MƏMLƏKƏTİN BAŞI ÜZƏRİNDƏ BİR KABUS – MTN KABUSU DOLAŞANDA … 
Ötən yazımda bildirmişdim ki, arxivimizdən bəzi yazıların yenidən dərcinə qərar verdim. Bu gün sizlərə təqdin elədiyim yazının tarixi də bəllidi və bu məqalə bəndənizin ilk dəfə həbs olunmasının ərəfəsində yazılıb. Və elə burda, barəsində danışılan məhkəmənin sonucu mənim və Fərəməz Novruzoğlunun həbsi, Ramiz Tağıyevin isə icbari iş alması ilə nəticələndi. Söhbətin nələrdən və niyə getdiyini yazını oxuduqca hamı biləcək.
Indi ölkənin üzdə olan bütün növ KİV-ləri MTN-lə mübarizənin ön cəbhəsində görsənməklə, yaranmış vəziyyətdən maddi və siyasi dividendlər götürməyə çalışırlar. Çünki indi Eldar Mahmudovu “vurmaq”da,  Akif Çovdarova laf atmaq da, Elçin Qiliyevlə məzələnmək də, İlqar Əliyevi söymək də çox asandı. Daha onların nə kəsən qılıncları var, nə keçən sözləri,  nə də ölkənin başı üzərində dolaşan kabusları.  Amma, bəndənizin özü də, o zaman “Nota” qəzeti ilə əməkdaşlıq eliyən, adını çəkdiyim və çəkmədiyim bəzi dostlarımız da, qılıncları dallı-qabaqlı kəsən “MTN-şik”lərlə açıq mübarizə aparır, bu qurumda baş verən vəhamətlərdən dövləti də, cəmiyyəti də xəbərdar etməyə çalışırdıq. Əvəzində hamımızı dəfələrlə həbs etdirib, alnımıza “cinayətkar” damğası vurmağa nail olan “MTN-şik”lərin qorxusundan, bu günkü “geroy”ların cınqırı belə çıxmadı. İstər siyasi, istər mətbu cameədən, istərsə də QHT sektorundan və hüquq-müdafiə təşkilatlarından, çox cüzi istisnalarla, nə bizi müdafiə edən oldu, nə də səsimizi duyub, duyuran. Hələ bu da azmış kimi, MTN və ATM xətti ilə barəmizdə yayılan şaiyələri dəstəkləməklə, onlara yarınanlar, yaltaqlananlar da tapıldı.
Amma zaman bizi haqlı çıxardı və indi bu yazıların dərci ilə bəzi pozuq yaddaşları təzələməkdi məqsədim o qədər, bir də illər sonrasında cəmiyyəti o zamanın ab-havasına qaytarıb, nəyin doğru, nəyin yanlış olduğunu xatırlatmaq istədim.        

 

 

Print Friendly, PDF & Email