1. Ağrı hissi inkişafın göstəricisidir. Bəzən həyat qapıları bağlayır ki, çətin durumlarda siz yola davam edəsiniz. Bu, doğrudan da yaxşıdır, çünki çox zaman şərait bizi məcbur etməyincə biz yerimizdən tərpənmirik. Çətin zamanlarda daim yadınıza salın ki, heç bir ağrı hissi səbəbsiz peyda olmur. Sizi incidən, ağrıdan məqamlardan kənarlaşın, lakin onların sizə yaşatdığı həyat dərsini heç vaxt unutmayın. Sizin mübarizə aparmağınız heç də məğlub olmağınız anlamına gəlməməlidir. Böyük uğurlar layiqi mübarizənin yer almasını tələb edir. Hər bir yaxşı şey zaman alır. Səbrli və inamlı olun. Hər bir şey öz yoluna dönəcək; bu həmin an baş verməsə də, sonunda alınacaq. Unutmayın ki, ağrının iki növü var – sizi incidən və sizi dəyişdirən ağrı. Həyat boyu addımladıqca, ağrıya müqavimət göstərmək yerinə onun sizi dəyiştirməsinə imkan yaradın.
  2. Həyatda hər bir şey müvəqqəti xarakter daşıyır. Hər zaman yağış yağanda, siz onun tezliklə dayanacağını bilirsiniz. Hər zaman sizi kimsə incidəndə yaralar sağalır. Qaranlıqdan sonra hər zaman işıq gəlir – bunu siz hər səhər hiss edirsiniz, baxmayaraq ki gecələr bəzən sonsuzluğa qədər uzanır. Heç nə əbədi deyil. Buna görə də, hal-hazırda sizin həyatınızda hər şey qaydasındadırsa, bundan zövq qalın, çünki bu uzun çəkməyə bilər. Eyni aspektdən yanaşdıqda, hər şey pisdirsə, yenə narahat olmayın, çünki bu da əbədi olmayacaq. Həyat bu an çətindirsə, bu o demək deyil ki, siz gülməməlisiniz. Sizi nə isə narahat edirsə, bu çətin də olsa sizin təbəssümünüzə mane olmamalıdır. Hər bir an sizə yeni bir başlanğıc və yeni bir son bəxş edir. Hər bir saniyə siz yeni bir şans qazanırsınız. Ondan sadəcə istifadə edin.
  3. Narahatlıq və gileylənməklə heç nə dəyişmir. Kim ki daha çox gileylənir, həyatda hamıdan daha az nəyəsə nail olur. Heç bir şey etmədən nəyəsə nail olmağa çalışmaqdansa, hər zaman daha çox çalışıb uğursuzluğa düçar olmaq daha yaxşıdır. Əgər məğlub olmusunuzsa, bu hələ son demək deyil – əgər siz daim gileylənirsinizsə, demək ki uduzmusunuz. Bir şeyə ürəkdən inanırsınızsa, son nəticə olaraq nə baş verəcəyindən asılı olmayaraq, nə qədər çətin olsa belə, cəhd etməyə davam edin. Unutmayın ki, əsl xoşbəxtlik yalnız o halda baş verir ki, siz mövcud problemlərinizə görə gileylənməkdən əl çəkib, sizin həyatınızda olmayan problemlərə görə minnətdar olmağa başlayırsınız.
  4. Sizin çapıqlarınız sizin gücünüzü simvolizə edir. Həyat tərəfindən sizə vurulmuş çətin yaralara görə heç vaxt utanmayın. Çapıqlar isə ağrının artıq olmadığı, yaranın isə sağaldığı anlamına gəlir. Bu o deməkdir ki, siz ağrıya qalib gəlmisiniz, bundan dərs almış və nəticədə irəli gedərək daha da güclü olmusunuz. Çapıqlar qələbənin dəri üzərində döyməsidir. Bu çapıqların sizi əsarətdə saxlamasına imkan verməyin. Onların sizi qorxu altında saxlamasına imkan verməyin. Onlara güc simvolu kimi baxmağa başlayın. Cəlaləddin Rumi bir dəfə demişdir: “Yaralarınızdan sizə nur daxil olur”. Bundan daha gözəl həqiqət ola bilməz. Əzab-əziyyətlərdən ən güclü qəlblər meydana gəlmişdir – bu dünyada yaşayan ən güclü şəxsiyyətlərin həyatı belə çapıqlarla doludur. Öz çapıqlarınıza bir şüar kimi baxın: “BƏLİ! MƏN BUNU ELƏMİŞƏM! Mən sağ qalmışam və bunu sübut etmək üçün çapıqlarım var! İndi isə daha da güclü olmaq üçün şansım var”.
