fbcb48fd7b22bc8bc7825e11e1c76afb

Elnur Məcidli: “Gürcülər Fransaya azərbaycanlı mühacir kimi miqrasiya edir”

 “Ölkə daxilində xarici millətlərə milli pasportumuzu satan cinayətkar qrup formalaşıb”

Fransada yaşayan azərbaycanlı bloqqer, bir müddət ABU-nun sabiq rektoru Elşad Abdullayevin təmsilçisi olmuş Elnur Məcidli maraqlı bir fakt aşkarlayıb. Musavat.com xəbər verir ki, o, bunu sosial şəbəkədə paylaşaraq, jurnalistlərdən bu barədə araşdırma aparmalarını xahiş edib.

E.Məcidli öncə xatırladıb ki, bir müddətdir immiqrasiya idarəsində çalışır: “Bu immiqrantlarıın bir hissəsi öz ölkəsində siyasi, etnik, dini və s. problem yaşadığını bildirərək Fransada sığınacaq almaq üçün müraciət edənlərdir. Son vaxtlar Azərbaycandan gələnlərlə bağlı maraqlı tendensiya yaşanır. Belə ki, 7 dekabr 2016-cı ildə Avropa Parlamenti və Avropa Birliyi ilə Ukrayna və Gürcüstan arasında qarşılıqlı viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalandıqdan sonra Fransaya gələn gürcü əsilli Azərbaycan vətəndaşlarının sayı artmağa başlayıb. Gürcüstan ilə sərhəd rayonlarımızda, xüsusən Qaxda gürcülərin milli azlıq kimi yaşadığını bilirik, lakin onlar kifayət qədər Azərbaycan və rus dillərində danışa bilirlər. Fransaya gələn Azərbaycan “gürcüləri” isə, əllərində Azərbaycan pasportu olmasına baxmayaraq nə bizim dilimizdə, nə rus dilində danışa bilirlər. Təsəvvür edin ki, 20-25 il və daha artıq müddət Azərbaycanda yaşayasan və bu ölkənin dilini heç primitiv səviyyədə belə bilməyəsən, bu inandırıcı görsənmir”.

E.Məcidli həmçinin qeyd edib ki, daha öncə bəzi çeçenlərin özünü gürcü, bir çox erməninin də özünü gürcü kimi təqdim etməsini müşahidə edib: “Xüsusən, son razılaşma qüvvəyə mindikdən sonra Ukrayna və Gürcüstan vətəndaşları Fransada və digər Avropa Birliyi ölkələrində sığınacaq üçün müraciət edə bilməyəcəklər. Ermənistan vətəndaşlarının da artıq bir neçə ildir, müraciətləri qəbul olunmur və yaxud mənfi cavab verilir, proses öz ölkəsinin vətəndaşlığından imtinaya (apatrid) qədər gedir.

Beləliklə, Fransaya yenicə axını başlamış bu immiqrantların gəliş şəkili kifayət qədər şübhəlidir. Məsələn, Azərbaycan gürcüsü olduğunu və 20 il bu ölkədə yaşadığını iddia edən bir müraciətçinin dili bilməməsi bir kənara, qısa bir intervyu ilə Azərbaycana bələd olmadığını, ümumiyyətlə gündəlik məişət, mədəni mövzulardan belə bixəbər olduğunu görmüş oluruq. Əvəzində isə, əlində Şəki şəhərində verildiyi yazılan Azərbaycan pasportu var. Artıq bu hadisə, bir neçə dəfə təkrarlanıb, mənə elə gəlir ki, ölkə daxilində dövlət resurslarından istifadə edərək xarici millətlərə ölkə pasportumuzu satan cinayətkar qrup formalaşıb. Daha öncələr Azərbaycan pasportu ilə gələn pakistanlı belə görmüşəm! Ancaq, bu hadisələrin intensivləşməsi, dövlətin milli təhlükəsizlik atributlarından sayılan pasportun bu gün qanundan kənar kriminal alverin predmetinə çevrildiyi göstərir”.

E.Məcidli bütün jurnalistlərdən bu mövzunu araşdırmalarını xahiş edib: “Əminəm ki, ortaya ciddi informasiyalar çıxacaq. Bu həm də ölkənin təhlükəsizlik məsələsidir, düşmən və ya rəqib ölkənin vətəndaşının belə, asanlıqla milli pasportumuzu əldə etmə təhlükəsi yarandığından xəbər verir”.

Sevinc, musavat.com

22.02.2017

 

 

 

 

Print Friendly, PDF & Email