Снимок экрана 2016-11-27 в 4.33.28
Ölkədə mülkiyyətin kriminal bölgüsü aparılır:  ABU rektoru Elşad Abdullayevin əmlakını əlindən almaq üçün qardaşını oğurlayıblar – MTN İşi

Müxtəlif təhdidlərdən tutmuş adam oğurluğuna qədər bütün variantlar işə salınır, “əməliyyat”lara yüksək ranqlı məmurlar rəhbərlik edir

2005-ci ilin sonundan başlayaraq Azərbaycanda mülkiyyətin yenidən bölüşdürülməsinə başlanılıb. Mülkiyyətin yenidən bölgüsünə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra start verildi və bu günə qədər davam edir. 1997-ci ildən özəlləşdirməyə çıxarılan və özəl mülkiyyətə keçən müəssisələr sahiblərindən ən müxtəlif yollarla alınaraq (söhbət zorakı metodlardan, şantajdan, təzyiqdən, həbslə hədələməkdən gedir) iri oliqarxların və onlara yaxın adamların adına sənədləşdirilir. Bu zaman mülkiyyət sahibinin yerli və ya xarici vətəndaş olmasına qətiyyən məhəl qoyulmur.

Bu yaxınlarda WikiLeaks saytında yayılan Amerika məxfi teleqramlarında Xırdalandakı pivə zavodunun (indiki “Baltika-Bakı”) sahibi Jan-Pol Lafrançinin əmlakının prezidentin təhlükəsizlik xidmətinin rəhbəri Bəylər Əyyubov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova satması faktına da yer ayrılmışdı. Bəylər Əyyubov və Kərəm Həsənov Lafrançini şəxsən özləri təhdid ediblər: B.Əyyubov onun ofisi ilə əlaqə yaradaraq zavodun səhmlərinin 40 faizini ona satmağı tələb edib; Cəlilabad rayonundakı üzüm plantasiyasını K.Həsənov birbaşa özü xarici iş adamından təhdidlə alıb.
2005-ci ildə həbs edilən, yalnız əmlakı əlindən alındıqdan sonra azadlığa buraxılan, hazırda Türkiyədə yaşayan iş adamı Nurəddin Zülfüqarlı və Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada sığınacaq alan Elşad Abdullayevin əmlaklarının necə əllərindən alınması ilə bağlı açıqlamaları göstərir ki, mülkiyyətin yenidən bölüşdürülməsi sırf kriminal yolla həyata keçirilir (sonuncunun əmlakını əlindən almaq üçün qardaşını oğurlayıblar). Bu kriminal olayların başında isə dövlətin yüksək ranqlı məmurları durur.
Bu faktlar təbii ki, Azərbaycan adamını təəccübləndirmək iqtidarında deyil. Çünki ölkədə iş adamlarının əmlakının əlindən alınması sıradan bir xəbərə çevrilib. Kiçik sexlərdən tutmuş böyük zavodlara qədər müəssisələr qanuni sahiblərindən “qanunu yolla” alınır (müxtəlif təhdidlər yoluyla alqı-satqı müqaviləsini imzalamağa məcbur edilir, bəzi hallarda isə inadkar sahibkarlar belə müqavilələrə dəmir barmaqlıqlar arasında qol çəkməyə vadar olur). Ancaq burada söhbət ondan gedir ki, bu işlə orta səviyyəli məmur və ya polis rəisi yox, prezidentin komandasına daxil olan şəxslər birbaşa məşğul olub.
Bazar iqtisadiyyatının başlıca prinsiplərindən olan kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə heç bir təminat yoxdur. 2005-ci ilə qədər xarici investisiyalar müəyyən qədər bu tip risklərdən sığortalanmışdı. 2005-ci ildə hakimiyyət mövqeyini xeyli möhkəmləndirən indiki komanda xarici investisiyalara da təhdidlərə başladı. İlk olaraq “Azpetrol”un hollandiyalı təsisçilərinin (“Azpetrol İnternational Holdings B.V.”, “Azpetrol Oil Services Group B.V.” və “Azpetrol Group B.V.” şirkətləri,) əmlakı qanunsuz məhkəmə yoluyla əlindən alındı. Bir qədər sonra isə Azərbaycanın metallurgiya sənayesinə milyonlarla manat investisiya yatıran Hollandiyanın “Fondel Metal Participations B.V.” şirkətinin əmlakına “sahib” çıxdılar. Ardınca isə “Bakıelektrikşəbəkə”ni 25 illiyə idarəetməyə götürən Türkiyənin “Barmek” şirkəti ölkədən çıxarıldı.
Yüksək ranqlı məmurların bu prosesdə birbaşa iştirak etməsi onu deməyə əsas verir ki, əmlakın zorakı yollarla sahibindən alınması dövlət siyasətinə çevrilib. Bu faktlar həm də onu göstərir ki, məmurlar təkcə korrupsiyalaşmayıb, həm də kriminallaşıblar. Bu gün ölkədə maliyyə amnistiyası barədə təkliflər verilir. Ancaq maliyyə amnistiyası bu ölkədə heç nəyi dəyişməyəcək. Çünki ölkəni idarə edən oliqarxlar əmlaklarını leqallaşdırmaq barədə yox, daha çox oğurlamaq barədə düşünür.
Maliyyə amnistiyası o vaxt effektli olur ki, ölkədə ilkin kapital yığımı başa çatır və məmurlar əllərində olan kapitalı leqal biznesə yatırmağa can atır. Azərbaycan məmurlarında isə belə bir meyl yoxdur. Bir neçə oliqarx əmlakının yalnız bir hissəsini holdinqlər (“Gilan Holdinq”, “Paşa Holdinq”, “ZQAN Holdinq”, “ATA Holdinq”, “AZİNKO Holdinq”) yaratmaqla leqallaşdırıblar. Bu, məmurların istifadəsində olan real pul vəsaitlərinin kiçik bir hissəsidir. Qalan vəsaitlər isə çirkli pullardan ibarətdir və onu leqallaşdırmağa qətiyyən tələsmirlər. Əksinə, imkan düşdükcə, daha çox oğurlamağa can atırlar. Belə hesab edirlər ki, Azərbaycanda yaxın illərdə normal biznes mühiti olmayacaq və bu, heç lazım da deyil. Əsas məsələ daha çox pul yığmaq, xarici banklarda yerləşdirmək, daşınmaz əmlak əldə etməkdir (qanunu sahiblərindən zorla əlindən alınan müəssisələr çox vaxt işlədilmir, ən yaxşı halda onlara məxsus torpaqlarda çoxmərtəbəli yaşayış binaları tikilir). Belə olan halda maliyyə amnistiyasına nə ehtiyac var? Maliyyə amnistiyası elan edilsə də, bu, ölü doğulan sənəd olacaq.

Qadir İBRAHİMLİ
Print Friendly, PDF & Email