  5. Hər bir balaca mübarizə – irəliyə doğru atılmış bir addımdır. Həyatda səbr gözləməyə bərabər deyil; o, öz arzunuza çatmaq yolunda dayanmadan çalışmaqla yaxşı əhval-ruhiyyəni qorumağa bərabərdir. Məhz buna görə də, əgər cəhd etməyə hazırlaşırsınızsa, sonadək gedin. Əks halda başlamağın heç bir faydası yoxdur. Bu, müəyyən müddət ərzində stabilliyin və komfortun, hətta əsəblərin də itirilməsi demək ola bilər. Ola bilsin ki siz, bir neçə həftə boyunca adət etdiyiniz yeməklərdən yeməyəsiniz, adət etdiyiniz qədər yatmayasınız. Bu sizin komfort zonanızın dəyişməsi demək ola bilər. Bu bəzi əlaqələrin və sizə tanış olan çox şeylərin itirilməsi demək ola bilər. Bu sizə qarşı istehzaların da baş verə bilməsi ola bilər. Bu tənhalıq da ola bilər. Tənhalıq, yeri gəlmişkən, bəzi mümkün olmayan şeylərin həyata keçməsini mümkün edən bir hədiyyədir. Siz, sizə çox lazım olan bir azadlıq əldə edəcəksiniz. Yerdə qalanlar isə sizin, qarşınıza qoyduğunuz məqsədə nə qədər çox çatmaq istədiyinizi yoxlamaq üçün bir imtahan olacaqdır. Əgər istəsəniz, uğursuzluq və fərqli düşüncələrə baxmayaraq buna nail olacaqsınız. Hər addımla da özünüzü düşündüyünüzdən daha gümrah hiss edəcəksiniz. Anlayacaqsımız ki, mübarizə heç də yol üzərində bir maneə deyil, məhz yolun özüdür.
  6. Başqalarının neqativ reaksiyası sizin probleminiz deyil. Pisliklərlə əhatələndiyiniz zaman özünüzdən əmin olun. Başqaları sizə qalib gəlməyə çalışarkən, siz gülümsəyin. Bu, öz həvəsinizi yüksək səviyyədə saxlamaq üçün ən asan yoldur. Digər insanlar sizin barənizdə pis sözlər danışmağa başlayanda yenə də siz özünüz olaraq qalmaqda davam edin. Başqalarının söhbətlərinin sizi dəyişdirməsinə heç vaxt rəvac verməyin. Nə qədər şəxsi görünsə belə, hər şeyi ürəyinizə ala bilməzsiniz. Düşünməyin ki insanlar nəyisə sizə görə edirlər. Onlar bunu özləri üçün edirlər. Hər şeydən öncə, heç vaxt sizi tərifləməyən birisinə gözəl təsir bağışlamaq xatirinə özünüzü dəyişdirməyin. Əgər sizi daha da inkişaf etdirərək işıqlı gələcəyə götürəcək bir amil varsa, o zaman öz xasiyyətinizi dəyişdirin. Sizin nə etməyinizdən, necə etməyinizdən asılı olmayaraq insanlar bunu müzakirə etməkdə davam edəcəklər. Digərlərinin fikirləri barədə deyil, özünüz barədə narahat olun. Bir şeyə inanırsınızsa, onun uğrunda mübarizə etməkdən çəkinməyin. Qeyri-mümkün bir şeyin üstələnməsindən böyük güc əldə etmək mümkündür.
  7. Hər hansı bir hadisə baş verəcəksə, verəcək. Siz giley-güzar etməkdən, deyinməkdən əl çəkib gülümsəyərək həyatınızı qiymətləndirdiyiniz anda güclü olursunuz. Hər bir mübarizədə gizlənmiş xeyiri görə bilməyiniz üçün qəlbinizi və zəkanızı açmalısınız. Siz hər hansı bir hadisəni baş verməyə vadar edə bilməzsiniz. Siz yalnız buna cəhd edə bilərsiniz. Müəyyən bir anda siz hər şeyi boş buraxıb baş verməli olan şeylərin gerçəkləşməsinə imkan yaratmalısınız. Həyatınızı sevin, intuisiyanıza güvənin, risk edin, xoşbəxtliyi itirin və yenidən tapın, təcrübə ilə öyrənin. Bu uzun bir səyahətdir. Siz narahat olmaqdan, suallar verərək şübhəyə düşməkdən çəkinməlisiniz. Həyatınızın hər anından zövq alın. Siz hara getməli olduğunuzu bilməyə bilərsiniz, lakin sonda o yerə gedib çatacaqsınız.
  8. Sadəcə hərəkət etməkdə davam edin. Kefinizin pozulacağına görə narahat olmayın. Yenidən sevməkdən usanmayın. Qəlbinizdəki çatların çapıqlara çevrilməsinə imkan yaratmayın. Gücün hər gün artmasına əmin olun. Mərdliyin nə qədər gözəl olduğunu anlayın. Qəlbinizdə digərlərini gülümsəməyə vadar edən səbəbi tapın. Həyatınızda çox insandan asılı olmadığınız dərk edin və buna görə çox dost qazanmağa can atmayın. Çətin anlarda güclü olun. Unutmayın ki, kainat hər zaman doğru olanı edir. Səhv düşündüyünüzdə bunu dərk edərək səhvinizi boynunuza alın və bundan həyat dərsi alın. Hər zaman arxaya boylanaraq nələrə nail olduğunuzu görün və özünüzlə fəxr edin. İstəməsəniz, heç kim üçün özünüzü dəyişdirməyin. Daha çox çalışın. Sadə həyat yaşayın. Və hər zaman hərəkətdə olun. (mənbə)
dushunen_insan
th-1th-1th-1
Print Friendly, PDF & Email