaşımın adı yoxdur. Onda niyə öldürüblər, anlamıram”.

“İki qızla qalmışam pis vəziyyətdə”

Xavər Haqverdiyevanın sözlərinə görə, kirayədə yaşayırlar, heç bir gəlirləri yoxdur:

“Deyirlər, 11 min sığorta verəcəklər. Bu da bizə 1-2 il bəs etsin, bəs sonra nə edək? Faktiki bir işləyənimiz vardı, onu da öldürdülər.

İki qızla qalmışam pis vəziyyətdə. Birinin 13, digərinin 14 yaşı var. Axı günahı olmayan insanı niyə öldürüblər? Yox, səhvən öldürüblərsə, onda ailəsinin güzəranını yaxşılaşdırsınlar. İndi bizə kim baxmalıdır, nə etməliyik?”

“Özüm də köçürülmədə iştirak etmişəm”

Cəmilli kənd bələdiyyəsinin sədri Sərdar Məmmədov Meydan TV-yə Səxavət Binnətovun məzarının yerinin dəyişdirilməsi xəbərini təsdiqləyib:
“Bəli, məzarının yeri dəyişdirildi, əvvəl qəbiristanlığın kənarında idi, indi isə atasının yanında basdırılıb. Özüm də köçürülmədə iştirak etmişəm. Amma dəqiq bilmirəm bəraət alıb, yoxsa yox”.

Xatırlatma

2017-ci il mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il mayın 7-də yaydığı birgə bəyanatında deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələriə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüb.

Baş prokuror Zakir Qaralov bildirib ki, casus şəbəkəsi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ifşa olunub.
Medianın məlumatına görə, həbs edilənlərdən bir neçəsi istintaq zamanı ölüb. Meydan TV onların bəzisinin gizli şəkildə dəfn edilməsi ilə bağlı məlumatlar dərc edib.