Məhkəmənin elan edəcəyi 8 iş üzrə ölkə külli miqdarda cərimələnəcək

 

Yanvarın 30-da Avropa Məhkəməsi Azərbaycanla bağlı 8 şikayət üzrə qərarını elan edəcək. Şikayətlərdən biri Müsavat Partiyası sədrinin müavini və “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun 2011-ci ilin aprelində müxalifətin aksiyasında saxlanılması, Nəsimi polisində pisrəftara məruz qalması iddiaları ilə bağlıdır. Həmin vaxt məhkəmələr T.Yaqubluya polisə tabe olmamaq əsası ilə 8 sutka inzibati həbs cəzası vermiş, onun istədiyi vəkillə müdafiəsinə imkan yaratmamış, işgəncə iddialarını raşdırmamışdı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Ramiz Əhədovun şikayəti T.Yaqublunun şikayətinin oxşarıdır. Əhədov da 2011-ci ilin aprelində müxalifətin etiraz aksiyası zamanı saxlanılmışdı. Ərizəçi 1 günə qədər polisdə saxlanılmış, iddiasına görə, döyülmüş gecə yarı sərbəst buraxılmışdı. O, sonradan işgəncə verənlərin cəzalandırılması üçün məhkəməyə müraciət etsə də onun müraciətləri təmin edilməmişdi. Ərizəçilər iddia edir ki, onların ədalətli məhkəmə araşdırması, səmərəli hüquq müdafiəsi və işgəncəyə məruz qalmamaq hüquqları pozulub.

Elçin Namazovun vəkillikdən uzaqlaşdırılması

Elchin Namazov işi çoxlarına tanışdır. Bu iş müxalif fəalların vəkilinin məhkəmə hakimi ilə sözlü mübahisədən sonra vəkillikdən uzaqlaşdırılması ilə bağlıdır. E.Namazov əsasən, müxalif fəalların vəkili kimi tanınıb. 2011-ci ildə onun vəkillək fəaliyyətinə xitam verilib. Vəkillər Kollegiyası hesab edib ki, E.Namazov hakimlə sərt mübahisə etməklə vəkillik qanunvericiliyinin pozuntusuna yol verib, milli məhkəmələrin də əlbəttə ki, güclü, sarsılmaz vəkil qurumunun müraciətinə qarşı çıxamağa gücü çatmayıb və E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Bu işdə Konvensiyanın 8-ci maddəsinin pozuntusu mübahisələndirilir.

Şəxsiyyət vəsiqəsi verilməsindən imtına, məhkəmələrin iki azyaşlı uşağı ataya verməsi

Eldar Əhmədov Azərbaycana qarşı işdə ərizəçi Gürcüstanda anadan olub. Şikayət Azərbaycanın səlahiyyətli qurumlarının ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə əlaqəlidir.
Ləman Babayeva Azərbaycana qarşı işi valideynlik hüququ ilə bağlıdır. Bu işdə yerli məhkəmələr iki azyaşlı uşağın ataya verilməsinə qərar verib. Bu qərar dolayısı ilə ananın ailəlilikdən öncə başqa biri ilə əlaqədə olması ilə izah olunub. Hər iki işdə Ərizəçilər şəxsi həyata hörmət hüququna müdaxilə olunduğunu iddia edirlər.

Ukrayna, Norveç və Ermənistan vətəndaşlarının şikayətləri

AİHM yanvarın 30-da Ukrayna, Norveç və Ermənistan vətəndaşlarının Azərbaycana qarşı şikayətləri üzrə 2 qərarını da açıqlayacaq.

Ukrayna vətəndaşı olan hərbi mühəndis Sergey Bibin hazırda Azərbaycanda həbsdədir. İşin materiallarına görə, ərizəçi 2010-cu ilin sonunda qardaşı və bir tanışı ilə birlikdə Kiyevdən Tehrana uçarkən Bakıda tutulub. Onun üzərindən hərbi təyinatlı elektrik relesi və kontaktor sistemi tapılıb. Əvvəlcə dələduzluqda, daha sonra isə mütəşəkkil qaçaqmalçılıqda ittiham olunan Babin Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 9 il azadlıqdan məhrum edilib. Babin istintaq və məhkəmə zamanı ittihamları rədd edib, İrana təmir işləri üçün getdiyini, hər hansı qanunsuz əmələ yol vermədiyini bildirib. Babin ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edildiyini iddia edir.

Digər iş Yahova şahidləri dini icması və Oddvar Hansen-in şikayətləri ilə bağlıdır. Ərizəçilər 2006-cı ildə Bakıda Yahova şahidləri dini icmasının 200-ə qədər üzvünün iştirakı ilə dini mərasim keçiriblər. Hüquq-mühafizə qurumları toplantıya müdaxilə edib, icmaya məxsus kompüter avadanlıqları, dini ədəbiyyat və digər əşyalar götürülüb. Ərizəçilər buna görə, yerli məhkəmələr müraciət ediblər, ancaq onları qane edən qərar ala bilməyiblər. Onlar iddia edir ki, Konvensiyanın 6-cı, 9-cu və 14-cü maddəsi ilə təminat altına lınan hüquqlarına müdaxilə olunub.

Ermənistan vətəndaşları olan Saribekyan və Balyan-ın Azərbaycana qarşı şikayəti onların oğullarının Azərbaycanda ölümü ilə bağlıdır. Şikayətdə bildirilir ki, oğulları Qarabağda azıb, Azərbaycana gəlib çıxıb. Hərbçilər erməninin kənd məktəbini partlatmaq planının iştirakçısı olmaqda şübhəli kimi saxlayıblar. O, Bakıya gətirilib, Bakıda hərbi polsi nəzarətində saxlanılarkən özünü asıb, cəsədi Ermənistana verilib. Şikayətdə iddia edilir ki, erməni işgəncə ilə öldürülüb. Məhkəmədən Konvensiyanın 2-ci, 3-cü, 13-cü və 14-cü maddələrinin pozuntusunun tanınması istənilib.

 

Avropaninsesi.com

 

 

 

 

Print Friendly, PDF & Email