Снимок экрана 2017-04-23 в 1.50.08

 

Hazırda həbsdə olan MTN generalı Akif Çovdarov səhhəti ilə bağlı problemin həll edilməsi üçün dəfələrlə məhkəməyə müraciət edib. Ürək xəstəliyindən əziyyət çəkən MTN generalı vəkilləri vasitəsi ilə dəfələrlə vəsatət verərək Holter aparatı vasitəsi ilə müayinə edilməsini istəyir. Ancaq məhkəmə bu vəsatəti əsasız hesab edərək hər dəfəsində rədd edib.

Bununla bağlı Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a açıqlamasında bildirib ki, həbsdə olan general ürəyində olan problemlərlə bağlı 2006-cı ildə Almaniyada əməliyyat olunub. Vəkil deyir ki, artıq 11 ilə yaxındır eyni xəstəlikdən əziyyət çəkən Çovdarovla Bakı İstintaq Təcridxanasında görüşüb və onun tənəffüs çatışmamazlığından, ürək döyüntüsünün aşağı olmasından əziyyət çəkdiyini müşahidə edib.

“Çovdarova 2011-ci ildə Almaniyada “Vivantes” klinikasında “C16.0 Kardianın bədxassəli törənməsi” diaqnozu qoyulub və “5-399.5 Venoz portun implatasiyası və dəyişdirilməsi, İntravenoz port qoyulması” əməliyyatı keçirilib. Növbəti əməliyyatda onun mədəsi amputasiya olunub. Sonuncu dəfə 2016-cı ilin fevralında saxlanıldığı təcridxananın Tibb-sanitar hissəsində Akademik Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu əməkdaşları tərəfindən “EKQ-nin Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqi” müayinələrindən keçirilib. Müayinələr nəticəsində İnstitutun əməkdaşlarının konsiliumu tərəfindən Çovdarova “Ürəyin işemik xəstəliyi… Aorta-karonar, şuntlama əməliyyatından sonrakı vəziyyət (T82.2). Səyrici aritmiya, taxsistolik forma (İ49.0)” diaqnozu qoyulub. Həmçinin Səhiyyə Nazirliyinin həkim-ekspertləri tərəfindən tibbi ekspertizada keçirilib və müəyyən edilib ki, Çovdarov hazırda ürəyin işemik xəstəliyi, aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, ritm pozğunluğu və digər xəstəliklərdən əziyyət çəkir. Bunların hamısını vəsatətimizdə qeyd edərək məhkəmədən xahiş etmişik ki, Konstitusiyanın 41-ci maddəsinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.6-cı maddəsinə, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 27.5 və 27.6-cı bəndlərinə və “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın 3.5-ci bəndinə əsasən təqsirləndirilən şəxs Çovdarovun Holter aparatı vasitəsi ilə müayinə edilməsi təmin edilsin. Çovdarov bu müayinə öz hesabına keçirilməsini istəyir” – deyə vəkil açıqlamasında bildirib.

Kamandar Nəsibovun sözlərinə görə, bu günə qədər qeyd edilən məsələ ilə bağlı məhkəməyə verdikləri vəsatət və İstintaq Təcridxanasının Tibb baş idarəsinə etdikləri müraciətlər rədd edilib: “Müdafiə etdiyim şəxs Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqindən sonuncu dəfə 2016-cı ilin fevral ayında keçirilib. İndi xəstənin sağlıq durumunun real vəziyyəti barədə hazırda heç bir məlumat yoxdur. Halbuki taxsistolik tip səyrici aritmiya və ekstrasistoliya xəstəlikləri müşahidə olunan xəstələr barəsində Holter müayinəsi edilmədən hər hansı bir obyektiv fikir söyləmək qeyri-mümkündür. Bu fakt Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin həkim-kardioloqu Natavan Qurbanova tərəfindən də təsdiq olunub. Natavan Qurbanova əvvəlki müayinələri zamanı dəfələrlə bildirib ki, Çovdarovun xəstəliyi hazırda ağırlıq dərəcəsinə görə IV dərəcədir. Tibb baş idarəsinin şübhəli addımlardan biri də budur ki, ara-sıra Natəvan Qurbanovanı Akif Çovdarovun yanına göndərir. Natəvan Qurbanova özü etiraf edir ki, bu cür boşu-boşuna Çovdarovun yanına gəlməsinin mənası yoxdur. O da deyir ki, Holter müayinəsi olmadığı üçün hər hansı bir müalicə yaza bilmir. Natəvan Qurbanova bu barədə rəhbərliyə məlumat verdiyini də söyləyir, amma onun bu fikirlərinə önəm verilmir. Bu, o deməkdir ki, Natəvan Qurbanovanı formal olaraq oraya göndərirlər ki, nə vaxtsa Çovdarova bir şey olsa, özlərini müdafiə etmək üçün istifadə etsinlər. Ancaq bir məsələ də var ki, Natəvan Qurbanovanı Çovdarovun yanına göndərsələr də bu xəstəlik kitabçasında qeyd edilmir. Çovdarov Natəvan Qurbanovanın onun yanına gəlməsini inkar etsə, onlar bunu sübut edə bilməyəcəklər. Natəvan Qurbanovaya imkan vermirlər ki, onun Çovdarovun yanına gəlməsinin hər hansısa bir sənəddə izi qalsın. Biz Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət edərək Holter aparatı vasitəsi ilə müayinə keçirilməsini xahiş etmişik. Özəl klinikalardan birindən mütəxəssis də dəvət etmişik. Məhkəməyə də bununla bağlı bir neçə dəfə vəsatət vermişik. Amma heç bir əsas olmadan vəsatət təmin edilməyib. Tibb baş idarəsinin rəis müavini İftixar Qurbanova ünvanladığımız müraciətlər də cavabsız qalıb və ya rədd edilib”.

Vəkil onu da qeyd edib ki, həbsdə olan general ölümünün sifariş edildiyini deyir. Çovdarov bu haqda vəkili ilə görüşündə ona məlumat verib: “Akif Çovdarov ötən ilin sonlarında 1 aydan çox aclıq aksiyası keçirmişdi. Səbəb isə Tibb baş idarəsinin qanunsuz hərəkətlərinə etiraz idi. Həmin dövrdə Çovdarovun səhhəti bir neçə dəfə gecə ilə ağırlaşsa da ona heç bir tibbi yardım göstərilmədi, müayinəsinə şərait yaradılmadı. Bu vəziyyətdə maraqlı olan bir məsələ var ki, indi Holter aparatı ilə müayinəyə icazə verməyərək deyirlər ki, “bu bizim səlahiyyətimizdə deyil”. Amma Çovdarov həbsdə olduğu müddətdə bir dəfə Holter aparatı ilə müayinədən keçirilib. Növbəti dəfə isə Holter aparatı gətirildikdə Çovdarov aclıq aksiyası keçirirdi. Ona görə də həmin vaxt onun müayinə edilməsi mümkün deyildi. Bu səbəbdən də aclıq aksiyasını dayandırdı və 15 günlük vaxt verildi ki, səhhəti normallaşsın. O zaman da eyni Bakı Hərbi Məhkəməsi işə baxırdı, eyni təcridxanada da saxlanılırdı. Onda niyə bu qərarın verilməsinin kimin səlahiyyətində olması bu dərəcədə müzakirə edilmirdi? Həmin vaxt heç bir qərar olmadan Holter aparatı təcridxanaya gətirilmişdi. Çovdarov birinci dəfə 2016-cı ilin fevral ayında, istintaq müddətində Holter müayinəsindən keçirilib. Həmin vaxt Çovdarov prokurorluğun sərəncamında idi. Deyirlər ki, o zaman istintaqın nəzarətində olub və buna görə də Holter aparatı ilə müayinəyə icazə verilib. İndiki deyilən məntiqlə yanaşsaq, gərək o zaman prokurorluq da Çovdarovun Holter aparatı ilə müayinə olunması ilə bağlı qərar verərdi. Ancaq belə bir qərar verilmədi. 2016-cı ilin noyabrında da təcridxanaya Holter aparatı gətirəndə heç bir qərar tələb edilmədi. Onda niyə icazə vermişdilər?

Hazırda məhkəmə və təcridxana Holter aparatı ilə müayinədən elə qorxur, elə çəkinir ki, sanki bununla Çovdarova bəraət vermiş olacaqlar. Həmçinin indi Tibbi baş idarədən bildirilir ki, Holter aparatı vasitəsi ilə müayinəyə ehtiyac yoxdur. Bu qənaətə necə gəliblər? İndi məlum olan budur ki, bunu qəsdlə edirlər. Akif Çovdarovla bu məsələ haqda danışanda dedi ki, “Məni öldürmək sifarişi verilib. Sifarişi icra edən isə Tibb baş idarəsidir. Amma onlara bu göstərişi kimin verdiyini bilmirəm. Mənim müayinəmin qarşısını almaqla ölümümü gerçəkləşdirmək istəyirlər”.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İlkin Muradov,
Musavat.com

 

 

 

 

Print Friendly, PDF & Email